Əlaqə Arxiv
news Image
2018.10.26
08:00
| A A A
Fransız bələdiyyələrinin Qarabağ məsələsində Fransaya vurduğu böyük zərbə
Qanunu pozan bələdiyyə sədrləri ölkələrində hüquqa yuxarıdan aşağı baxdıqlarını göstərdilər

Bu günlərdə Fransanın Sent-Etyen, Alforvil və Valans şəhərləri merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərləri ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bu səfərləri qətiyyətlə pisləyən bəyanatı yayılıb. Sənəddə bildirilir ki, “bu, beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir”. 

XİN-dən verilən xəbərə görə, yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir: “Həmçinin bu kimi səfərlər, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir. 
Bu xüsusda xatırladırıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.
Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimatın məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırırıq”.
Dünyada insan hüquqları və ümumiyyətlə hüquq barədə fransızlardan çox danışan ikinci bir xalq tapmaq yəqin ki, mümkün olmaz. Amma, belə görünür ki, bu, sözdə belədir, işdə isə bu ölkədə hüquq məsələsi siyasi manevrlər alətidir. Fransız merlərin beynəlxalq qanunlarla yanaşı Azərbaycan xalqının Qarabağ torpağı üzərində mülkiyyət hüquqlarının kobud şəkildə tapdalanması, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından zorla qovulmuş yüz minlərlə soydaşımızın adi insani hüquqlarının pozulması deməkdir. Bəs, nədən dünyada ilk “İnsan hüquqları” bəyannaməsini yayan bir xalqın nümayəndələri belə bir hüquqazidd əməllərə yol verirlər? Ümumiyyətlə, doğrudanmı, fransızlar hüququn aliliyini qoruyan xalqdırlar və qurduqları hökumət də bu yolda ali vəzifələr icra edir? 
Fransanın mərkəzi massivindən ta İspaniyanın sərhəddinə qədər böyük bir ərazidə yaşayan əhali özlərini fransız saymır və həmin yerləri “Oksitan” ölkəsi adlaqndırırlar. Oksitanlılar açıq bildirirlər ki,fransızlar onların ölkəsini işğal ediblər və zəif də olsa müstəqillik arzusu ilə yaşayırlar. Yaxud, Koprsika adasının sakinlərinin müstəqillik arzusundan da real olan müstəqillik mübarizəsi bütün dünyaya bəllidir. İndi hər hansı bir ölkənin rəsmi vəzifə daşıyan şəxsi həmin ərazilərdəki şəhər və kəndlərə mərkəzi hakimiyyətin xəbəri olmadan səfər edib müxtəlif müqavilələr bağlasalar fransızlar necə reaksiya verərlər? 
Bir neçə il əvvəl Fransa Milli Ansambleyasında qondarma «erməni genosidi» barədə qanunun  imzalandığı vaxt Azərbaycandakı Fransa səfirliyi qarşısında hüquq müdafiəçilərinin mitinqi keçirildi. Həmin vaxt milli fəallardan biri əlində fransız dilində “Oksitana azadlıq” şüarı yazılmış əl boyda plakat tutmuşdu. Bu iki sözə görə Fransa səfiri dərhal Azərbaycan Prezident Administrasiyasına zəng edərək etirazını bildirmişdi. Halbuki bu, hansısa bir şəxsin aksiyası idi. Amma Fransada müxtəlif yollarla lövbər salıb özünü müxalifətçi adlandıran və Azərbaycan hakimiyyəti əleyhinə olmazın hədyanlar yağdıran bir qrup üzdəniraq azərbaycanlını qızışdıran Fransa hakimiyyətinə bağlı şəxslərin fəaliyyətinə göz yumulması heç bir hüquq çərçivəsinə sığmır. İndi 3 şəhərin meri min kilometrlərlə yol qət eləyib Azərbaycan torpağına qanunsuz səfərlər edir, fransız hökuməti isə susur. Bu adamlar özlərini yox, bir şəhərin bütün əhalisi adından çıxış edir, bəyanat verir, bəyannamə imzalayır. Buradan belə bir nəticə çıxarmaq olar ki, ya bu aksiya hökumətin məqsədyönlü gizli apardığı plandır, ya da Fransada hökumət o qədər zəifdir ki, hətta bələdiyyələr də xarici siyasətdə özbaşınalıq edirlər.  
Bu ilin iyulunda Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsi, 50-dən çox fransız şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi iki ölkə arasında yaranmış münasibətlərin yüksək səviyyə göstəricisidir. Bu ilin ortalarında Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə, onların həcmi daha da artacaq. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır. Fransa prezidenti Emmanuel Makronla söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək. İndi haqlı olaraq deyə bilərik ki, Fransa Qarabağ münaqişəsinin həllində belə iştirak edəcəksə, onda o, münaqişənin hıəllinə yalnız məne olmaq məqsədini güdür. Bizə isə belə kömək lazım deyil. Fransa Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi nəticəsində yaranan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu dövlət ATƏT-in Minsk qrupu çərçivəsində öz mandatına uyğun olaraq tərəfsiz və obyektiv mövqe tutmalı, münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün fəaliyyət göstərməlidir. Bu fəaliyyət çərçivəsində işğal faktının aradan qaldırılmasına mane olan təxribatçı və separatçı hərəkətlərin qarşısının alınmasına da xüsusi diqqət yetirməlidir. Lakin təəssüflər olsun ki, Fransanın bəhs olunan yerli özünüidarəetmə orqanlarının qanunsuz addımları nəinki Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir, üstəlik, bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir, Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir. 
Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində öz milli maraqlarını rəhbər tutmaqla yanaşı, digər dövlətlərin mənafelərini nəzərə alır, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət prinsipi əsasında davam və inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan digər ölkələrlə olduğu kimi, Fransa ilə münasibətlərdə də bu prinsipləri əsas götürür. Fransa da Azərbaycanın milli və dövlətçilik maraqlarını nəzərə almaqla müəyyən məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. Bu kontekstdə Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının yuxarıda bəhs olunan təxribatçı hərəkətlərinin qarşısını alması zəruridir. Digər tərəfdən, özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşlarının Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış etməsi sirr deyil. Bu, Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, ölkə ictimaiyyəti tərəfindən ciddi ikrah hissi ilə qarşılanır, qətiyyətlə pislənilir. Azərbaycan ictimaiyyəti Fransa hökumətinin bu cür halların qarşısını almasının zəruriliyini bəyan edir. Lakin təəssüflər olsun ki, bu ölkənin hökuməti tərəfindən Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd mövqe tutan, terrora və zorakılığa çağırış edən və beləliklə, qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görülmür. Bu da Fransaya qətiyyən başucalığı gətirmir. 
N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz