Ermənistan erməniləri və Qarabağ separatçıları arasında ziddiyyət dərinləşir. İndilərdə bu gərginlik siyasi rəhbərlik arasında daha qabarıq formada təzahür edir. Belə ki, Dağlıq Qarabağdakı rejim də “parlament seçkisi”nə hazırlaşır. Hətta artıq Bako Saakyan Paşinyana güc göstərir.
Düzdür, Nikol Paşinyanın şansları daha üstün qiymətləndirilir. Lakin siyasilərin fikrincə, bu gün Ermənistanla bağlı konkret proqnoz vermək çətindir. Orada cəbhələr artıb. Proseslər hər an qarşıdurmaya çevrilə bilər. Millət vəkili Elman Məmmədov bildirir ki, bu gün Dağlıq Qarabağdakı cinayətkar qondarma quruma rəhbərlik edənlərin hər biri Köçəryan-Sarkisyan komandasının üzvləridirlər: “Onlar Moskva tərəfindən təyin edilmiş şəxslərdirlər. Bu fonda Nikol Paşinyanla onların mövqelərinin üstə-üstə düşməməsi təbii haldır və itaətsizlik göstərmələri davam edəcək. Ona görə də Paşinyan seçkilərdə qalib olsa, Qarabağda öz adamlarını rəhbərliyə gətirməyə çalışacaq”.
Millət vəkili əlavə etdi ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında münasibətlər daim gərgin olub: “Onlar arasında qarşıdurmanın kəskinləşməsi isə Azərbaycanın xeyrinədir. Çünki bu hal düşmənin zəifləməsinə gətirib çıxaran amildir.
Digər tərəfdən Paşinyanın kimlər tərəfindən hakimiyyətə gətirilməsi hamıya məlumdur. Onun mövqeyi gəlcəkdə Ermənistanı həmin istiqamətə də aparacaq. Bu da Qarabağ erməniləri ilə yerli ermənilərin münasibətlərinin getdikcə pisləşməsinə səbəb olacaq. Hansı ki, bu da Azərbaycanın xeyrinə işləyən amildir. Dekabar ayının 9-nu gözləyək. Ermənistandakı bulanıq vəziyyət ondan sonra məlum olacaq. Adətən seçki ərəfəsində siyasi liderlər özlərini daha vətənpərvər göstərməyə çalışırlar. Odur ki, seçkidən sonra mövqelərində müəyyən dəyişikliklər ola bilər”.
Digər siyasi şərhçi Ehtiram Aşırlı bildirdi ki, Ermənistanda seçkiqabağı siyasi etirazlar qızışır: “Əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim arasındakı qarşıdurmasıdır. Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi. Bundan sonra qondarma rejimin nümayəndələri ilə Paşinyan arasında gərginlik yaşandı. Həttə gərginlik o səviyyə çatıb ki, tərəflər övladlarının hərbi xidmətə getmədiklərinə dair özü-özlərini ifşa etməyə başladılar. Belə ki, Paşinyan qondarma rejimin məmurlarının övladlarını hərbi xidmətə göndərmədiklərini bildirirək onları günahlandırdı. Qondarma rejimin nüməyəndələri isə bunu təkzib edərək, hərbi xidmətdə olmayan birinin Qarabağdan və xidmətdən danışması haqqının olmadığı bildirdilər.
Paşinyanın Qarabağdakı separatçı Bako Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın adamıdır. Bununla yanaşı Paşinyan "Qarabağ klan"ın mövqeyini zəiflətməyə çalışır. Düzdür, Paşinyan ilk zamanlar Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməklə “Qarabağ klanı”nın dəstəyini almaq niyyətində idi. Lakin sonrakı proseslərdə Paşinyanın “Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejim keçmiş iqtidarı dəstəkləməsi faktı Paşinyanın klana qarşı siyasətində dəyişikliklərə getməsinə səbəb oldu. Paşinyanın separatçı rejiminin ünvanına sərt bəyanatları da buradan qaynaqlandığını ifadə edə bilərik. Bu baxımdan hazırkı vəziyyətdə Paşinyan “Qarabağ klanı”nı özünə qarşı maneə olaraq görür. Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o, kresloda oturmağa davam edəcək. Böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq niyyətinin olduğunun göstəricisidir. Məhz bu səbəbdən qondarma rejimin separatçı başçısı Saakyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfər edərək, həmin ölkələrə münaqişə ilə bağlı öz mövqeylərini bildirirdi. Xüsusilə, Saakyan Rusiyaya səfər edərək Paşinyan ilə bağlı narahatlıqlarını ifadə etmiş oldu”.
Politoloq əlavə etdi ki, separatçı rejimlə Paşinyan arasında yaşanan gərginlik hazırda Ermənistanda böyük narahatlığa səbəb olub.
Mübariz BAYRAMOV