Əlaqə Arxiv
news Image
2019.03.06
19:47
| A A A
Avropa demokratiyasının ikili standartlarının bumeranq effekti
Nə qədər ki, siyasətdə sözlə işin vəhdəti olmayacaq, dünyada rahatlıq yaranmayacaq

 

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Qarabağ münaqişəsinin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib. İndiyə qədər Azərbaycanın bu çağrışlarına rəğmən, bəzi dünya ölkələri hələ də ikili standartlardan çıxış edib Ermənistana təzyiq göstərmir. 

 

Bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev bu səfərin  regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu deyən dövlət başçısı danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını, lakin Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib. Münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyi Azərbaycan tərəfdən qeyd edilib.

Məsələ burasındadır ki, Azərbaycanın göstərdiyi sülhpərvər səylərlə Ermənistan tərəfinin antisülh bəyanatları bir-birini təkzib edir. Ermənistanın milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyanın Azərbaycanın işğal etdikləri ərazisində verdiyi bəyanatlar açıq-aşkar beynəlxalq hüquqa zidd və hörmətsizliyi ifadə edir. İşğalçı rejimin hakimiyyət mənsubları məsuliyyət hissini o dərəcədə itiriblər ki, müharibənin öz xalqlarına müsibətlər gətirdiyini də unudublar.

Lakin bu məsuliyyətsizliyin bir qolu da beynəlxalq strukturlasrın, xüsusilə də coğrafi cəhətdən Avropada yerləşməsi baxımından Aİ strukturlarının üzərinə düşür. Uzun illər ərzində bu qurumlar dəfələrlə münaqişə üzərində müzakirələr keçirsə də, bir neçə sanballı qətnamə və qərarlarla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, nəticə etibarı ilə Ermənistana “gözün üztə qaşın var” deyən olmayıb. Yəni, işğalçı ölkəyə nə bir iqtisadi, nə də siyasi sanksiya tətbiq edilib. Yalnız Azərbaycanın və qardaş Türkiyənin iqtisadi və siyasi blokadası, habelə bir neçə müsəlman dövlətinin siyasi təcridi ilə qəsbkar Ermənistana həlledici təsir etmək mümkün deyil. Başqa sözlə, əgər sülh prosesinə ATƏT-in Minsk qrupu kimi beynəlxalq qurum qoşulubsa, onda sanksiyalar tətbiqi bu qurumun əlində ciddi vasitə olmalıdır. Azərbaycan öz gücü və qüdrəti ilə Ermənistanı kifayət dərəcədə blokadaya salıb. Lakin burdan o yana artıq hazırkı səylər çərçivəsində irəliləmək mümkün deyil. Sülhün əlacı, belə görünür ki, zorda, yəni müharibədədir. Lakin Minsk qrupu qətiyyətlə bu yolun əleyhinə çıxır. Amma sanksiyalar haqda susur. Demək, ikili standarlar tətbiqi gündəmdədir və bu, Avropaya şərəf, regiona sülh gətirə bilməz. Söhbət Avropa qurumlarının qətiyyətindən gedir.

Düzdür, bir neçə gün əvvəl Avropa Şurasının prezidenti Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə baş nazirin mahiyyətdən uzaq təkliflərinə qarşı bildirib ki, status-kvo uzun müddət davam edə bilməz, beynəlxalq hüquq normaları çərçivəsində siyasi həll yolu tapılmalıdır. Ancaq, işğaldan keçən 27 il uzundan da uzun müddətdir və status-kvo haqda da təqribən 10 il var ki, danışılır. Nəticə yoxdur, amma sülhə məcburetmə də yoxdur. Bu ikilililk nə vaxta qədər davam edəcək? Bizcə, indi beynəlxalq qurumlar bu sualın cavabı haqda düşünməli və vəzifələrini aydınlaşdırmalıdırlar. Əks halda, kənara çəkilmələri məntiqi olar. Çünki, Azərbaycan sülh yolunun istiqamətini bilir və vasitələrçisiz də ərazi bütövlüyünü bərpa edə bilər.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz