Əlaqə Arxiv
news Image
2018.10.30
07:00
| A A A
Vaşintondan İrəvana Qarabağ mesajı
Natiq Miri: “Paşinyan hakimiyyətdə uzun müddət qalmaq istəyirsə, bunun yolu Dağlıq Qarabağ probleminin həllindən keçir”

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgəyə səfəri gedişində İrəvanda bəyan edib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir. Bununla o, açıq şəkildə mesaj verib ki, İrəvan Qarabağ münaqişəsinin həllində addım atmalıdır. Əks halda xarici təzyiqlərə məruz qalmaqda davam edəcək.

Qeyd edək ki, Boltondan öncə ABŞ-ın Ermənistandakı səfiri də  anoloji fikirləri səsləndirmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllinə nail olmaq üçün Ermənistanı yola gətirməyə çalışırlar. Bununla onlar həmçinin topu artıq İrəvan tərəfə atırlar. Ya İrəvan həmin mesajdan dərs götürərək, münaqişənin həllinə doğru addım atacaq. Ya da mövcud status-kvo vəziyyətini saxlamaqda davam etməklə, Paşinyan ölkəsini Sarkisyan dövründə olduğundan daha pis duruma salacaq. 
Politoloq Natiq Miri bildirdi ki, ABŞ rəsmiləri tərəfindən səslənən həmin mesajlara Ermənistan saymazyana yanaşmaqda davam etsə, işğalçı ölkə «ölü dövlət» olaraq fəaliyyət göstərməkdə və bu yöndə daha dərin uçuruma düşməkdə davam edəcək: “Hələ Con Boltondan əvvəl Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfirinin açıqlamalarında da düşmən ölkəyə bildirilirdi ki, sülh istəyirsənsə, istənilən halda mütləq mənada işğal edilmiş ərazilər geri qaytarmalısnn. Boltonun həmin açıqlamasını da əslində, bu mesajın davamı kimi qəbul etmək olar. Bu, həm də Ermənistan rəhbərliyinə onun alternativinin olmadığını göstərən bir  mesajdır.  
Sülhün olmasını və beynəlxalq təzyiqlərdən qurtarmaq istəyirsənsə, mütləq mənada güzəştə getməyin alternativi yoxdur. Paşinyan da Sarkisyanın sözügedən məsələdə həyata keçirdiyi siyasətini davam etdirərsə, Ermənistana qarşı bu təzyiqlər davam etdiriləcək. Paşinyan fərqli demokratik hökumət yaratmaq, Ermənistanı inkişaf etdirmək və xalqa verdiyi vədlərə əməl etmək istəyirsə, bu ölkəyə yeni maliyyə yastıqlarının gəlməsi lazımdır. Təbii ki, Ermənistan öz daxili imkanları hesabına bunları etmək gücündə deyil. Bu maliyyə vəsaitləri yalnız xaricdən gəlməlidir ki, Paşinyana da bu kimi maliyyə dəstəyini yalnız Qərb dünyası və ABŞ verə bilər. Boltonun açıqlaması həm də buna yönəlik bir mesajdır. Yəni dəstək və təzyiqlərdən qurtarmaq istəyirsənsə, çıxış yolu ancaq Dağlıq Qarabağ məsələsində güzəştə getməkdən ibarətdir. Bu baxımdan da Boltonun açıqlamasını bir növ ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması kimi qəbul etmək lazımdır. 
Ermənistanın bunu qəbul edib-etməməsi məsələsinə gəldikdə, bu, o qədər də önəmli deyil.  Paşinyan parlament seçkilərində qalib gələrək hakimiyyətdə uzun müddət qalmaq istəyirsə, bunun yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Çünki bu problem həll olunmadan Ermənistanın iqtisadi cəhətdən inkişaf etməsi perspektiv baxımdan mümkün deyil. Ona görə də Dağlıq Qarabağ probleminin həlli həm də Ermənistanın Türkiyə ilə münasibətlərinin yaranması ilə paralel inkişaf etməlidir. Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə ilə sərhəd qapalı qalacaq. Bu isə Ermənistanın gələcək inkişaf perspektivinin qarşısına böyük bir sədd çəkir. Ona görə də Bolton dolayısı ilə anlatmaq istəyib ki, Ermənistan inkişaf etmək istəyirsə, bunun üçün Dağlıq Qarabağ probleminin həllində güzəştə getməlidir. Düşünürəm ki, Paşinyanın buna alternativ hər hansı bir planı yoxdur və olmayacaq. Bu həqiqət əslində, Sarkisyan dönəmində də mövcud idi. Sadəcə, bu gerçəkliyi “Qarabağ klanı” qəbul etmək istəmirdi. Paşinyan hökuməti də anoloji səhvləri təkrarlayacaqsa, Ermənistanda onların da gələcək perspektivi olmayacaq.  Çünki xalqa verilən vəd var və onlar uzun müddfət işsiz və çörəksiz qala bilməz. 
Ermənistanın inkişafı regionun ən güclü dövlətləri olan Türkiyə və Azərbayanla münasibətlər yaratmasından keçir. Bunun alternativi yoxdur. Ermənistan nə qədər tez bu gerçəyi anlasa, təbii ki, onun inkişaf yönündəki yolu də bir o qədər tez açılacaq. Əks təqdirdə, Ermənistan «ölü dövlət» olaraq fəaliyyət göstərməkdə davam edəcək ki, bu da Paşinyan hökumətinin gələcək perspektivinin qarşısını alır”.   
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz