Əlaqə Arxiv
news Image
2018.10.30
09:50
| A A A
Ermənistan regionda sabitsizlik mənbəyidir
Nikol Paşinyanın hakimiyyəti ələ keçirmək üçün verdiyi vədlər indi erməni cəmiyyətində nağıldan başqa heç bir mənəvi təsir doğurmur

Rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, Ermənistan bölgədə sabitsizlik mənbəyidir. O, Cənubi Qafqazın bu  ölkəsində “indi də seçki vasitəsilə dövlət çevrilişini legitimləşdirmək, parlamentə Nikol Paşinyanın tərəfdarlarını seçdirmək yolu ilə onun şəxsi hakimiyyətini möhkəmləndirmək” siyasəti yürüdüldüyünü vurğulayıb. Ekspertin fikrincə, N.Paşinyana hakimiyyətin təkrar ötürülməsi ölkəni uzunmüddətli sabitsizlik girdabına sürükləyir: “Belə ki, Paşinyan ölkədə öz şəxsi hakimiyyətini qursa da, korrupsiya ilə mübarizə aparmaq, əhalinin rifahını qaldırmaq kimi əsas vədlərini yerinə yetirməyəcək”.

Belə bir nəticəyə gəlmək üçün ekspertin əlində kifayət qədər fakt var. Çünki, erməni diasporu ölkəyə investisiya yatırmaq barədə Paşinyanın çağırışlarına məhəl qoymur və bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması sərmayələr üçün ciddi siyasi və hərbi təhlükə yaradır. Yəni, bütün məsələlər Dağlıq Qarabağ probleminə dirənir, bu problem həllini tapmasa, Ermənistan iqtisadiyyatı indiki vəziyyətdə qalacaq.
Nikol Paşinyanın hakimiyyəti ələ keçirmək üçün verdiyi vədlər indi erməni cəmiyyətində nağıldan başqa heç bir mənəvi təsir doğurmur. Ona görə ki, Ötən 6 ayda ölkədə müsbətə doğru nə icə bir dəyişiklik baş verməyib. İqtisadiyyatın acınacaqlı vəziyyəti davam edir. İnsanlar iş gözləyir, bu isə yoxdur. Qarabağ klanını, keçmiş cinayətkarları hakimiyyətdən salmaq nə qədər asan başa gəlibsə, ölkədə vəziyyəti düzəltmək bir o qədər də çətinləşib. Bu, ona görə deyil ki, yeni hakimiyyət bu istiqamətdə çalışır, amma hələlik alınmır. Xeyr, məsələ ondadır ki,  Nikol Paşinyanın siyasəti köhnələrin fəaliyyətindən fərqlənmir və bu yolda tutduğu istiqamətdə son nəticədə onu diktatorluğa aparır. 
Ermənistanın keçmişi, bu günü kimi gələcəyi də qaranlıq görünür. Bu gün “sabotaj”, “əksinqilab” kimi sözlər çox dəbdədir və hakimiyyət iqtisadiyyatla məşğul olmaq əvəzinə bu sözlərin girdabında özünə yuva qurur. Paşinyanın komandası simasında yeni hakimiyyət Ermənistan respublika partiyasının simasında köhnə hakimiyyətlə parlament seçkiləri meydanında son döyüşə çıxıblar. Ekspertlərin fikrincə, Paşinyan parlamenti ələ almağı bacaracaq. Amma bundan Ermənistana və ermənilərə nə fayda? Bu şəxs öz hakimiyyəti uğrunda çalışır. Mütəxəssislərin rəyinə görə, parlamenti ələ alcağı təqdirdə Paşinyan diktatorluğa da yiyələnəcək. Bu isə xalqa heç nə verməyəcək. «Qarabağ klanı»nı ola bilsin «Soros klanı» əvəzləyəcək. Lakin bu sülh yox, ziddiyyətlər və təbəddülatlar dağarcığı olacaq. Çünki, parlamentin birpartiyalı mandatdan ibarət olması çox təhlükəlidir. Yeri gəlmişkən, Ermənistan parlamentinin oktyabrın 29-da keçirilən iclasını Respublika partiyasından olan deputatlar boykot ediblər. Onların iclasa gəlməməyi yetərsayı pozub və iclas baş tutmayıb. 
Ermənistanın hazırkı vəziyyətdən çıxması üçün bir yol var: Qarabağ münaqişəsini mümkün qədər tez sülh yolu ilə həll etmək. Bu haqda Ermənistana çoxvektorlu müraciətlər var. Lakin Qarabağ klanını ölkəni ağır iqtisadi duruma salmaqda günahlandıran Paşinyan güruhu da Qarbağ münaqişəsinin həllində konstruktiv mövqe sərgiləmir. Halbuki, bugünkü Ermənistanın ağır günə düşməsinin başlıca səbəbi məhz bu münaqişənin ermənilər tərəfindən körükləndirilməsidir. Ermənistan Azərbaycanın dinc yolla apardığı azadlıq müharibəsinin güdazına gedib. Onun haqsız mövqeyi, başqasının torpaqları hesabına özünə gün-güzəran qurmaq sevdası puça çıxıb. Ancaq bu ölkə ziyanın yarısından qayıtmağı bacarmır. Bu səbəbdən də gələcəyi qaranlığa bürünüb. Bu tərəfdən də inqilabçı imici ilə hakimiyyətə gələn Paşinyan köhnələrin xülyalarını davam etdirdiyindən ölkədaxili vəziyyət normallaşmayacaq, yəni sülh olmayacaq. Daha çox sərvət əldə etmək uğrunda cinayətkarlıq hakimiyyəti sarmaşıq kolu tək örtəcək. Xalq əziyyət içərisində inləyəcək. Azərbaycan isə ərazi bütövlüyü kimi müqəddəs və haqq işi uğrunda əzmini artıracaq. Bu minvalla Ermənistan nəinki ölkə daxilində, həm də regionda sabirliyin bərqərar olmasında böyük əngəl olaraq qalacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz