Əlaqə Arxiv
news Image
2018.10.25
10:37
| A A A
İrəvan məhvini sürətləndirəcək yeni Qarabağ savaşını körükləyir
Vüqar Qədirov: “İki ölkə arasında əldə olunan razılaşmalar Ermənistanın apardığı siyasət nəticəsində sual altında qalıb” Zaur Məmmədov: “Nikol Paşinyanın bu cür çıxışı sonda erməni xalqının tarixinə vurulan zərbə olacaq”

“Azərbaycan münaqişənin mərhələli şəkildə həll olunması prosesini başlamaq məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə substantiv danışıqları davam etdirməyə hazırdır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA “Novosti”yə müsahibəsində deyib: “Təəssüf ki, İrəvanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”.

Siyasilərin sözlərinə görə, Ermənistanın danışıqlarla bağlı bu ümidi doğrultmasının ehtimalı azdır. O baxımdan münaqişə ilə bağlı proseslər yenə də hərbi müstəvidə cərəyan edə bilər. Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. 
Politoloq Vüqar Qədirov bildirir ki, iki ölkə arasında əldə olunan razılaşmalar Ermənistanın apardığı siyasət nəticəsində sual altında qalıb: “Bu günə qədər aparılan danışıqların nəticəsi kimi gərək problem həll olunmalı idi. Lakin görünür, Ermənistan bu günə qədər sadəcə, danışıqlar xatirinə danışıq aparıb. Azərbaycan isə  dəfələrlə bəyan edib ki, Azərbaycan danışıqlar xatirinə danışıqlarda iştirak etmək fikrində deyil. Buna baxmayaraq, Azərbaycan danışıqlara daim hazır olduğunu, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini üstün tutduğunu bəyan edib. 
Eyni zamanda ATƏT-in Minsk qrupunun bir çox təkliflərini qəbul etmişik. Elə Ermənistan da qəbul edib. Amma sonradan onun şahidi olmuşuq ki, Qarabağla bağlı prinsipial razılaşma əldə olunan zaman Ermənistanda hakimiyyət dəyişiklyi baş verib və danışıqlar sıfır nöqtəsinə gəlib. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da Ermənistanın münaqişənin həllini daha da dalana dirədiyini müşahidə edirik. İrəvan danışıqlarda iştirak etməkdən yayınır. Yəni, tam qeyri-ciddi Ermənistan hakimiyyəti ilə üz-üzəyik. Azərbaycan isə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Apardığımız siyasət də buna dəlalət edir. 
Azərbaycan həyata keçirdiyi beynəlxalq layihələr sülh prosesində reallaşan layihələrdir. Yəni, birmənalı olaraq sülhün tərəfdarıyıq. Ancaq Ermənistan danışıqlarda hər dəfə bir bəhanə gətirəcəksə, Azərbaycanın BMT-nin qərarlarına, konstitusion hüquqa, digər beynəlxalq sənədlərə əsaslanaraq, torpaqlarını işğaldan azad etmək hüquqa və gücə malikdir. Bunu Ermənistan da yaxşı başa düşür. Hətta Rusiyanın Ermənistanı əvvəlki kimi müdafiə etməyəcəyini də bilir. Belə bir vəziyyətdə Ermənistanın sülh istiqamətində addım atması vacibdir. Əks təqdirdə danışıqlar xatirinə danışıqlar aparılmayacaq. Belə olan halda regionda müharibə təhlükəsi artır. Bununla da regiondakı beynəlxalq layihələr təhlükə altında qalır”.
Politoloq əlavə etdi ki, Ermənistanın hansı siyasət həyata keçirəcəyi seçkilərdən sorna məlum olacaq: “Amma Ermənistan hakimiyyəti qeyri-səmimi görünür. Onların nə vaxt sülhə və ya müharibəyə hazırlaşdığını proqronzlaşdırmaq mümkün deyil. Seçkilərin nəticələrini və ondan sonrakı prsoesləri, Qərbin, Rusiyanın reaksiyasını gözləməliyik. Seçkilər başa çatdıqdan sonra Azərbaycan hansı addım atacağını özü müəyyənləşdirəcək”.
Digər siyasi şərhçi Zaur Məmmədov bildirdi ki, Elmar Məmmədyarovun fikirlərində həqiqət var: “Köçəryan-Sarkisyan rejimlərində Ermənistan qeyri-konstruktivlik nümayiş etdirirdi. Lakin Azərbaycan Nikol Paşinyan hakimiyyətindən sonra danışıqlara bir qədər ümid etmişdi.  Amma məlum oldu ki, Nikol Paşinyanın Dağlıq Qarabağ probleminə heç baxış bucağı belə yoxdur. O, Ermənistan daxilindəki gərginlikdən istifadə edərək, Dağlıq Qarabağ problemini «Qarabağ klanı»nın, orada yaşayanların üzərinə atmaq istəyir. Tez-tez “Dağlıq Qarabağ xalqı” tərəfinin olduğunu bildirir. Lakin hamıya məlumdur ki, “Dağlıq Qarabağ xalqı” sözündən istifadən etmək elmi deyil. Belə bir xalq dünyada mövcud deyil. Nikol Paşinyanın bu cür çıxışı sonda erməni xalqının tarixinə vurulan zərbə olacaq”.
Zaur Məmmədov qeyd etdi ki, iki ölkənin xarici işlər nazirləri arasında bir neçə görüş keçirilib: “Görünən odur ki, Ermənistanda xarici işlər naziri, prezident və baş nazir arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli fikirlər var. Onlar bu fərqi o qədər də büruzə verməməyə çalışırlar. Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Bundan sonra N. Paşinyan sual qarşısında qalacaq. Münaqişə ilə bağlı konkret addım atmasa, Azərbaycanın digər yollarla torpaqlarının qaytarılması ilə bağlı qərar verəcəyi istisna edilmir. ABŞ-ın Ermənistandakı səfiri R. Millzin Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması, ABŞ-ın Azərbaycan lehinə olan fikirləri onu göstərir ki, proseslər Ermənistanın lehinə deyil. Münaqişəni don vəziyyətdə saxlaya bilməyəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz