Əlaqə Arxiv
news Image
2018.10.24
09:40
| A A A
İrəvana Qarabağ məsələsində verilən vaxt limiti tükənir
Natiq Miri: “Danışıqların alternativi müharibədir ki, bu da Paşinyan hökuməti, ümumiyyətlə, Ermənistanın tam çöküşü ilə nəticələnərək, düşmən ölkə üçün qara ləkə kimi tarixə düşəcək”

İşğalçı Ermənistan növbədənkənar parlament seçkilərinə doğru gedir. Bu proses baş verənə qədər isə baş nazir vəzifəsini hazırda icra edən Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin çözülməsilə bağlı danışıqlar prosesinə gedəcəyi gözlənilmir. Bəs, növbədənkənar parlament seçkilərindən sonra İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmasa, konfliktlə ilgili proseslər hansı səpkidə inkişaf edəcək?

Politoloq Natiq Miri bildirdi ki, növbədənkənar seçkilərdən sonra da Ermənistan konfliktin həlli istiqamətində real addımlara keçməkdən qaçmağa çalışsa, bu, düşmən ölkənin tam çöküşü ilə nəticələnəcək: “Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərində “Qarabağ klanı”nın məğlub olacağı gözləniləndir. Çünki artıq Ermənistan cəmiyyətində bu klana münasibətdə pataloji nifrət formalaşıb. 
20 ildən çox hakimiyyətdə olan “Qarabağ klanı”na Ermənistan seçicilərinin səs verməyəcəyi artıq demək olar ki, heç kimdə şübhə doğurmur. Belədə seçkilərdə Paşinyanın rəhbərlik etdiyi siyasi təşkilatın qalib gələcəyi ehtimalı daha güclüdür. Bu kontekstdə təkbaşına hakimiyyət formalaşdırmağa nail olarsa, artıq bundan sonra Paşinyan Ermənistanda qarşıya qoyduğu proqramları həyata keçirməyə çalışacaq. Belədə o, cəmiyyətdə öz mövqeyini daha da gücləndirməklə Dağlıq Qarabağ problemi üzrə danışıqlar masası arxasına çox rahatlıqla keçə biləcək. 
Onu da düşünürəm ki, Paşinyan bu məsələni gizli olaraq yürütməyib. Çünki Paşinyan bir siyasətçi olaraq Dağlıq Qarabağ məsələsinin xalqdan gizli hansısa bağlı qapılar arxasında müzakirəsini qəbul etmir. Düşünür ki, hər şey açıq olmalı və Qarabağ məsəəlsində, onunla yanaşı, xalqın özü qərar verməlidir. Bu isə dolayısı ilə məsuliyyətin həm də xalqla bölüşməsi anlamına gəlir. Çünki belə bir məsuliyyəti təkbaşına öz üzərinə götürməklə tarixdə qara ləkə kimi qalmaq istəmir. Bunun doğura biləcəyi kataklizmləri də Paşinyan hesablamamış deyil. Fikir vermisinizsə, o baxımdan da zaman-zaman Dağlıq Qarabağ separatçılarının da danışıqlar prosesində iştirakı təşəbbüsü ilə çıxış edir. Yaxud da məsələ barədə ancaq xalqın qərar verə biləcəyi fikrini ortaya atır. Bu isə o deməkdir ki, Paşinyan sözügedən məsələdə məsuliyyəti təkbaşına olaraq öz üzərinə götürməkdən çəkinir. Bilirsiniz ki, Konstitusiya dəyişikliyindən sonra artıq Ermənistanda böyük səlahiyyətlərə malik olan prezident üsul-idarəsi olmayacaq. Əvvəllər bu yöndə prezident təkbaşına qərar verə bilirdisə, Konstitusiya dəyişikliyindən sonra isə həmin məsuliyyət daha çox parlamentin üzərinə düşür. O baxımdan düşünürəm ki, Paşinyanın məsələni parlamentdə böyük bir müzakirə obyektinə çevirməklə məsuliyyəti bölüşmək niyyətləri ola bilər. Bu yöndə o konkret qərarlar verə bilər. Ona görə də fikrimcə, seçkilərdən sonra Paşinyan sülh prosesi üzrə danışıqlar masasına qədəm qoyacaq. Çünki bunun alternativi Ermənsitan üçün müharibə deməkdir. 
Zəif, maliyyə və iqtisadi baxımdan çökmüş Ermənistanın Azərbaycan qarşısında duruş gətirəcəyi mümkünsüzdür. Bu gerçəkliyi Paşinyanın özü də anlayır. Ona görə də müharibə alternativindənsə,  növbəti 5 ildə daha çox danışıqlar prosesinə üstünlük verəcək. Bu məsələdə xarici amilləri də diqqətdən qaçırmamalıyıq. Artıq Dağlıq Qarabağ problemilə bağlı əvvəllər olduğu kimi təkcə Rusiya tərəfindən deyil, həmçinin digər həmsədr dövlətlər olan ABŞ və Fransa tərəfindən də həll istiqamətində konkret fikirlər ortaya qoyulmaqdadır. Hansı ki, bunlar da qətiyyən təsadüf, sıradan bir hadisə deyil. Bunlar hamısı Paşinyana və gələcək hökumətə verilən mesajlardır. Bu mənada düşünürəm ki, bütün bu təzyiqləri də nəzərə alsaq, Paşinyanın yenidən sülh masasına qayıdacağı və əsaslar üzrə yeni müzakirələrin başlanacağını söyləmək olar. Əks təqdirdə, bunun alternativi müharibədir ki, bu da Paşinyan hökuməti, ümumiyyətlə, Ermənistanda qara ləkə kimi tarixə düşəcək. Paşinyan da bunu anlayır. 
Çünki indiyə qədər böyük məğlubiyyət almayan Ermənistanda yeni müharibənin başlanması fonunda proses erməni dövlətinin tam çöküşünə qədər inkişaf edəcək. Bu səbəbdən müharibə variantı Paşinyan hökumətinin maraqları çərçivəsində deyil. Məcburi olaraq mütləq sülh danışıqlarına getməlidir ki, seçkilərdən sonra da rahat şəkildə bu danışıqlara gedəcək”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz