Əlaqə Arxiv
news Image
2018.10.09
10:03
| A A A
Azərbaycan Cənubi Qafqazda Fransanın əsas müttəfiqinə çevrilir
Siyasi münasibətlər iqtisadi əlaqələrin fövqündə möhkəmlənir

Avropanın daha bir inkişaf etmiş ölkəsi Azərbaycanla münasibətlərini yüksək tərəfdaşlıq səviyyəsinə yüksəltmək yoluna çıxıb. Avropa İttifaqının iki ən muhüm dövlətindən biri olan Fransa Respublikasının prezidenti bu həftə Cənubi Qafqazın müharibə şəraitində olan iki ölkəsinə-Azərbaycana və Ermənistana səfər edəcək. Səfərin məqsədlərini nəzərdən keçirəndə belə məlum olur ki, Fransa prezidenti Emmanuel Makronun əsas məqsədi Azərbaycanla münasibətlərin səviyyəsini yüksəltməkdir. Çünki, o, İrəvanda sadəcə, bir beynəlxalq tədbirə qatılacaq. Vəssalam. Nə bir saziş, nə bir hökumətlərarası əməkdaşlıq istiqaməti... Ona görə ki, Ermənistanın müstəqilliyi və mövcudluğu kağız üzərindədir. Bu ölkənin elə bir təbii sərvəti, yaxud inkişaf etmiş iqtisadiyyatı yoxdur ki, hər hansı müştərək fəaliyyətə imkan olsun. Üstəlik, Kremlin diktəsi ilə hərəkət edən Ermənistan rəhbərliyi Suriyaya hərbi bölük göndərmək fikrinə düşüb. Bu isə Paşinyan hökumətini vəzifəyə gətirən Qərbə qarşı açıq çıxış deməkdir. Çünki, Suriyada Rusiyanın mənafeyinə zərbə vuran Qərb koalisiyasıdır və Fransa da bu koalisiyada yer alıb. İndi hansı əsasla Emmanuel Makron Ermənistanla bir cərgədə addımlaya və ya ona dövlət tərəfindən yardım edə bilər. 

Azərbaycana gəldikdə vəziyyət bambaşqadır. Müstəqil dövlət kimi özünəməxsus balanslı siyasət yürüdən ölkəmizin sürətli inkişafı, müasir iqtisadiyyatın bütün parametrləri üzrə əldə etdiyi nailiyyətləri genişləndirmək üçün hərtərəfli potensiala malikdir. Və ən əsası iş görmək üçün yaxşı kapitala malikdir. Həm insan resursları, həm də valyuta ehtiyatı hər cür layihəni həyata keçirməyə şərait yaradır.
Əvvələn, Azərbaycanda 50-ə qədər Fransa şirkətləri fəaliyyət göstərir. Total-ARDNŞ əməkdaşlığı  20 ildən çoxdur uğurla davam edir. Yarandığı ilk ildən Fransız-Azərbaycan Universitetinin çox böyük müvəffəqiyyətlə işləyir. Ötən illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, və təhsil sahəsində əlaqələr dərinləşib. Ölkələrimiz arasında bütün səviyyələri əhatə edən siyasi dialoq mövcuddur.  2016-cı ilin may ayında 30-a yaxın fransız şirkət təmsilçilərinin Azərbaycana uğurlu səfəri baş tutub. Azərbaycanın  güclü  iqtisadi potensialı  və iqtisadiyyatının həyata keçirilməkdə olan diversifikasiyası yeni şirkətlərin əməkdaşlığa cəlb olunmasında gözəl nəticələr verir. Fransızlar Azərbaycanın prioritet saydığı nəqliyyat və turizm sektorlarına, həmçinin Avropa təchizatının çoxşaxəli olmasına töhfə verə biləcək Cənub Qaz Dəhlizinə ciddi maraq göstərirlər.  
Fransa-Azərbaycan Universitetinin əla təmir olunmuş binası ilə bu təhsil ocağının həyatında yeni mərhələ yaşanılır. 200-dən çox tələbə burada kimya, geofizika, elektromexanika və neft ixtisasları üzrə təhsil alır. Tədris Strasburq və Ren universitetləri ilə Neft və Sənaye Universiteti arasındakı əməkdaşlıq sayəsində həyata keçirilir. Bununla yanaşı, Bakı Fransız Liseyində şagirdlərə fransız modeli əsasında baxçadan universitetədək tam təhsil verilir. 
Makronun bölgəyə səfəri ilə bağlı Fransanın “La Tribune” qəzeti məqalə dərc edib. Yazıda bildirilir ki, Makron Bakıda Dağlıq Qarabağ konfliktini müzakirə edəcək. Fransa-Azərbaycan əlaqələrinə yeni töhfə verəcək ikinci istiqamətin anonsu da bu məqalədə verilib: “Bundan əlavə, səfərin gündəliyinə Azərbaycan hökuməti ilə ”Naval Group" hərbi şirkəti arasında bu ölkədə hərbi gəmilərin (OPV-90) inşası haqda kontrakt imzalanacaq”. 
“Naval Group” şirkəti ötən ay Bakıda keçirilən ADEX-2018  Beynəlxalq Müdafiə Sərgisində öz hərbi məhsulları ilə qatılmışdı. Bu, Fransanın Bakı hərbi sərgisində ilk iştirakı idi. Yeri gəlmişkən, Qarabağın işğalı zamanı Fransadakı erməni lobbisinin fəaliyyəti nəticəsində bu ölkədən Ermənistana döyüş sursatlarının və silahların xəlvəti göndərilməsinə dair ötən əsrin 90-cı illərinin mətbuatında tez-tez məlumatlar dərc olunurdu. Ancaq indi artıq dövlətlərarası rəsmi müqavilə ilə Azərbaycan bu ölkənin yardımı ilə hərbi gəmilər istehsal etməyi planlaşdırır. 
Belə görünür ki, Bakı səfəri və bu səfər çərçivəsində imzalanacaq ilk mühüm kontraktın ardınca ikitərəfli münasibətlər daha dinamik inkişaf edəcək və Azərbaycana hərbi təyinatlı fransız silahların verilməsinə zəmin yaradacaq. 
Avropa İttifaqının Azərbaycanla əlaqələrinin möhkəmlənməsində Fransa hökumətinin rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Emmanuel Makronun bu səfəri bu əlaqələrin inkişafına yeni təkan verəcəyi şəksizdir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz