Əlaqə Arxiv
news Image
2018.10.08
10:20
| A A A
Bakı diplomatik müstəvidə İrəvanı yenə sərt zərbələr altında qoyur
Rufiz Qonaqov: “Bu fakt Azərbaycanın həyata keçirdiyi xarici siyasətin uğurlu olmasını göstərir” Tofiq Abbasov: “Hazırda həmin şəxslər Azərbaycan qarşısında özlərini təqsirli bilərək, rəsmi müraciət edirlər”

Azərbaycan Xarici İşlər Nazirliyinə  adlarınn  “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılması üçün müraciət edən əcnəbilərin sayı artır. Bununla da erməni toruna düşüb işğal olunmuş ərazilərə gedən əcnəbilərin sayı azalır. Məsələn, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. 

Siyasilərin fikrincə, bu cür xahişlər həm də siyasi məna kəsb edir. Hansı ki, Ermənistan bundan dərs götürməlidir.  Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirir ki, bu fakt Azərbaycanın həyata keçirdiyi xarici siyasətin uğurlu olmasını, dayanıqlı iqtisadi inkişafını, dünyada Azərbaycanın imicinin güclənməsini, ölkəmizin qonşu və dünya dövlətləri ilə uğurlu siyasət apardığını, həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini göstərir: “Yəni,  Azərbaycanla Ermənistan müqayisə oluna bilməz. Hazırda Ermənistanda sistem çöküb və ölkə siyasi, iqtisadi böhran yaşayır. Belə bir şəraitdə isə Azərbaycanın bütün sahələrdə inkişaf etməkdə olan ölkəyə, dünyada söz sahibinə çevrilməsini, diplomatiya, idman, mədəniyyət, multikulturalizm sahələrində əldə etdiyi uğurları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayının artmasını sadə vətəndaşlardan tutmuş diplomatlara qədər hamı aydın görür. Vaxtı ilə erməni toruna düşmüş insanlar da artıq reallıqları başa düşürlər. Təbii ki, onlar bunu istəmədən ediblər. İndiki əməlləri isə onu göstərir ki, Azərbaycanla əməkdaşlıqda niyyətlidirlər”.
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, “qara siyahı”ya düşənlərin çoxu öz istəkləri ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qədəm qoymayıblar: “Onlar Ermənistana gedib və Ermənistandakı bəzi siyasi oyunbazlar onları müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına aparıblar. Bununla da onları fakt qarşısında qoyublar. Bu məsələ birbaşa Ermənistan dövlətinin təxribatçı olmasından xəbər verir. 
İnsanlar sonradan anlayıblar ki, çıxılmaz vəziyyətə düşüblər. Bu vəziyyətdən xilas olmağın ən yaxşı yolu isə Azərbaycan dövlətinə rəsmi müraciətdir. Bütün dünyaya məlumdur ki, Azərbaycan heç bir dövlətə təhdid törətmir. Amma Ermənistan tarixən qonşulara torpaq iddiasında olub. Bunun üçün zaman-zaman müxtəlif planlar qururlar ki, bu da insanların marağında olan məsələ deyil. Hazırda həmin şəxslər Azərbaycan qarşısında özlərini təqsirli bilərək, rəsmi müraciət edirlər. Müraciətlərini də ictimailəşdirirlər ki, onları təxribata çəkən Ermənistandır. Rəsmi İrəvan artıq başa düşməlidir ki, onun bu cür gedişləri heç bir fayda vermir. Bu işdə Azərbaycanla əməkdaşlıq edən dairələr ölkəmizin imicinə xələl gəlməsinə imkan verməzlər”.
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz