Əlaqə Arxiv
news Image
2018.10.31
11:20
| A A A
Paşinyan erməni xalqının ən böyük problemidir

Nikol Paşinyanın vədlərinin sonu çatır. Artıq onun küçədən bəyan etdiyi və pafoslu səslənən fikirlərdən konkret əmələ keçmək vaxtıdır. Bunun üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr göstərir ki, rəsmi İrəvan hələlik bu mövqedən çox uzaqdır. Əksinə, meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir. Paşinyan təkcə siyasi cəhətdən səriştəsiz biri kimi deyil, hətta bir-birini təkzib edən, ziddiyyət təşkil edən fikirlər səsləndirən biri kimi ad çıxarıb. Bu gün atdığı addımın üzərindən 24 saat keçmədən əksini edir ki, bu da Paşinyanın siyasi fiqur kimi onsuz da az olan nüfuzu və imicini kifayət qədər zədələyir. Baş nazir vəzifəsini zəbt edən, ilk gündən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində İrəvanın deyil, qondarma rejiminin təmsil olunmasını vacib sayan Paşinyan, sonradan həmsədrlərlə görüşmək, eyni zamanda Ermənistan xarici işlər nazirini azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşmək üçün Brüsselə göndərməklə vermiş olduğu ilk açıqlamanı təkzib etdi. Eləcə də rəqiblərini sıradan çıxarmaq məqsədilə apardığı həbslərə beynəlxalq aləmdən sərt reaksiya gələn kimi çaşqınlıq içində qalaraq sərt addımlarını bir qədər yumşaltdı. Demək olar ki, qısa müddətdə sərsəm və səviyyəsiz hökumət rəhbəri kimi tanınan Paşinyan Ermənistanın da bir dövlət kimi heç olduğunu dünyaya sübut etməkdədir. Erməni cəmiyyəti bir daha əmin oldu ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsini həll etməyə nə gücü, nə hərbi imkanı, nə də lazımi səviyyədə diplomatik təcrübəsi var. Bu səbəbdəndir ki, Ermənistan getdikcə daha da çıxılmaz bataqlığa qərq olur.
Baş nazir kimi Azərbaycana “hədə-qorxu” gəlməyə çalışan həmin zavallı, dərhal həyat yoldaşını Dağlıq Qarabağa göndərib və oradan Azərbaycan qadınlarına müraciət göndərtdirir ki, müharibəyə imkan verməsinlər. Necə deyərlər, bir tərəfdən “hürür” ki, qorxutsun, o biri tərəfdən isə “quyruq bulayır” ki, qorxduğunu da görsünlər. Bütün hallar onu göstərir ki, Ermənistanın siyasi səhnəsi yox dərəcəsindədir. Paşinyan qısa müddətdə onsuz da dolaşıq olan Ermənistan siyasi mühitini çıxılmaz vəziyyətə gətirib. Beləcə erməni xalqı üçün fəlakətli və vahiməli günlər bundan sonra başlaya bilər. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.
Təəssüf ki, Ermənistanda indi xalqdan belə bir addım atmağı gözləmək elə də inandırıcı deyil. Bir sözlə, zaman erməni xalqının əleyhinə işləyir. Paşinyana gəldikdə isə... O, ümumiyyətlə, hazırkı erməni cəmiyyətinin və xalqının ən böyük problemidir. Onu da ilk növbədə erməni xalqı özü həll etməlidir.

Analitik Ehtiram Aşırlı

Sizin Reklam Yeriniz