Əlaqə Arxiv
news Image
2018.10.11
15:34
| A A A
Keçmiş DTK zabiti: 1991-ci ilin yanvarında Vilnüsdə Qorbaçovun əmri ilə olmuşuq

Vilnüs məhkəməsində 1991-ci il 13 yanvar qırğınının iştirakçılarından olan Mixail Qolovatovun məhkəməsi üzrə prosesin növbəti iclası olub. İclasda müttəhim və onun vəkilinə son dəfə söz verilib. Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin zabiti və daha 60 nəfər (qiyabi olaraq) insanlığa qarşı törədilmiş hərbi cinayətdə təqsirləndirilir.

İclas zamanı müttəhim bildirib ki, 13 yanvar hadisəsi birbaşa o vaxtkı rəhbər Mixail Qorbaçovun göstərişi ilə dövlət çevrilişinin qarşısını almaq məqsədi daşıyıb. “Biz birbaşa olaraq dövlət rəhbərinin əmrini icra etmişik. Mən eynilə müvafiq əmr üzrə Dağlıq Qarabağ, Bakı, Düşənbə, Tbilisidəki hərbi aktlarda da iştirak etmişəm. Biz sovet sistemində böyümüşük, bizə bütün üzv ölkələrin öz istəkləri ilə birləşdiyi öyrədilib. Məhz bu baxımdan mən o dövrkü fəaliyyətimi qanunsuz hesab etməmişəm”, - deyə o bildirib.

M.Qolovatov Litvadakı dinc əhaliyə qarşı güc tətbiq etmələri faktını təkzib edib. O bildirib ki, yerli əhali özü münaqişə yaradıb. Bütün bunları nəzərə alaraq müttəhim ittihamların heç birini qəbul etmədiyini deyib və bağışlanmasını xahiş edib.

Litva prokurorluğu M.Qolovatovun ömürlük həbs cəzasını tələb edib.

Müttəhim 2011-ci ildə Avstriyada həbs olunaraq ekstradisiya edilib.

Xatırladaq ki, 1991-ci il 13 yanvar hadisələrində 14 silahsız insan qətlə yetirilib, 31 nəfər ömürlük şikəst qalıb, 1000-dən çox insan isə yaralanıb.

Sizin Reklam Yeriniz