Əlaqə Arxiv
news Image
2018.10.09
09:00
| A A A
Azərbaycan düşməni lərzəyə salan raketlərin yeni modellərini də alacaq?!
Üzeyir Cəfərov: “Ehtiyac olarsa, hesab edirəm ki, Azərbaycan rahat şəkildə “Polonez-3” raket kompleksini almaq gücündədir” Azad İsazadə: “Mütəxəssislər məsələyə baxıb, onu qiymət və keyfiyyət baxımından qiymətləndirməlidir”

Belaruslu ekspert Yuri Şevtsov bildirir ki, ölkəsində “Polonez-3” modeli hazırlanır və Azərbaycan bu modeli ala bilər. 

Qeyd edək ki, Azərbaycan bir çox ölkələrdən silah və hərbi texnika alır. Bu ölkələr sırasında Belarus da mühüm yer tutur. Azərbaycana bağlanan müqavilə nəticəsində artıq əvvəlki nəsil “Polonez”lər ölkəmizə gətirilib. Ölkəmizin bu raketlərə sahib olması düşmən və işğalçı ölkəni ciddi narahat edib. Bir daha xatırladaq ki,  Belarus istehsalı olan “Polonez”  raket kompleksi ordumuzun arsenalına yeni daxil edilib. “Polonez” in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqədir. Bir döyüş maşınında 8 raket olur.    Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Raket kompleksi GPS və İNS sistemləri ilə idarə olunur.
Yuxarıda deyildiyi kimi, Belarus indi “Polonez”lərin 3-cü nəslini buraxmağa hazırlaşır. “Polonez-3”lər əvvəlki nəsil raketə nisbətən atış vaxtına daha çox qənaət edilir. Hədəfi vurmaq üzrə məsafə də artırılıb. Üçüncü nəsil “Polonez”lər ən azından əvvəlkilə müqayisədə 50-70 km daha uzağı dəqiq vurmağı bacarır. Burada şəxsi heyətin əlçatatanlığı baxımından idarəetmədə də yeniliklər həyata keçirilib. 
Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, ehtiyac yaranacağı təqdirdə, Azərbaycan sözsüz ki, öz hərbi arsenalını “Polonez-3”lərlə də zənginləşdirəcək: “Bilirsiniz ki, ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin hərbi sənaye kompleksinə daxil olan bir sıra müəssisələri ziyarət edib. Bu ziyarəti nəticəsində o, hərbi sənaye kompleksinin inkişafı istiqamətində bəzi göstərişlər də verib. Bu tapşırıqlar sırasında həmin “Polonez” raketləri ilə bağlı məsələ də var. 
Zaman-zaman Belarus mütəxəssisləri hərbi sahədə texniki göstəriciləri təkmilləşdirməklə məşğul olublar. Belarus keçmiş SSRİ məkanında güclü hərbi sənaye kompleksinə malik olan respublikalardan biri olub. Müstəqillik əldə etdikdən sonra isə Belarusun bu istiqamətdə imkanları daha da genişlənib. Fikrimcə, hələlik alınan “Polonoz” tipli raketlər Azərbaycanın tələbatını ödəyə biləcək qədərdir. Amma ehtiyac yaranacağı təqdirdə, Belarusdan hər hansı bir hərbi texnikanı, o cümlədən “Polonez”ləri almağımız problem deyil. Hələlik Belarusdan aldımız bu tip raketlər düşünürəm ki, yetərlidir. Əlavə nəyəsə ehtiyac olarsa, hesab edirəm ki, Azərbaycan rahat şəkildə həmin raket kompleksini almaq gücündədir. 
Belarus hər zaman buna razılıq verib və verəcək. Baxmayaraq ki, onlar torpaqlarımızı işğal altında saxlayan Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. 
Raket artileriya qoşunları üçün də Belarus ən müasir avadanlıqlara malikdir. Azərbaycan da bu ölkəyə haçan müraciət edib, Belarus ona müsbət cavab verib. Bir müddət öncə Azərbaycan müdafiə naziri Zakir Həsənov belaruslu həmkarının dəvətilə Belarusda oldu. Belarusun yüksək rütbəli hərbçiləri isə bu günlərdə Bakıda başa çatan hərbi sənaye kompleksi üzrə silah sərgisində iştirak edib. Bir sözlə, iki ölkə arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələr də imkan verir ki, Azərbaycan Belarusun imkanlarından kifayət qədər yararlansın. Ümumiyyətlə, Belarus prezidenti Azərbaycana hər zaman isti münasibət bəsləyib. Çünki, Belarusun ən ağır vaxtlarında ölkəmiz tərəfindən bu ölkəyə təmənnasız olaraq neft və neft məhsulları, həmçinin maliyyə dəstəyi verilib.  Bu mənada Belarus böyük məmuniyyətlə Azərbaycana “Polonez-3”ləri də sata bilər. Bu istiqamətdə hər hansı bir problemin olacağını düşünmürəm. Hələlik, ən azından 2018-ci il üçün fors-major hadisəsi yoxdur ki, yeni “Polonez”ləri alaq. Ehtiyac yaranacağı təqdirdə, onun həll edilməsi ölkəmiz üçün problemli olmayacaq”. 
Hərbçi-ekspert Azad İsazadə məsələyə belə münasibət bildirdi: “Niyə də mümkün olmasın, mümkündür. Hər şey “Polonez-3“lərin hansı xarakteristikaya malik olmasından asılıdır. Əvvəl alınan “Polonez”lərdən əhəmiyyətli dərəcədə fərqlənirsə, sözsüz ki, ala bilərik. 
Mütəxəssislər məsələyə baxıb, onu qiymət və keyfiyyət baxımından qiymətləndirməlidir və yalnız bundan sonra həmin istiqamətdə qərar qəbul edilə bilər”. 
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz