Əlaqə Arxiv
news Image
2019.03.02
08:00
| A A A
İrəvanın sərsəmləmələri Qarabağ savaşını qaçılmaz edir
Natiq Miri: “Tez bir zamanda ermənilərin bu kimi absurd fikirlərinə son qoyulmasa, müharibə qaçılmazdır”

Rəsmi Bakı dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Amma İrəvan yenə fərqli hava çalır. Ermənistanın baş naziri Nikol Paşinyanın İranad səfərdə olarkən verdiyi açıqlamalar da bunu təsdiqlədi. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Dağlıq Qarabağda olarkən Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb.

Bu hal Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Politoloq Natiq Miri bildirdi ki, İrəvan qısa zamanda absurd fikirlərə son qoyub konstruktiv dialoqa gəlməsə, müharibənin başlanması qaçılmazdır: “Azərbaycanın danışıqlar formatının bəlli olması fonunda onun dəyişdirilməsinin müzakirə mövzusu olmadığını deməsinə rəğmən, İravanın fərqli hava almaqda davam etməsi, tənzimləmə prosesinə separatçıların da daxil edilməsinə çalışması, Paşinyan hökumətinin bu kimi açıqlamaları yalnız və yalnız vaxt qazanmağa hesablanmış addımlardır. Çünki, yalnız bu kimi absurd fikirləri ortaya atmaqla zaman qazanmaq mümkündür. Əks təqdirdə, mütləq mənada masa üzərində detallı müzakirələr başlamalıdır ki, o da mərhələli həll planını tələb edir.

Paşinyan hökuməti üçün bu,  təbii ki, qeyri-populyar addım olardı. Ona görə ki, Paşinyan belə addım atmaqla dolayısı ilə müxalifətdə olan “Qarabağ klanı”nın əlinə tutarlı dəlillər verə bilər. Onlar bu fonda Paşinyanın torpaqları, daha doğrusu Dağlıq Qarabağ ətrafı əraziləri qaytarmağa hazır olduğunu bəyan etməklə, siyasi hədəf kimi həmin məqamdan  yeni hökumətin əleyhinə istifadə edəcəklər. Paşinyan da bunları anlayır. Ona görə də Dağlıq Qarabağ separatçılarının da danışıqlar prosesinə qatılması məsələsini ortaya atmaqla zaman qazanmaq istəyir.

Bu istəyində ikinci hədəf də var. Belə ki, Paşinyanın həmin hərəkəti indiki vəziyyətdə bir növ məsuliyyətdən qaçmaq istəyilə bağlıdır. Yəni bu açıqlamanın arxasında duran əsas iki hədəf zaman qazanmaq  və təkbaşına məsuliyyət daşımaqdan qaçmaqdan ibarətdir. Yəni məsuliyyəti tək bölüşmək niyyətində deyil, həm də qondarma Dağlıq Qarabağ rejiminin üzərinə də atmaqla həmin məsuliyyəti bölüşmək istəyir. Ancaq onu da nəzərə alın ki, bu çox təhlükəli bir məqamdır. Çünki bu cür boş fikirləri ortaya atmaqla və heç bir siyasi nəticəsi olmayan görüşləri davam etdirmələri tezliklə belə görüşlərin bitməsi anlamına gəlir. Bu isə artıq hər an böyük bir mühairəbəyə hazır olan Azərbaycana savaş yolunu açmaq anlamına gəlir. Artıq bu yöndə təkcə Azərbayan rəsmləri, siyasi ekspertləri deyil, fikir vermisinizsə, artıq dünya miqyasında da danışıqlar. Hətta Ermənistanın havadarı olan Rusiya səviyyəsindəki siyasi ekspertlər də müharibənin qaçılmaz olduğunu iddia edirlər. Ona görə düşünürəm ki, Ermənistanın indiki hakimiyyətinin süni surətdə zaman qazanmaq məsələsi uzun müddətli olacaq məsələ deyil. Tez bir zamanda bu kimi absurd fikirlərə son qoyulmasa, dediyim kimi müharibə qaçılmazdır. Amma düşünürəm ki, qısa zamanda belə absurd fikirlərə son qoyulacaq və Paşinyan hökuməti Dağlıq Qarabağ problemilə bağlı qərar vermək seçimi qarşısında qalacaq”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz