Əlaqə Arxiv
news Image
2018.10.26
11:26
| A A A
Humanitar Forumun üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya işə başlayıb.
Movqe.az  xəbər verir ki, əvvəlcə “Bakı Prosesi”dən bəhs edən film nümayiş etdirilib.
Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilir.
“Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu, mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. Görülən bütün işlər mədəniyyətlərarası dialoqa mühüm töhfələr verib.
Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığını deyən nazir qeyd edib ki, bu günə qədər müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə nazirlərin görüşləri təşkil edilib. Turizm sənayesi bu proqramlara qoşulub, mədəni dialoqda fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Yeni cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin rolu həmin görüşdə ətraflı müzakirə edilib.
“Bu gün “Bakı Prosesi”nin çox gözəl nəticələrinin şahidiyik. Bu 10 il ərzində bizə dəstək verən hər kəsə Azərbaycan Hökuməti adından təşəkkür edirəm”, - deyə nazir vurğulayıb. 
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriçıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm təşəbbüsü dünyanı bürüyən iqtisadi, siyasi böhran fonunda çox mühüm və müdirik qərar oldu. Bu təşəbbüs dünya ictimaiyyətinə böyük ümidlər verdi. Mədəniyyətlərarası dialoq üçün ümidlər yarandı. Azərbaycan Bakı Beynəlxalq Humanitar forumlarını və digər beynəlxalq tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa önəm verdiyini nümayiş etdirir.
UNESCO-nun sabiq baş direktoru İrina Bokova “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə aparılan işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Biz yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə apara bilərik. Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlərə, mədəniyyətlərarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir.
UNESCO-nun baş direktorunun müavini Çu Sin qeyd edib ki, UNESCO hər zaman bu fəaliyyətdə yaxından iştirak edib. Azərbaycan “Bakı Prosesi”nin inkişafı üçün mühüm işlər görür. Biz şahidiyik ki, cəmiyyətlərdə qarşıdurmalar baş verir, dünya böyük böhranlarla üzləşir. Hətta mədəni müxtəliflik məsələləri də təhdid altındadır. Ona görə də mədəniyyətlərarası dialoq bizim qarşımızda dayanan mühüm çağırışdır. Hesab edirəm ki, dialoq, anlaşma sülh quruculuğunda mühüm açar rolunu oynaya bilər. “Bakı Prosesi” bizim gələcəyimizə çox böyük töhfələr verəcək. Bu proses fərqli, lakin maraqlı dairələri bir araya gətirdi və bizim üçün gözəl bir müzakirə platforması yaratdı. “Bakı Prosesi” UNESCO-nun fəaliyyətinə də töhfə verir.AZƏRTAC

 

Sizin Reklam Yeriniz