Əlaqə Arxiv
news Image
2018.10.05
07:00
| A A A
Ermənistan yeni qarşıdurmalarla çalxalanır
Elşən Mustafayev: “Ermənsitanda vəziyyətin qarışmasında birbaşa Kremlin əli var”

Ermənistanda növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi fonunda vəziyyət qarışıb. 

Qeyd edək ki, , bu günlərdə Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Buna etiraz olaraq Paşinyanın çağırışına əməl edən “Çıxış” blokunun deputatları parlamentin işini boykot edərək iclasdan çıxıblar. Qanun layihəsinin lehinə “Tsarukyan” bloku, “Daşnaksütyun” və Respublika Partiyası səs veriblər. Bundan hiddətlənən Paşinyan atılan addımı “əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. Elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xəyanət edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərmana imza atb. Ermənistan prezidenti Armen Sarkisyan da 6 nazirin istefaya göndərilməsi barədə fərman imzalayıb. Onu da bildirək ki, parlamentin qəbul etdiyi sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Bu fonda iddialar səslənir ki, Ermənistanda vəziyyəti qarışdıran Rusiyadır. Belə ki, Moskva Paşinyana etibar etmir. Düşünür ki, Paşinyan indiki halda parlament seçkiləri keçirib qalib gəlməklə, ölkədəki mövqeyini daha da möhkəmləndirəcək. Belə olan halda isə Kremlin İrəvana təsir imkanları müəyyən qədər darala bilər. Moskvanın bu əndişəsi Paşinyanın Rusiyanın marağının əksinə olaraq, qərbpərəst siyasətindən qaynaqlanır. Belə bir durumun yaranması Kremli qane etmədiyindən, aydın məsələdir ki, Rusiya Ermənistandakı hazırkı hökumətin hərəkətlərinə münasibətdə sadəcə seyrçi olaraq qalmayacaq. 
Politoloq Elşən Mustafayevin fikrincə, Ermənistanda vəziyyəti gərginləşdirən birbaşa olaraq Rusiyadır: “Sözsüz ki, Rusiya üçün Sarkisyan və Köçəryanın “Qarabağ klanı” ilə əməkdaşlıq etmək özünün qərbpərəstliyilə seçilən Paşinyanla əməkdaşlıq etməkdən daha əlverişlidir. Bu mənada Köçəryanın bir müddət əvvəl yenidən aktiv siyasətə qayıtmasını bəyan etməsi də sözsüz ki, Rusiyanın ssenarisidir. 
Köçəryan birbaşa Rusiyanın siyasi və iqtisadi dairələrinə bağlı olan insandır. İndi Ermənistanda cərəyan edən proseslər də bu mənada qabaqcadan planlaşdırılan aksiyadır. Baş nazir təyinatı ikinci dəfə alınmayanda bilirsiniz ki, Ermənistan qanunlarına görə parlament buraxılmalıdır. O zaman yeni parlament seçkiləri keçirilməlidir. Parlamentin atdığı addımla isə Paşinyanın istəyilə qanunverici orqanın buraxılması məsələsi öz hüquqi qüvvəsini itirir. Ona görə də indi təkcə “Qarabağ klanı” deyil, “Daşnakstüyun” və “Çiçəklənən Ermənistan” partiyaları da Paşinyan əleyhinə getməyə başlayıb. Bu da prosesin birbaşa Moskvadan idarə olunduğuna işarədir. 
Görünən odur ki, Kremldə Paşinyanla bağlı əməliyyata start verilib. Amma bu əməliyyatın hansı sonluqla nəticələnəcəyi barədə öncədən fikir bildirmək çətindir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək. Hələlik Paşinyanın əlində təsir imkanları qalır. Söhbət ölkənin aşağı və orta təbəqəsindən gedir. Son aksiya da göstərdi ki, bu qüvvələr hələlik Paşinyana inanır. Qarşı tərəf isə ötən müddət ərzində həmin təbəqələrin dəstəyini qazana bilməyib. Parlamentin qəbul etdiyi qərar Paşinyanın marağına cavab vermədiyindəndir ki, dərhal əhalini meydana səslədi. Dərhal da Ermənistan parlamentinin ətrafı həmin insanlarla dolub. Ermənistandakı bu siyasi gərginlik hələ çox davam edəcək. Onun həll olunması bir-iki gün, bir ayın işi deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsilə isə düşmən ölkədə siyasi münasibətlər öz yerini tutacaq. Seçkilər bu ərəfədə keçirilsə, Paşinyan blokunun qalib gəlmə şansı böyükdür. “Qarabağ klanı” isə parlametndə cüzi yerə sahib olacaq, hətta ola bilsin, onlar ümumiyyətlə, qanunverici orqanda təmsil olunmaqdan kənarda qalsın. Belə olan halda da Moskva artıq mövcud siyasi liderlərlə işləməyə məcbur olacaq. 
Demək istədiyim odur ki, Ermənistanda cərəyan edən hazırkı qarşıdurmada birmənalı olaraq Moskvanın əli var. Ölkədə vəziyyəti qarışdıran Rusiyadır. Diplomatik görüşlərdə Putinin Paşinyana münasibətdə sərgilədiyi nəzakət onu deməyə əsas vermir ki, Rusiya Ermənistandakı son dəyişiklikdən məmnundur. Əsla. Köçəryanın birdən-birə aktivləşməsi də məhz Rusiyadan gələn göstərişin nəticəsidir. Çünki, Rusiyanın burada inandığı yeganə qüvvə “Qarabağ klanı”dır. Həmin qüvvələr əvvəllər olduğu kimi yenə də Kremlin qanadı altındadır. Onlar indiyə kimi can-başla Rusiyaya xidmət edir. Bu mənada hesab edirəm ki, qarşıdırma ab-havasına şimaldan dəstək olmasaydı, “Qarabağ klanı” ümumiyyətlə, revanşa getməyə belə cürət etməzdi. Əksinə, onlar çoxdan ölkədən qaçardılar. Görünür, arxalarında ciddi təsir imkanı olan qüvvə var ki, onlar da rahatlıqla Ermənistanda vəziyyəti gərginləşdirməyə cəsarət edirlər. Burada birbaşa Kremlin barmağı var.”   
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz