Əlaqə Arxiv
news Image
2018.10.11
09:30
| A A A
Ermənistan Moskva ilə Vaşinqton arasında «əzilir»
Qabil Hüseynli: “Bu uçurum Paşinyana heç də xoş olmayan aqibətlər vəd edir” Natiq Miri: “Con Boltonun regioana səfəri onu deyir ki, ABŞ Cənubi Qafqaz siyasətini aktivləşdirmək istəyir”

Məlumdur ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. Erməni mətbuatı hesab edir ki, Con Boltonun Ermənistana səfəri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bolton Ermənistanda İrəvanın Suriyadakı humanitar missiyada iştirakını da müzakirə edəcək. İrəvanın bu qərarı qəti deyilsə, o zaman Bolton İrəvanı atdığı addımdan geri çəkilməyə razı salmağa çalışacaq. Bu fonda isə Ermənistan yenidən Moskva ilə Vaşinqton arasında qalacaq. Çünki Ermənistan humanitar əməliyyatlarda rusiyalı mütəxəssislərlə iştirak edəcək. 

Politoloq Qabil Hüseynli bildirir ki, onsuz da İrəvan hazırda Vaşinqtonla Moskva arasında qalıb: “Nikol Paşinyanın bir sıra addımları Rusiyanın maraqları ilə üst-üstə düşmür. Bu da zaman-zaman Rusiyanın xarici işlər naziri və ya digər yüksək vəzifəli şəxsləri tərəfindən ciddi tənqidə tuş gəlir. 
Son vaxtlar isə Ermənistanın Suriyaya sülhməramlı missiya göndərməsi haqqında danışmağa başlaması Qərb ölkələrində ciddi narahatlıq doğurur. Məlumdur ki, Ermənistan bunu Rusiyanın çağırışı ilə həyata keçirir. Rusiyanın oradakı qoşunlarının komandanlığı altında fəaliyyət göstərəcək. Bu, Rusiyaya bağlanmağın müəyyən formatıdır. Belə hal Qərb tərəfini  ciddi sürətdə narahat edir. Con Bolton səfər zamanı Ermənistanı fikirlərindən daşındırmağa çalışacaq. Nikol Paşinyanın Rusiyanın əmrlərini birmənalı şəkildə yerinə yetirməsini, Suriyaya qoşun kontingentini göndərməsini əngəlləməyə çalışacaqlar. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan bu məsələdə də Moskva ilə Vaşinqton arasında ciddi uçurum əmələ gətirib. Bu uçurum isə N. Paşinyana heç də xoş olmayan aqibətlər vəd edir”.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə fərqli düşünür: “Ümumiyyətlə, erməni mediasında siyasətçilərin bu məsələni qabartması erməni yazarlarına xas olan xüsusiyyətdir. Ermənilər kiçik bir hadisəni böyütməyi gözəl bacarırlar. O baxımdan Con Boltonun səfərini məhz bu xüsusda dəyərləndirmək məsələni şişirtmək olardı. 
Ermənistanın Suriyaya humanitar missiya göndərməsi ABŞ-ı ciddi narahat edəcək səviyyədə deyil. Həmçinin Ermənistanın məhdud sayda göndərəcəyi qüvvələr Suriyada nəsə edə bilməz. Yəni, o qədər əhəmiyyətli məsələ deyil ki, ABŞ kimi hegemon dövlət bundan narahat olsun. Con Boltonun regioana səfəri onu deyir ki, ABŞ Cənubi Qafqaz siyasətini aktivləşdirmək istəyir. 
Nəzərə alaq ki, bu, regiona ABŞ-ın ilk yüksək rütbəli şəxsinin səfəri deyil. Xarici işlər nazirinin müavinin köməkçisi də Azərbaycana gəlib. Bunun ardınca Con Boltonun regiona gəlməsi ABŞ-ın xarici siyasət prioritetində Cənubi Qafqazın da yer aldığını göstərir. Bunu Avropa Birliyi ölkələrinin nümayəndələrinin də ard-arda Cənubi Qafqaza səfərlərində müşahidə edirik. Onu göstərir ki, Cənubi Qafqaz ölkələrinə Avropa Birliyinin də diqqəti artıb. Yəni, Cənubi Qafqaz Qərb-Rusiya-Çin ölkələri arasında mübarizə bölgəsinə çevrilir. 
Onu da unutmaq olmaz ki, ABŞ noyabr ayında İrana qarşı bütün sahələr üzrə sanksiya tətbiq edəcək. İranla iqtisadi əlaqədə olan digər dövlətlərə də paralel sanksiya tətbiq olunacaq. Bu mənada Con Boltonun İrana həmsərhəd olan ölkələrə səfəri diqqətdən qaçmamalıdır. Bu səfər çərçivəsində əsas müzakirə ediləcək məsələlərdən biri də həmsərhəd ölkələrin İranla münasibəti olacaq. Bütün bunlar da yenə İrəvanı ABŞ ilə Rusiya arasında qoyur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz