Əlaqə Arxiv
news Image
2018.10.06
10:30
| A A A
Moskvadan İrəvana Qarabağ iradı
Elşən Manafov: “Rusiya XİN sözçüsünün bəyanatı Paşinyan komandasına yönəlik xəbərdarlıqdır”

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meylləri alqışlayırıq. İndi onları ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır”. Bu fikirləri Rusiyanın XİN sözçüsü Mariya Zaxarova dilə gətirib.

O, Dağlıq Qarabağ probleminə dair son görüşlər və münaqişənin həllində Rusiyanın rolu barədə danışarkən deyib: “Biz də öz tərəfimizdən bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcəyik”. Məlumdur ki, Qarabağ danışıqlarında müsbət meylləri zədələyən Ermənistandır. Ona görə demək olar ki, Rusiyanın bu xəbərdarlığı birbaşa Ermənistana ünvanlanıb.
Politoloq Elşən Manafov qeyd etdi ki, Zaxarovanın həmin xəbərdarlığı birbaşa olaraq Paşinyana ünvanlanıb:
“Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Qarabağ münaqişəsinin həlli istiqamətində yaranan müsbət meylləri ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirməyin vacib olduğunu deməsi İrəvanla Moskva arasında hazırkı münasibətlərin gərginliyi fonunda əlbəttə, müəyyən mənada Ermənistanın indiki Paşinyan iqtidarına bir mesaj kimi qəbul olunmalıdır. Hərçənd Rusiya ATƏT-in Minsk qrupundakı həmsədr ölkələrdən biri kimi, dolayısı ilə güman edirəm hər iki tərəfi ehtiyatsız verilən bəyanatlardan uzaq olmağa çağırır. Etiraf etmək lazımdır ki, Azərbaycanın özündə də, ölkə siyasətçilərinin məsələnin çözülməsinə dair münasibəti birmənalı deyil. Təbii ki, Azərbaycanda müxalifətin bu məsələyə münasibəti bir qayda olaraq iqtidarın münasibətindən fərqli olub. Bir həftə əvvəl Qarabağla bağlı keçirilən son mitinqdə müxalifətin məlum kəsiminin verdiyi bəyanatları da Rusiyanın müvafiq qurumları tərəfindən cəmiyyətin bu məsələdə mövqeyi kimi də qəbul oluna bilər. Amma həmin aksiyaya toplaşanların 2 mindən çox olmadığını nəzərə alsaq, birmənalı şəkildə aydın olur ki, Azərbaycan xalqı və cəmiyyəti problemin çözülməsində ölkə iqtidarı və şəxsən cənab Prezidentin mövqeyini birmənalı şəkildə dəstəkləyir. 
Azərbaycan problemin məhz danışıqlar və sülh yolu ilə çözümünün tərəfdarıdır. Hətta Paşinyanın ilk dövrlərdə müharibə ritorikalı bəyanatlarla çıxış etməsinə baxmayaraq, Azərbaycan tərəfi Ermənistanı məhz danışıqlar prosesinə xələl gətirə biləcək mövqedən çəkinməyə, Minsk qrupu qarşısında götürdüyü öhdəliklərə sadiq qalmağa çağırıb. Bu, ondan irəli gəlmir ki, Azərbaycan problemin çözülməsi üçün digər variantları istisna edir, hansısa amillərə görəsə bundan çəkinir. Onsuz da tərəflər Azərbaycanın Cənubi Qafqazın lider dövləti, güclü orduya malik olması faktını anlayırlar. Ona görə də hər bir vəchlə Azərbaycanı problemin müharibə yolu ilə həlli variantından çəkindirməyə çalışırlar. Düşünürəm ki, Zaxarovanın sözügedən bəyanatı əslində, elə  Ermənistan iqtidarına ünvanlanıb. 
Ermənistanın indiki  iqtidarının problemin çözülməsi istiqamətində fəaliyyətində hələlik əvvəlkilərlə müqayisədə ciddi fərqlərin olduğunu müşahidə etmirik. Sadəcə, indilikdə düşündürücü amil odur ki, Düşənbədə Azərbaycan Prezidentilə görüşdə Paşinyan bir qədər ehtiyatlı mövqe sərgiləməli olub. Zənn edirəm ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin baş tutacağı ana qədər İrəvandakı mövcud iqtidar Düşənbə görüşündə əldə edilən razılıqlardan fərqli bir mövqe sərgiləməyəcək. Rusiya bölgədə sabitliyin qalmasında maraqlıdır. Moskva Ermənistana Qərbə ünvanlanan hərəkətləri fonunda müəyyən məsləhətlər  verir. Paşinyanın manevr etmək istəyi və hələ də Rusiya ilə Qərbə meyllənmək istiqamətində konkret seçim edə bilməməsi, şimal ölkəsi rəsmiləri və diplomatların diqqətindən yayınmayıb. Ona görə Rusiya XİN sözçüsünün həmin bəyanatı Paşinyan komandasına yönəlik xəbərdarlıqdır. Bu da bütövlükdə Ermənistanın siyasi klanına edilmiş xəbərdarlıq kimi başa düşülməlidir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz