Əlaqə Arxiv
news Image
2018.10.19
07:00
| A A A
İrəvan yenə sülhdən qaçır
Elman Məmmədov: “Yaranmış vəziyyət ölkəmizi məcbur edir ki, torpaqları azad etmək üçün hərbi gücdən istifadə etsin”

Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.

Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur. Bununla ermənilər bildirmək istəyirlər ki, Qarabağ ətrafındakı rayonları azad etmək niyyətində deyillər. Xatırladaq ki, hazırda Ermənistanla Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir. 
Xatırladaq ki, Düşənbə görüşündə Rusiyanın yaxından iştirakı ilə Azərbaycan və ermənistan rəhbərləri arasında şifahi şəkildə olsa da atəşkəs rejiminin qorunmasına və ATƏT-in Minsk Qrupu formatında danışıqlar prosesinin davam etdirilməsinə dair razılıq əldə olunub. Buna baxmayaraq, ermənilər atəşkəs rejimini pozmaqla qalmır, həm də Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma prosesini davam etdirirlər. Kəlbəcərdə Sidney adlı qəsəbənin salınması və işğal edilmiş Azərbaycan əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi birbaşa sülh prosesinə xələl gətirir. Prosesin gedişi onu göstərir ki, düşmənin hər bir hərəkəti münaqişənin dinc yolla həllinə doğru aparmır. Əksinə, onların bu kimi əməlləri ermənilərin işğal etdikləri torpaqlarda öz qanunsuz hərəkətlərini davam etdirdiklərini göstərir. Maraqlıdır ki, düşmən ölkə dəfələrlə bu kimi qanunsuz əməllərə əl atsa da, beynəlxalq qurumlar bir dəfə də olsun onları bu kimi çirkin və beynəlxalq qanunlara zidd əməllərdən çəkindirməyiblər. Nə ATƏT-in Minsk qrupu, nə də BMT bu günə qədər işğal zonasında qanunsuz fəaliyyət həyata keçirən Ermənistana qarşı hər hansı bir sanksiyaya əl atmayıb, ona təzyiq etməyib. Məhz bunun nəticəsidir ki, düşmən ölkə qanunsuz əməllərini həyata keçirməkdə davam edir. Yaranmış durum istər-istəməz bu özbaşınalıqlara son qoymaq üçün Azərbaycanı sonda digər vasitələrə əl atmağa vadar edə bilər.    
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, düşməni torpaqlarımızdan çıxarmaq və onların işğal zonasında həyata keçirdikləri qanunsuz əməllərinə son qoymaq üçün Azərbaycanın bir yolu qalır, o da hərbi müstəvidən keçir: “Ermənistanın işğalçı hərəkətləri artıq çoxdan Azərbaycanı məcbur edir ki, hərbi gücdə istifadə etməklə təcavüzə son qoysun. Getdikcə ermənilərin həyasızlığı daha da artır, onların beynəlxalq qanun və normalara zidd əməlləri daha da çoxalır. Düşmən bununla bir növ meydan oxuyur ki, danışıqlar yolu ilə bir metr də olsa torpaq azad etmək fikrində deyil. 
Nikol Paşinyanın hakimiyyətə gəlməsilə düşmənin bu çirkin niyyəti daha aqressiv xarakter almağa başlayıb. Beynəlxalq qurumlar da ermənilərin bu qanunsuz əməllərinin qarşısını almaq üçün hər hansı bir tədbir görmür. Hər hansı bir yol çəkilişi zamanı da beynəlxalq qanunlara əməl edilməlidir. ATƏT-in Minsk qrupu, BMT düşmənə təzyiq etməlidir ki, belə halların qarşısı alınsın. Ancaq görürük ki, bu kimi qurumların heç biri düşmənə qaşın üstə gözün var demir. Onu qanunsuz əməllərdən çəkindirmirlər. Bunu uzun illərin təcrübəsinə əsaslanaraq belə deyirəm. 
Etmək istəsəydilər, bu günə qədər düşməni çoxdan yerində otuzdurmuşdular. Beynəlxalq təşkilatlar prosesə ikili standartlardan yanaşırlar. Sanki işğala haqq, bəraət qazandırırlar, işğalçı ilə əlbirdirlər. Belə olan halda Azərbaycanın yeganə yolu qalır.Yaranmış vəziyyət ölkəmizi məcbur edir ki, torpaqları azad etmək üçün hərbi gücdən istifadə etsin. Burada başqa çıxış yolu görmürəm. Hökmən Azərbaycanın hərbi gücünə ehtiyac vardır. Başqa çıxış yolu yoxdur. Xarici ölkələr gözəl bəyanatlar verir. ABŞ-ın Ermənistandakı səfiri, Böyük Britaniya, Almaniya, Rusiya da bildirir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləməlidir. Bunu 30 ildir ki, deyirlər. Ancaq bu günə qədər bir qarış da  torpaq azad olunmayıb. Bu fonda düşmənə qarşı həra hansı sanksiya belə tətbiq etmirlər. Beynəlxalq qurumlar da baş vermiş olaylara göz yummaqla özlərinin qeyri-səmimi və riyakar olduqlarını ortaya qoyur.  Ona görə də çıxış yolu ancaq hərbi gücdən istifadə etməklə torpaqlarımızı azad etməkdən keçir”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz