Əlaqə Arxiv
news Image
2018.10.24
09:30
| A A A
ABŞ-dan yeni Qarabağ ideyaları
Sədrəddin Soltan: “ATƏT-in Minsk qrupunun üzvlərinin və həmsədrlərin işi məsələni həlli ilə bağlı yeni ideyalar vermək, onun həyata keçirilməsi yollarını təklif etməkdir” Ehtiram Aşırlı: “Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır”

Məlumdur ki, oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfərə gələcək. Bu səfər ətrafında müzakirələr səngimək bilmir. Məsələn, rus politoloq Sergey Markedonovun fikrincə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Qarabağla bağlı Bakıya yeni ideyalar verəcək. 

Politoloq Sədrəddin Soltan bildirir ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvlərinin və həmsədrlərin işi məsələni həlli ilə bağlı yeni ideyalar vermək, onun həyata keçirilməsi yollarını təklif etməkdir: “Yoxsa, onlara niyə vasitəçi deyirlər? Bu  baxımdan Sergey Markedonov vasitəçilərin görməli olduqları işdən danışb. Ona görə yenilik deyil. Belə güman etmək olar ki, o, ABŞ-ın Ermənistanda bu günlərədək səfir olmuş Riçard Milzin dedikllərini rəsmi mövqe kimi ortaya qoya bilər. 
Nəzərə alaq ki, səfir Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını bildirmişdi. O demişdi ki, işğalın uzanması Ermənistanın rifahının ziyanınadır”.
Digər siyasi şərhçi Ehtiram Aşırlı bildirdi ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır: “Əsas çətinlik Con Boltonun konkret hansı məqamlara diqqət yetirəcəyi ilə bağlıdır. Bu kontekstdə onun səfərinin riskli tərəflərindən bəhs etmək mümkündür. 
Məlumdur ki, Azərbaycanla ABŞ arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf dinamizminə malikdir. Odur ki, Con Bolton Bakıda enerji siyasətimizə bundan sonrada dəstək verəcəklərini və Qarabağ münaqişəsinin həllində səyləri davam etdircəklərini xüsusi olaraq vurğulayacaq. Rus politoloq Sergey Markedonov belə bir açıqlama verməsi təbii ki, onun ölkəsi adına narahat olduğunu göstərir. Çünki, Cənubi Qafqazda ABŞ-ın da milli maraqları var və bu maraqlar çərçivəsində çıxış etmək istəyir. Rusiya özünün arxa baxçası olaraq gördüyü Qafqaza ABŞ-ın müdaxilə etmək istəyinə imkan verməyəcək. Rusiya xüsusilə də bu məsələdə çox həssasdır. Bunun bariz nümunəsi kimi Gürcüstanı göstərə bilərik. 
Düzdür, ABŞ tərəfdən hansısa yeni ideyaların olması mümkündür. Belə ki, ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın növbəti dəfə iqtidara  gəlmək üçün Qarabağ məsələsində ABŞ-la razılışması mümkün görünür. Əgər ABŞ N.Paşinyanla Qarabağın ən azı 5 rayonun qaytarılması barədə razılığa gələrsə, Con Boltonun yeni ideyaları bu ola bilər. Bu zaman ABŞ Qarabağ münaqişəsində irəliləyişə nail olmaqla, həm Qafqazda mövqeyini möhkəmləndirmiş, həm də Rusiyanın mövqeyini zəiflətmiş olacaq. Əks təqdirdə rus politoloqun bu sözləri daha çox Rusiya hökumətinə və Qafqaz xalqlarına ayıq-sayıq olmalarına dair verilmiş mesaj xarakterli açıqlamadır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz