Əlaqə Arxiv
news Image
2018.10.13
10:30
| A A A
Bolton Qarabağ məsələsində İrəvanı «ağıllandırmağa» gəlir
Elşən Manafov: «Vaşinqtonun Ermənistanın hazırkı iqtidarına Qarabağ məsələsində təzyiqləri gücləndirmək imkanları var”

«Boltonun Qafqaz səfəri İrəvanda bir neçə aylıq siyasi qarışıqlıqdan sonra Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfi ilə həllinə cəhd kimi qiymətləndirilə bilər». Bu sözləri ABŞ-ın «Qulf» Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Qafqaz səfərini şərh edərkən deyib. Analitikin sözlərinə görə, Bolton Azərbaycanın geosiyasi əhəmiyyətinin böyüklüyünü nəzərə alaraq Bakının mövqeyini gücləndirməyə çalışır. 

Politoloq Elşən Manafov düşünür ki, Vaşinqtonun Ermənistanın hazırkı iqtidarına Qarabağ məsələsində təzyiqləri gücləndirmək imkanları vardır: “Bu ilin may ayında ABŞ prezidenti Ermənistanın 100 illiyilə bağlı Paşinyana göndərdiyi məktubda da bu məsələlərə toxunub. Əslində, ABŞ prezidentinin bu məktubundan sonra bir sıra ekspertlər qeyd edib ki, həmin açıqlamalar prinsip etibarı ilə Ermənistanın Rusiyanın təsir dairəsindən qurtulmasına hesablanmış siyasətdir. Açıq-aşkar burada göstrilirdi ki, Ermənistan ABŞ-ın dəstəyinə nail olmaq istəyirsə, Qarabağ probleminin həllilə bağlı məsələdə Vaşinqtonun ona təklif etdiyi təkliflərlə razılaşmalıdır. 
Bu təkliflər perspektivdə ABŞ-ın bölgədə mövqeyinin güclənməsi və Qarabağ probleminin həllində məhz Vaşinqtonun daha ciddi imkanlara malik olmasına hesablanmış siyasət idi. Amma sonradan erməni iqtidarının Rusiyaya münasibətdə sərgilədiyi mövqe göstərdi ki, Moskva tərəfindən ehtimal olunan təzyiq indiki şəraitdə Paşinyana Qərbyönümlü siyasəti gerçəkləşdirməyə imkan vermir. Baxmayaraq ki, onun hökumətində qərbpərəst nazirlər mühüm yer tutur. 
Növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyan Qərblə əlaqələri gücləndirməyə borcludur. “Qarabağ klanı”nın Rusiyanın indiki iqtidarı ilə bağlı münasibətləri bəllidir. Bu klan seçkilərdə revanş götürməyə çalışacaq. Bir sıra faktorlar da göstərir ki, revanş götürmək şansları yetərincədir. Geosiyasi anlamda Rusiya “Qarabağ klanı”na dəstək də verə bilər. 
Bu da hər halda ABŞ-ın Qarabağ probleminin həllində imkanlarının artması kimi qiymətləndirilə bilər.  Amma etiraf edək ki, Rusiya MDB hüdudundan kənarda, Suriyada ABŞ güzəştə getmədisə, keçmiş sovet məkanında Moskvanın belə bir güzəştə gedəcəyi ümumiyyətlə, istisnadır. Amma Qarabağ probleminin həllində ABŞ-ın Rusiyanı yaxın gələcəkdə sıxışdıraraq, Ermənistanı birmənalı şəkildə öz təsir dairəsinə salacağının indiki reallıqda bir qədər müşkül olduğunu düşünürəm. Hər şey yaxın bir neçə ildə Rusiyada hadisələrin hansı istiqamətdə gedəcəyindən, dünya neft bazarında qiymətlərin necə olacağından asılıdır. Qarabağ məsələsində ABŞ çalışacaq ki, Ermənistanla ilişgilərini gücləndirsin. İlişgiləri gücləndirməkdə məqsəd də Ermənistanın hazırkı iqtidarına ABŞ-ın təzyiqləri gücləndirib-gücləndirməyəcəyilə bağlı olan məsələdir. Amma məsələ ondadır ki, ABŞ bu təzyiqləri gücləndirəcəyi halda, Rusiya sakit durub hadisələri kənardan seyr etməklə kiifayətlənəcəkmi?  Bu gözlənilmir. 
İkincisi, ABŞ o halda Ermənistan iqtidarına təzyiqləri gücləndirə bilər ki, Vaşinqtonun birbaşa nəzarəti altında olan Beynəlxalq Valyuta Fondu və digərləri qismində beynəlxalq maliyyə institutları Paşinyan iqtidarının istədiyi maliyyə dəstəyini İrəvana versin. Bu halda hadisələrin başqa istiqamətdə gedəcəyi, Vaşinqtonun Ermənistana Qarabağ məsələsində təzyiqə keçəcəyini istisna etmirəm”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz