Əlaqə Arxiv
news Image
2018.10.12
08:44
| A A A
Azərbaycan düşməni vahiməyə salan yeni hərbi texnikalar alır
Ədalət Verdiyev: “Ermənistandakı seçkilərdən sonrakı 2-3 ay ərzində danışıqlarda ciddi irəliləyişlər əldə olunmasa, kiçik miqyasda döyüşlər mümkündür” Məhəmməd Əsədullazadə: “Dövlərt başçısının tapşırıqları bundan sonra da ordumuzun modern silahla təchizini reallaşdıracaq”
“Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib: “Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır”. 
Göründüyü kimi, Azərbacan ən yüksək səviyyədə bundan sonra da ən müasir hərbi texnikanın alışını həyata keçirəcəyini bəyan edir. Ekspertlərin sözlərinə görə, bu,  birbaşa Ermənistana istiqamətlənmiş mesajdır.  Düşmən ölkənin düşünməsi üçün növbəti şanslardan biridir. 
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, onsuz da Azərbaycan Avropa ilə əməkdaşlığın genişlənməsinə böyük önəm verir: “Keçirilən “ADEX-2018” silah sərgisi çərçivəsində Avropanın mühüm şirkərləri ilə ikitərəfli danışıqlar aparıldı. Müəyyən ikitərəfli protokolların imzalanması göstərir ki, Azərbaycan yaxın illərdə də bu əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasında maraqlıdır. İsrail, Pakistan, Türkiyə ilə əlaqələrimiz bunu bir daha sübut edir. 
Alınan müasir silah sistemləri, raket əleyhinə, hava hücumundan müdafiə kompleksləri Azərbaycanın hərbi potensialının daha yüksək səviyyəyə çatıdırılmasına xidmət edir. Bundan başqa, Ukrayna və Belarus ilə də əməkdaşlığımız yüksək səviyyədədir. Bütün bu silahlar Ermənistanın gələcək hərbi-siyasi fəaliyyətinə öz təsirini mütləq göstərəcək. Ermənistan hakimiyyətinin son aylarda yürütdüyü siyasət Rusiyanın onu əvvəlki kimi silahla təchiz edəcəyini sual altına alıb. Reallıq ondan ibarətdir ki, Rusiya iqtisadiyyatının indiki gərgin vəziyyətində, həm də Ermənistanın Avropaya meylli addımları nəticəsində düşmən ölkənin müasir silah sistemlərinə güzəştli qiymətlərlərlə və ya hədiyyə, kredit şəklində əldə edəcəyi real görünmür. Azərbaycan isə uzun müddətdir danışıqlar prosesinə üstünlük verir. Ancaq bu resurslar bitmək üzrədir. 
Ermənistandakı seçkilərdən sonrakı 2-3 ay ərzində danışıqlarda ciddi irəliləyişlər əldə olunmasa, kiçik miqyasda döyüşlər mümkündür. Əməliyyatların başlayacağı müddət yaz aylarına təsadüf edə bilər. Ermənistan hərbi-siyasi rəhbərliyi bunu yaxşı anlayır. Nəticə çıxartmasalar, həmin sistemin də hərbi sahədə ciddi məğlubiyyəti ola bilər”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, iclasda Azəərbaycan Ordusunun maddi-texniki təchizatının inkişafı barədə qeyd edilən fikirlər bundan sonra da ordumuzun müasir silahlarla təmin ediləcəyini, yeni silah sistemlərinin yerli istehsalının həyata keçiriləcəyini göstərir: “Bu gün ordumuz arsenalında 5-ci nəsil silahlar olmaqla Cənubi Qafqazın ən güclü ordusudur. Bu silahların alışı və yerli istehsalını stimullaşdırmaq, işğalıçı Ermənistan üzərində psixoloji qələbəmizə səbəb olur. Həmçinin işğalçıda bir çəkindirci amil formalaşdırır. 
Hazırda Azərbaycan bir neçə dost və tərəfdaş ölkələrdən müasir silah alır. Bu silahlar isə ölkəmizin müdafiə qabiliyyətini günü-gündən artırır. Azərbaycan Ordusu Ermənistan ordusu ilə müqyisəolunmaz dərəcədə inkişaf edib. Dövlərt başçısının tapşırıqları bundan sonra da ordumuzun modern silahla təchizini reallaşdıracaq. Ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi, alınan hərbi texnikalar Ermənistan hakmiyyətini danışıqlara gəlməyə vadar edib. 
Hazırda Ermənistanın maliyyə resursu Azərbaycanın sahib olduğu silah sistemlərini almağa imkan vermir. Nəzərə alaq ki, vaxtı ilə Azərbaycana silah satışına veto qoyan Fransa, Çexiya, Slovakiya və digər Avropa ölkələri belə bu emarqonu aradan götürməkdədir. Bu da bir daha müdafiə qabiliyyətimizin inkişafına töhfə vermiş olacaq”.
Mübariz BAYRAMOV
Sizin Reklam Yeriniz