Əlaqə Arxiv
news Image
2018.10.30
09:40
| A A A
Beynəlxalq hüquqda böhran dərinləşir
Elşən Manafov: “BMT özü də dünya birliyi qarşısında beynəlxalq hüquq normalarını iflic vəziyyətə salmağına görə məsuliyyət daşıyır”

VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı  Prezident İlham Əliyev Dağlıq Qarabağ konfliktinə də geniş şəkildə toxunaraq bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib: “Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin“. 

Artıq Azərbaycan neçənci dəfədir ki, qərar və qətnamələrin icrası üçün beynəlxalq mexanizmin işləməli olmasını gündəmə gətirir. Belə bir işlək mexanizminin olmaması fonunda mövcud problemlər həll edilmək əvəzinə, daha da kəskinləşir, yeni münaqişələr meydana çıxır. 
Politoloq Elşən Manafovun fikrincə, münaqişə ətrafında yaranan problemlərin tənzimlənməsi üçün işlək mexanizmlərin olmaması qlobal terrorizm təhlükəsinin daha dərin şəkildə ayaq açmasına rəvac verə bilər. Buna yol verməmək üçün isə ekspertə görə, BMT kimi qurumun iş prinsipi dəyişməli, burada struktur islahatları aparılmalıdır: “Dağlıq Qarabağ probleminin həlli üçün indiyə qədər qəbul edilən qərar və qətnamələrin yerinə yetirilməməsi ilk növbədə BMT-nin müvafiq beynəlxaqlq güclər tərəfindən öz maraqlarının təmin edilməsi üçün vasitəyə çevrilməsilə bağlı amilləri özündə ehtiva edir. Çox təəssüf ki, BMT müasir dünyada sülh, sabitlik və təhlükəsizliklə bağlı problemlərin öhdəsindən bütün hallarda gəlmir. Dünyanın bu və ya digər bölgəsində baş verən hadisələrə münasibətini  BMT beynəlxalq qanunlardan deyil, daha çox orada təmsil olunan aparıcı güclərin maraqlarından çıxış etməklə sərgiləyir.  Bunun da səbəbi BMT-nin özünün iş prinsipindədir və ya Təhlükəsizlik Şurasında söz sahibi olan dövlətlərin dünyanın müxtəlif bölgələrində gedən proseslərə öz maraqları prizmasından baxmalarından irəli gəlir. 
Necə olur ki,  BMT Liviya ilə bağlı qəbul etdiyi qətnamələrin dərhal icrasına başlayır, amma Dağlıq Qarabağla bağlı 25 ildir qəbul edilən qətnamələrin icrası istiqamətində hər hansı bir addım atılmır? Bu, onu göstərir  ki, Qarabağ probleminin BMT səviyyəsində öz həllini tapması üçün bu qurum daxilində ciddi struktur islahatları aparılmalıdır. Güman edirəm ki, bu halda BMT Təhlükəsizlik Şurası dünyanın müxtəliq bölgələrində olan ziddiyyətlərə daha dərindən, obyektiv və daha ədalətli yanaşa bilər. 
BMT-nin maliyyə vəsaitinin 70-80 faizini ABŞ ödəyir. Bu məsələyə musiqidə olduğu kimi “pulu kim verirsə, müsiqini də o sifariş edir” yanaşdıqda, BMT-nin də hazırda sərgilədiyi mövqeyə qurumun ABŞ-ın maliyyəsindən asılı olması ciddi şəkildə öz təsirini göstərib. BMT-də ciddi struktur islahatları aparılmalıdır. Qurum dünyada gedən proseslərə beynəlxalq hüquq prinsipləri əsasında yanaşmalıdır. Yalnız bu halda Qarabağ münaqişəsinin həllilə bağlı qətnamələrin icrası istiqamətində daha real addımların atılacağını müşahidə edə bilərik. İndiki halda BMT-nin özü də beynəlxalq hüququn iflic vəziyyətə gətirilməsinə görə məsuliyyət daşıyır. BMT-nin belə ikili standart yanaşmasının nəticəsidir ki, dünya miqyasında münaqişə və problemlər həll olunmaq əvəzinə, daha da artır. 
Yaranan qlobal problemlərin əksəriyyəti də məhz ona münasibətdə BMT kimi qurumların qərəzli və ədalətsiz mövqe nümayiş etdirməsindən qaynaqlanır. Müasir dünyanın qlobal problemi  beynəlxalq terrorizmin dünya üçün doğurduğu problemdir ki, beynəlxalq qurumların ikili yanaşması terrorizmin daha da ayaq açmasına yol açır.  
Bir həftə öncə ABŞ zamanında sovet hökumətilə yaxın və orta mənzilli raketlərin ləğvilə bağlı müqavilədən birtərərli şəkildə çıxacağını bəyan etdi. Hələ də BMT bu məsələni müzakirəyə çıxarmayıb. Düzdür, istisna etmirəm ki, Rusiya və Çinin tələbilə BMT-də ABŞ-ın həmin addımı müzakirəyə çıxarılacaq. Amma düşünmürəm ki, BMT Vaşinqtonu beynəlxalq hüquqi müstəviyə qaytarmaq üçün ABŞ-a təzyiq edə biləcək real addımlar atmaq iqtidarında olsun. Problem də bundadır. BMT bu gün əsasən ABŞ tərəfindən maliyyələşirsə, deməli, qurumda ciddi struktur islahatlarına ehtiyac var. BMT özü də dünya birliyi qarşısında beynəlxalq hüquq normalarını iflic vəziyyətə salmağına görə məsuliyyət daşıyır. Bu qurumda ciddi struktur islahatları keçirilməlidir”. 
Rüfət NADİROĞLU
   

Sizin Reklam Yeriniz