Əlaqə Arxiv
news Image
2018.10.10
09:15
| A A A
Hərb müstəvisində Ermənistan daha bir xəbərdarlıq aldı
İbrahim Rüstəmli: “Azərbaycan yalnız hava qüvvələrinə görə yox, bütün qoşun növlərinə görə Ermənistanı üstələyir” Azad İsazadə: “Ermənistan hər dəfə bu cür hesabatlardan özünə pay götürür”

Azərbaycan Ordusunun düşmən qüvvələri qarşısında üstün olması növbəti bir təşkilat tərəfindən ictimailəşdirildi.  Belə ki, “Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Ən güclü 100 Hərbi Hava Qüvvəsinin yer aldığı siyahıda Azərbaycan 62-ci yerdədir. Ermənistan isə 85-ci yerdə qərarlaşıb. Ekspertlərin fikrincə, bu üstünlüyün beynəlxalq miqyasda bəyan edilməsi Ermənistan üçün ciddi mesaj verir. 

Ehtiyatda olan polovnik-leytenant İbrahim Rüstəmli bildirir ki, həmin statistikanın beynəlxalq aləm üçün əhəmiyyəti var: “Azərbaycan üçün isə qaranlıq nəsə yoxdur. Azərbaycan yalnız hava qüvvələrinə görə yox, bütün qoşun növlərinə görə Ermənistanı üstələyir. 
Ermənistanda nizami ordu haqqında danışmaq olmaz. Azərbaycanda isə ordu quruculuğu prioritet məsələ elan olunub. Çünki ordu milli maraqların təminatında xüsusi önəm daşıyır. Digər tərəfdən, insan resurslarına görə də Ermənistanı xeyli dərəcədə üstələyirik. Azərbaycan insanı nəyə görə döyüşdüyünü, əyninə əsgər libasını nəyə görə geyindiyini gözəl anlayır. O bilir ki, onun torpağı yağmalanıb. Bu torpağı yağıdan azad etmək onun borcudur. Bu mənada Azərbaycan əsgəri üçün motivasiya var. 
Azərbaycanda ordu quruculuğunun prioritet elan olunması ictimaiyyət tərəfindən dəstəklənir. Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Erməni ictimaiyyətində fikir müxtəlifliyi var. Hakimiyyətin istəyinə rəğmən, sadə erməni öz övladının Qarabağda savaşmasını istəmir. Erməni cəmiyyəti Qarabağı Ermənistan üçün yük hesab edir. Bu mənada yalnız hava qüvvələrinə görə yox, bütün ordu səviyyəsində düşməndən üstünük. Beynəlxalq təşkilatın bu statistikası Ermənistan üçün ciddi mesajdır. Ermənistan bilməlidir ki, Azərbaycan nə vaxtsa o torpaqları azad edəcək. Bu, onun ideoloji xəttində dayanan məsələdir”. 
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, reytinq şərti anlayışdır: “Heç bir dövlət 100 faizlik havadan müdafiə sisteminə malik deyil. Çünki bu, daimi gedən prosesdir. Yeni silahlar, bombalar, raketlər, təyyarələr icad olunur. Yaxud da onlara qarşı yeni sistemlər yaradılır. Lakin bu, o demək deyil ki, Azərbaycan özünün havadan müdafiə sistemini qurmamalı, təkmilləşdirməməlidir. Düzdür, Azəbaycanın havadan müdafiə sistemi daha güclüdür. O da məlumdur ki, Azərbaycana konkret Ermənistan tərəfindən zərbə gələ bilər. Reytinq isə göstərir ki, Ermənistanın hava qüvvələrinə qarşı kifayət qədər gücümüz var”. 
Ekspert əlavə etdi ki, Ermənistan hər dəfə bu cür hesabatlardan özünə pay götürür: “Digər tərəfdən isə özünün zəif olduğunu görür”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz