Əlaqə Arxiv
news Image
2019.03.07
15:19
| A A A
Siyasi statusun dayanıqlığı insanlara təpər verir
Azərbaycan vətəndaşı sözünün qədrini bilir, çünki onun hər kəlməsi dövlətin rəhbəri üçün əhəmiyyətlidir

Bu gün cəmiyyət elə bir inkişaf mərhələsinə çatıb ki, artıq onu təşkil edən fərdlər arasında hansısa ünsiyyət maniələrindən danışmaq mümkün deyil. Hər an baş verən və baş verə biləcək hadisələr haqda xəbərlər və anonslar qısa zaman kəsiyində hər yana yayılır və insanların həmin olaya münasibəti ictimailəşir. Bunun başlıca səbəbkarı cəmiyyət həyatını ictimailəşdirən texniki tərəqqidir. İstəsək də, istəməsək də həyatımız, belə demək mümkünsə, elektronlaşır. Əvvəlki stereotiplərin dağılması prosesi baş verir və ilk baxışda bu, müəyyən depressiya yaratsa da, əslində həyatımızın yeni mərhələsini, daha çevik və əhali təbəqələri arasında sərhədlərin aradan qaldırılması mexanizmini yaradıb. Bu, müasir həyatın qaçılmaz atributudur. Artıq dövlət və onun rəhbərliyi seçdiyi inkişaf yolunda necə hərəkət etmək barədə dərin təhlillər aparmağa ehtiyac duymur. Çünki, xalq öz qayğıları, sevinci, kədəri, təklif və arzuları ilə həmişə gündəmdədir. Təki insanların qayğısını çəkməyə iradə olsun.

Azərbaycan cəmiyyəti xalq və dövlət arasında uçurumların olmadığı ən müasir şəkildə struktura malik olması ilə fəxr edə bilər. Ona görə ki, qısa müddətdə yüksək sürət hesabına güclü inkişaf yolu keçməsi onun bəxtinə qismət olub və bu nemət göydəndüşmə yox, dövlət rəhbərliyinin düzgün, zamanın nəbzini tutan və ən əsası da səmimi və qayğıkeş siyasətindən yaranıb. Bu münasibətlərin möhtəşəmliyi xalq-iqtidar birliyində inikas olunur. Vətəndaşlarımız cəmiyyət qarşısında vətəndaşlıq mövqeyinin məsuliyyətini duyur və Prezident İlham Əliyevin çağırışlarına doğru inamlı addımlar atır.  Vətəndaşlar ölkədə aparılan quruculuq işlərinə uyğun olaraq daim təkliflərlə çıxış edirlər, çünki sözlərinin eşidiləciyindən əmindirlər. Bu yaxınlarda mədəniyyət və incəsənət adamlarının bir qrupu ilə keçirilmiş görüş iqtidar-xalq münasibətlərinin səmimilik səviyyəsinin gözəl göztəricisi idi. Görüşün ən adi sözlərlə təsviri Prezidentin yaradıcı bölümün dərd-sərlərini, mədəni irsimizin möhtac olduğu qayğıları öyrənməsini ifadə etməklə yaranar. Azərbaycanın yaradıcı səmasının ulduzları nə qədər təkliflər, təqdimatlarla çıxış etdilər və dövlət başçısı bütün deyilənlərə ciddi reaksiya sərgiləməklə milli və intellektual ab-havanın hərarətini yüksəltdi. İşin qaynarlığı fonunda diqqətdən kənarda qalan şəxslərin, mədəni inkişafda axsayan tərəflərin problemləri dərhal və tədricən həll edilmək üçün fərdi nəzarətə götürüldü.  Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də qəbul olundu.

Görüşdən sonra baş vermiş kurioz hadisə isə Prezidentin vaxtilə lentə alınmış “Nəsimi” filmində baş rolun əvəzedilməz ifaçısı Rasim Balayevə şəxsən telefon açması oldu. İşin qaynarlığı səbəbincə bu istedadlı və kinomuzun korifeyi olan şəxsin görüşdə iştiraka dəvət olunmasının unudulması İlham Əliyevin diqqətindən yayınmamış və ertəsi gün aktyorun özü ilə danışıb fikirlərini öyrənməyi vacib sayıb. Dövlət başçımızın hər bir vətəndaşa belə diqqətlə yanaşması xalqla iqtidar arasında əlaqələri möhkəmləndirən ən mühüm komponentdir.

Bir müddət əvvəl baş vermiş təbii fəlakət nəticəsində Şamaxı və Ağsu rayonlarında xeyli yaşayış evinə ciddi ziyan dəymişdi. Hadisə baş verən vaxt ölkə başçısı dərhal regiona səfər edib, zəlzələnin nəticələri ilə tanış olub müvafiq göstərişlərini vermişdi. İndi bu rayonlarda evlərin sürətlə bərpa-təmir işləri aparılır. Daha çox ziyan dəymiş evlər isə sökülərək yenidən tikilir. Bu günlərdə Prezident İlham Əliyev yenidən həmin rayonlara səfər edib. Əhali daim dəstəklədiyi liderini coşqunluqla qarşılayıb. Öz əməlləri və dövləti idarə etməsi ilə əhalinin ümid yeri olan Prezidentin camaatla görüşündə müşahidə olunan mənzərə əsal xalq məhəbbətinin izharına çevrilib. Ölkə rəhbərini səmimiyyətlə salamlayan, bağrına basan, dərdini söyləyən, sözlə ifadə edə bilməyənin məktubla müraciət etməsi Azərbaycanda dövlətin xalqın iştirakı ilə idarə edilməsinin bir nümunə olduğunu təsdiqləyib. 

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin apardığı siyasətdə, daşıdığı vəzifənin sütunları arasında başlıca prioritetlərindəndir. Son iki-üç ayda onun birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı atılan mühüm addımlar ölkədə həyata keçirilən islahatların nəticələri kimi meydana çıxıb.

Son 15 ildə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan aşağı olmayacaq. Prezidentin problemli kreditlərlə bağlı fərmanı isə 800 min nəfərin narahatçılığını birdəfəlik aradan qaldırıb.

Bu ilin əvvəlindən ölkədə həyata keçirilən sosial proqramların son nöqtəsinə qədər təsəvvür etmək çətindir. Çünki, bu proqramlar birdəfəlik ödmələr paketi yox, dövlətin mahiyyətindən doğan siyasətdir və daim sürətlə yenilənir və zənginləşir. Bu proses Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin ən çalarını gücləndirən ən möhkəm xətdir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz