Əlaqə Arxiv
news Image
2018.10.11
08:00
| A A A
Azərbaycan Qarabağ məsələsində daha sürətlə öz məqsədinə doğru irəliləyir
Elman Məmmədov: “Azərbaycan addım-addım ümumi məqsədə, qələbəyə doğru yaxınlaşır” Azər Həsrət: “Dövlət başçısı tərəfindən belə qətiyyətli mövqeyin səsləndirilməsi mütləq şəkildə Azərbaycan dövlətinin qərarlığının göstəricisidir”

Nazirlər Kabinetinin cari ilin 9 ayınının yekunlarına həsr edilmiş iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsinə də toxunaraq İrəvanın danışıqların formatını dəyişmək cəhdlərinin nəticə vermədiyini diqqətə çatdırıb: “Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.

Dövlət başçısı həmçinin Azərbaycanın hərbi qüdrətinin daha da yüksəldiyini bildirib: “Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.
Həmin iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısının səsləndirdiyi bu fikirlər fonunda demək olarmı ki, Azərbaycan konfliktin çözümü istiqamətində daha sürətlə öz məqsədlərinə doğru yaxınlaşır?
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Azərbaycan Qarabağ konfliktinin həlli istiqamətində məqsədinə daha sürətlə yaxınlaşmağa başlayıb: “Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha sürətlə öz məqsədinə doğru irəliləyir.  Bunu həmin istiqamətdə bu günə qədər hərbi-diplomatik müstəvidə görülən tədbirlər də təsdiqləyir. 
Danışıqların formatı, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətlərinin bu məsələdə mövqeyi də göstərir ki, Azərbaycan torpaqlarımızın azad edilməsi istiqamətində ardıcıl olaraq qarşıya qoyulan məqsədə yaxınlaşır. Bu yaxınlarda məsələ ilə bağlı Almaniya tərəfindən mövqe sərgiləndi. Onlar da bəyan etdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və problem ədalətli şəkildə həllini tapmalıdır. Dağlıq Qarabağ da daxil olmaqla 7 rayon Azərbaycana qaytarılmalıdır. Bunun özü cənab Prezidentimizin apardığı uğurlu xarici siyasətin nəticəsidir. 
Ölkəmizdə bütün sahələrdə irəliləyiş, inkişaf, iqtisadiyyatımızın daha da güclənməsinin, bunun müqabilində ordumuzun da möhkəmlənməsinin şahidi oluruq. Cənab Prezident də son müşavirədə bir daha bəyan etdi ki, Azərbaycan Ordusu  dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Həmçinin, bir daha vurğuladı ki, ordumuzu günü-gündən daha da gücləndirməli, ən müasir silahlarla təmin etməli, döyüş qabiliyyətini yüksəltməliyik. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan addım-addım ümumi məqsədə, qələbəyə doğru yaxınlaşır. Bu birmənalıdır”.  
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, sözügedən iclasda Azərbaycan Prezidenti tərəfindən Dağlıq Qarabağ məsələsilə bağlı qətiyyətli mövqeyin bir daha ifadə edilməsi münaqişənin çözülməsi üçün ilkin addımların atılması hesab edilə bilər: “Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına dair iclasında dövlət başçısı Dağlıq Qarabağ məsələsinə də toxunaraq bir daha Azərbaycanın mövqeyini Ermənistanın diqqətinə çatdırdı. Ermənistan və onun arxasında dayanan qüvvələr anlamalıdır ki, Azərbaycanın səbrinin də bir həddi var. Yəni, müəyəyn bir yerə qədər dözə bilər, danışıqlara önəm verə, masa arxasında otura bilərik. Amma masa arxasında oturmaq əbədi olmamalıdır. 
Azərbaycan bu məsələdə uzun müddət gözləyə bilməz. Ona görə də cənab Prezident İlham Əliyev qəti şəkildə bir daha Azərbaycan dövlətinin mövqeyini ifadə etdi. Əslində, bunu bir çağırış kimi də dəyərləndirmək olar. Ermənistan rəhbərliyi məsələyə konstruktiv və realist yanaşmalıdır ki, öz xalqını da bu bəladan xilas edə bilsin. Əlbəttə ki, dövlət başçısı tərəfindən belə bir qətiyyətli mövqeyin səsləndirilməsi mütləq şəkildə Azərbaycan dövlətinin qərarlığının göstəricisidir. Düşünürəm ki, belə bir qərarlığın ifadə edilməsi münaqişənin çözülməsi üçün ilkin addımların atılması hesab edilə bilər. Ermənistan sülhə gələcəksə, problemi masa arxasında birlikdə çözəcəyik. Ya da ki, Azərbaycan əlində olan bütün imkanlardan istifadə edərək öz bildiyi yolla məsələni həll edəcək”.
Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz