Əlaqə Arxiv
news Image
2018.10.19
09:44
| A A A
İnkişafın Azərbaycan modeli beynəlxalq nümunəyə çevrilib
Ölkəmizin həyat tərzi və dövləti idarıetmə metodları ekspertlərin diqqətini cəlb edir

“Azərbaycan müsəlman ölkələri üçün gözəl nümunədir”. Bunu Fransa Təhsil Nazirliyinin müşaviri, Mesopotamiya Assosiasiyasının prezidenti, akademik Alen Soyer bildirib. Onun sözlərinə görə, XX əsrdə ölkələrin əksəriyyəti dünyəviləşib, din dövlətdən ayrılıb: “Lakin proses bütün ölkələrdə eyni şəkildə həyata keçməyib. Bəzi müsəlman ölkələrində radikal qruplaşmaların meydana gəlməsinə və fəaliyyətinə səbəb olan əsas amil cəmiyyətdə din və dövlət arasında balanslı münasibətlərin qurula bilməməsidir. Bu da XX əsrdə bir sıra müsəlman dövlətlərinin yaşadıqları böhranın əsas səbəbidir”.

Akademik deyib ki, Azərbaycan uzun illər SSRİ-nin tərkibində olub: “Sovet dönəmində də dinlər tamamilə qadağan edilmişdi. Ancaq unutmayaq ki, İran, İraq, Pakistan, Türkiyə və digər müsəlman ölkələrdə olduğu kimi, Azərbaycanda da min illərdir dinin özünəməxsus yeri olub. Bu gün bir sıra müsəlman ölkələrində nə din dövlət üzərində dominantlıq edir, nə də dövlət dini aradan qaldırmağa çalışır. Bu nadir ölkələr arasında Türkiyə və Azərbaycan da yer alıb. Azərbaycanda dövlət-din münasibətləri yaxşı prinsip əsasında qurulub, yüksək səviyyədə tənzimlənir, həll olunur. Bunun üçün nə Türkiyədə, nə də Azərbaycanda müharibələr, inqilablar baş verməyib. Buna yalnız sülh yolu ilə nail olunub. Azərbaycan müsəlman öklələri üçün gözəl nümunədir. Türkiyənin və Azərbaycanın bugünkü inkişafı uğurlu siyasətin nəticəsidir. Bu gün Türkiyə beynəlxalq aləmdə sözünü deyə bilən, inkişaf edən ölkəyə çevrilib”. 

Fransız alimin gəldiyi nəticə ölkəmizin inkişafına verilən yeganə rəy deyil. Müxtəlif mədəniyyətə və mənəvi irsə malik etnik qrupların bir dövlətin çətiri altında mehriban və sülh şəraitində, bir-birlərinin dünyagörüşünü mənimsəyərək dostluq ruhunda yaşaması cəmiyyətdə tolerantlıq mühitinin bərqərar olmasına və həmrəyliyə səbəb olub. Lakin bu yekdilliyin yaranmasında əsas rollardan biri dövlətin özünün dzgün strategiya və taktika üzərində qurulmasıdır. Təbii ki, dövlət strukturu özbaşına yaranmır və onun formalaşması dövlətə rəhbərlik edən şəxsin fərdi keyfiyyətlərindən çox asılıdır.  

Ümumiyyətlə, hazırda mədəni əlaqələrin genişlənməsi, mədəniyyətlərarası dialoqun ardıcıl davam etdirilməsi xalqların, dövlətlərin nəyə qadir olduqları haqda ətraflı bilgilər toplamağa imkan verir. Bu mənada beynəlxalq aləmdə Azərbaycanı yaxından tanıyan dövlət xadimlərinin sayı da çoxalır. Dövlətçilik sahəsində zəngin təcrübəyə malik həmin şəxslər Azərbaycan  modelinin bir nümunə kimi götürməyin səmərəliliyindən tez-tez bəhs edirlər. Çünki, cəmiyyətimiz mədəni çoxmüxtəlifliyi ehtiva edən, açıq bir cəmiyyətdir. Azərbaycan cəmiyyətində üç dünyəvi dinə məxsus insanlar sülh şəraitində yaşayır. Müxtəlif milli azlıqların, müxtəlif dinə inam gətirənlərin bir yerdə sülh şəraitində yaşamaları gözəl nümunədir. Bu baxımdan Dünya Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu çox müvəffəqiyyətlə keçib. Bütövlükdə, Azərbaycanda keçirilən bütün forumların iştirakçıları Azərbaycanın qlobal inteqrasiya sahəsində necə böyük rol oynadığına və ölkəmizdə mədəniyyətin inkişafını öz gözləri ilə görür və qiymətləndirirlər. Ekspertlərin fikrincə, bu, liberal müsəlman modelidir. Elə bir modeldir ki, digər ölkələr, xüsusilə də müsəlman ölkələri onu tətbiq etmək istəyir. Bu doğrudan da, siyasətin müdrikliyidir: incə və həssas. Digər ölkələrin Azərbaycanla münasibətləri inkişaf etdikcə əlaqələr daha da dərinləşir. Ona görə ki, Azərbaycanda bütün dövlətlərlər dil tapmaq mümkündür, çünki, ölkənin siyasəti sülhə, tərəqqiyə, tolerantlığa, bərabərliyə, hüquqa və humanizmə əsaslanır.

   
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz