Əlaqə Arxiv
news Image
2018.10.26
09:30
| A A A
ABŞ Azərbaycanı regionda əsas tərəfdaşı qismində görür
Natiq Miri: “ABŞ Azərbaycana digər bölgələrdən daha çox üstünlük verir” Qabil Hüseynli: “907-ci” düzəlişin birdəfəlik ləğvi məsələsi gündəmdədir”

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri başa çatıb. Bu səfər çərçivəsində o, çox mühüm görüşlər keçirdi, ölkəsinin Azərbaycan barədə yüksək mövqeyini ortaya qoydu.

ABŞ rəsmisi açıq şəkildə Azərbaycanla münasibətlərin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Con Bolton qeyd olunan xüsusda bildirir: “Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir. Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla həmsərhəd olan yeganə ölkədən, yəni Azərbaycandan gedir”. Boltonun sözlərinə görə, Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir. 
Politoloq Natiq Miri ABŞ prezidentinin digər bölgələrlə müqayisədə Azərbaycana daha çox üstünlük verdiyini nəzərə alaraq bildirdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər daha da intensiv şəkildə inkişaf edəcək: “Əslində, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Cənubi Qafqaz səfəri düşünürəm ki, noyabr ayında İrana tətbiq olunacaq sanksiyalarla bilavasitə əlaqəlidir. Təbii ki, bu kontekstdə digər problemlər də müzakirə predmeti olub. 
Görüşlərdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişafına gəldikdə, təbii ki, Trampın prezidentliyə gəlməmişdən öncə də ölkəmizlə biznes əlaqələri olub. Onun bu fonda ölkəmizlə bağlı müsbət təəssüratı var. Ayrıca Tramp regionun ən strateji nöqtəsinin məhz Azərbaycanın olduğu barədə də təəssüratlara malikdir. Bu baxımdan Tramp biznes adamı olduğu üçün Azərbaycana digər bölgələrdən daha çox üstünlük verir. Həmin kontekstdə isə Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf edəcəyini demək olar”. 
Politoloq Qabil Hüseynli isə sözügedən səfər fonunda ABŞ-da “907-ci” düzəlişin ləğvi məsələsinin gündəmə gələcəyini istisna etmədi: “Hər halda səfər xoşməramlı səfərdir. Boltonun özü də mətbuat üçün açıqlamasında bildirdi ki, ABŞ üçün Cənubi Qafqaz, xüsusən də Azərbaycan çox mühüm əhəmiyyətə malik bir dövlətdir. Azərbaycanın neft-qaz ehtiyatları, eləcə də ölkəmizin mühüm dəmir yolu qovşağında yerləşməsi ABŞ-ın bölgədəki siyasətinin reallaşması üçün prinsipial əhəmiyyətə malikdir. 
Bolton qeyd etdi ki, Vaşinqton həmişə Azərbaycana böyük önəm verir və bu önəm bundan sonra daha da artacaq. O, hətta vurğuladı ki, Azərbaycana yardımı qadağan edən “907-ci” düzəlişin ləğv edilməsi də gündəmdədir. Düzdür, həmin düzəlişin ləğvi Konqresdən asılıdır. Ancaq prezident də istədiyi zaman həmin düzəlişi dayandırıb Azərbaycanla münasibətləri istədiyi səviyyəyə qaldıra bilər. Müşavir həmçinin qeyd edib ki, Azərbaycan Amerikanın Əfqanıstan siyasətində də fəal rol oynayır. Amerika məhz Azərbaycanın nəqliyyat və hava yolundan istifadə edərək Əfqanıstana lazım olan yükü göndərir. O, həmçinin, ABŞ-ın müttəfiqi olan Avropanın neft və qazla təminatında Azərbaycanın imkan və oynadığı rolu da yüksək dəyərləndirib. Bu fonda da Vaşinqtonla Bakı arasında münasibətlər inkişaf edir. 
Dağlıq Qarabağ məsələsinə gəldikdə, Bolton bu istiqamətdə ABŞ-ın müsbət niyyətlərinin olduğunu və onu həyata keçirməyə çalışacağını bəyan edib”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz