Əlaqə Arxiv
news Image
2018.10.08
10:22
| A A A
Gürcüstanın da Ermənistana qarşı Azərbaycanla birgə hərəkət etməsi zərurətə çevrilir
Vəli Əlibəyov: “Tanınmayan, separatçı rejimlərin əməkdaşlıq ideyası və buna dəstək verilməsi həm İrəvan, həm də başqa ölkələrdən qaynaqlanır” Zəlimxan Məmmədli: “Azərbaycan və Gürcüstan bu məsələdə eyni platformanı bölüşməlidirlər”

Ermənistan Gürcüstandakı separtçılara da hərtərəfli dəstək verir. Sentyabrın 27-də separatçı “Abxaziya respublikası” rəhbərliyinə İrəvanın mətbəxində hazırlanmış təbrik məktubunun göndərilməsi bunu təsdiq edir. Belə ki, Suxuminin işğalının 25 illiyi və Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xadjimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik göndərən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan oldu. Belə vəziyyətdə gürcü tərəfinin erməni separatizminə qarşı Azərbaycanla birgə hərəkətə keçməsi, ən azından Ermənistanın iqtisadi blokadasının güclənməsinə yardım etməsi gündəmə gəlir. 

Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Vəli Əlibəyov bildirir ki, təbrik məktubunu Abxaziya liderinə Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan göndərib: “Buna baxmayaraq, tanınmayan, separatçı rejimlərin əməkdaşlıq ideyası və buna dəstək verilməsi həm İrəvan, həm də başqa ölkələrdən qaynaqlanır. Düzdür, bu məktubu Gürcüstanın Azərbaycanla birgə hərəkətə keçməsinə səbəb olmayacaq. Çünki bu kimi məktubları separatçı rejimlər biri-birinə uzun illərdir ki, ardıcıl olaraq göndərirlər. Xatırladaq ki, hələ 1992-ci ildə “Tanınmamış dövlətlər ittifaqı” təsis edilmişdi. Burada Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ adlı qondarma qurumlarla yanaşı, həmçinin Bosniya və Herseqovina və Xorvatiya ərazilərində yaranmış qondarma Serb respublikası və Serb Krainası da təmsil olunurdular. 1995-ci ilin yayında Xorvatiyada həyata keçirilən hərbi həmlə nəticəsində Serb Krainasının mövcudluğu sona çatmış, həmin ilin noyabrında isə “Deyton razılaşmaları”na uyğun olaraq Serb respublikası Bosniya və Herseqovinanın tərkibində status alaraq bu qurumda fəaliyyətini dayandırdı. Fəaliyyəti bir-biriləri ilə məktublaşmaq, ara bir görüşməklə yekunlaşan, qondarma dövlətlərdən ibarət bu qurumun fəaliyyəti iflic vəziyyətə düşmüşdü. Bu səbəbdən də, 2000-ci ildə Tiraspolda “Tanınmamış dövlətlər ittifaqı-2” yaradılmışdı. Buraya isə, keçmiş sovet məkanının separatçı rejimləri daxildirlər. Qondarma bayramlarında məktublaşmaq bu qondarma rejimlərin əsas fəaliyyəti sayılır. Bu səbəbdən, artıq heç kəs onları ciddiyə almır. Rəsmi İrəvanın isə Abxaziya rəhbərini təbrik etməyə cəsarəti çatmaz”.
«Borçalı» İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, erməni xisləti bəllidir: “Erməni bölgədə türk dövləti olaraq Azərbaycanın inkişafının əngəllənməsi üçün yaradılan buxovdur. Həmçinin Gürcüstanın da ram edilməsi istiqamətində müəyyən layihələrə malik olan mərkəzdir. Bunun da arxasında duran dövlətin kim olması hər kəsə bəllidir. Təəssüf ki, bu, qonşumuz Rusiyadır. 
Məlumdur ki, Gürcüstanda separatçılar var. Xüsusən də Cavaxetiya bölgəsi əsas ocaqlardan biridir. Onların sepratçıları dəstəkləməsi, hətta azərbaycanlılar içərisindəki separatçıları himayə etməsi sirr  deyil. Amalları eynidir, Azərbaycanı, Gürcüstanı inkişafdan saxlamaq, diqqəti daxili çəkişmələrə cəmləmək xətti tutublar. Belə olan halda Azərbaycan və Gürcüstan bu məsələdə eyni platformanı bölüşməlidirlər. Xarici siyasət, iqtisadiyyatın uzlaşdırılması, islahatların bir-birini tamamlaması, siyasi oriyentasiyanın müəyyən olunmasında eyni platformanı bölüşmələri önəmli şərtdir. Hətta imkanları daxilində regional hərbi təhlükəsizlik məsələlərində müəyyən öhdəliklər götürə bilərlər. Düzdür, bəzi sənədlər imzalanıb, amma yetərli deyil”.
Mübariz BAYRAMOV
  

Sizin Reklam Yeriniz