Əlaqə Arxiv
news Image
2019.03.14
08:00
| A A A
İrəvanın bütün manevr imkanları tükənib
Məmməd Əlizadə: “Dalana dirənməkdə davam etməklə Paşinyan özünün və rəhbərlik etdiyi ölkənin gələcəyini sual altında qoyur”

Ermənistanın "168 jam" qəzeti yazır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatından sonra Ermənistan hakimiyyəti faktiki olaraq dalana dirənib. Qeyd edək ki, Minsk qrupu həmsədrlərinin sözügedən bəyanatında İrəvanın danışıqlar formatını dəyişmək, prosesə Dağlıq Qarabağ separatçılarını da cəlb etmək istəyinin yolverilməz olduğu, bunun sülh danışıqlarını dalana dirəndirəcəyi vurğulanıb. Bunun nəticəsidir ki, erməni mətbuatı Paşinyan hakimiyyətinin dalana dirəndiyini yazır.  

Bu vəziyyətdə proseslər qarşıdakı dövrdə hansı istiqamətdə cərəyan edəcək?

Politoloq Azər Həsrət bildirdi ki, həmsədrlərin son bəyanatı fonunda dalana dirənən Paşinyan hakimiyyəti prosesdən nəticə çıxararaq, münaqişənin həlli yolunda ciddi addımlar atmalıdır. Bunu etməsə, həmsöhbətimizin fikrincə, Paşinyan öz hakimiyyəti və ölkəsini daha acınacaqlı durumla üz-üzə qoymalı olacaq: “Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra erməni mətbuatında Ermənistan hakimiyyətinin faktiki olaraq dalana dirənməsinin etiraf edilməsi heç də yeni söhbət deyil. Erməni mətbuatının bunu etiraf etməsi fikrimcə yerinə düşür. Çünki Azərbaycan dövləti və onun rəhbəri davamlı şəkildə Ermənistan və onun rəhbərlərinə mesaj ötürür ki, belə davam edəcəyi təqdirdə danışıqlarda nəticəyə nail ola bilməyəcəyik. Yəni Dağlıq Qarabağ konfliktinin həll edilməsi əslində Ermənistana da çox lazımdır. Dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ yükü Ermənistan kimi zəif çiyinə malik ölkənin uzun müddət daşıya biləcəyi bir yük deyil. Ona görə də Ermənsitan işğala son qoymaqla nə qədər tez bu yükdən qurtularsa, bu həm də İrəvanın xeyrinə olacaq. 

Ermənistan mətbuatının Minsk qrupu həmsədrlərinin son bəyanatı fonunda Paşinyan hakimiyyətinin dalana dirənməsilə bağlı fikir səsləndirməsinə gəldikdə, düşünürəm ki, işğalçı ölkədə də məsələnin mahiyyətini anlayan insanlar yox deyil. Xüsusən də jurnalist və təhlilçilər arasında bu cür insanlara rast gəlmək olar. Görünür, onlar artıq çətinliyi o həddə hiss etməyə başlayıblar ki, indiki situasiyada cəmiyyəti xüsusən də Paşinyan hakimiyyətinin dalana dirəndiyi  barədə məlumatlandırmağa çalışırlar. Belədə həmin yazılarla mətbuat daha doğrusu Ermənistanın özünün dalana dirəndiyini  cəmiyyətə çatdırılır. Ona görə də Ermənsitan hakimiyyəti ölkəsinin və özlərinin dalana dirənmələrinə ayıq gözlə baxmalı və bundan xilas olmaq üçün nəhayət problemin beynəlxalq hüquq çərçivəsində həlli yoluna gəlməlidir. Bunu etməsələr İrəvanın dalana dirənməsi prosesi daha da şiddətlənəcək və düşmən ölkə və onun hakimiyyətinin durumu indi olduğundan da daha ağır olacaq”.

Politoloq Məmməd Əlizadə də düşünür ki, həmsədrlərin bəyanatının təsiri altında Paşinyanın dalana dirənməsi ilə qarşıdakı dövrdə hadisələr onun üçün heç də yaxşı nəticələnməyə bilər: “Doğrudan da, ATƏT-in minsk qrupu həmsədrlərinin son bəyanatı Ermənistana vurulan ciddi bir sillə kimi dəyərləndirilməlidir. Paşinyan çalışırdı ki, Dağlıq Qarabağ separatçılarını da danışıqlar prosesinə yönəltməklə format dəyişikliyinə nail olsun. Lakin həmsədrlər verdikləri bəyanatda bunun yolverilməz olduğunu deməklə Paşinyan hakimiyyətini sanki dalana dirədilər.

Həmin vəziyyət onu göstərir ki, artıq həmsədr ölkələr də məhz Ermənistanın münaqişənin həlli prosesində tutduğu mövqeyinin konfliktin həllinə əngəl olduğunu tam şəkildə anlayıblar. Bu məqamdan isə göründüyü kimi, Ermənistanda Paşinyana müxalif olan qüvvələr yararlanmağa çalışır. Belə olan vəziyyətdə Paşinyan düşdüyü dalandan qurtulmaq üçün ancaq bir çıxış yoluna malikdir.  O da danışıqlar prosesində konstruktiv mövqeyə gəlməkdən keçir. Yalnız bu yolu tutmaq və münaqişənin ədalətli həllinə çalışmaqla Paşinyan özünü və deməli, ölkəsini düşdüyü dalandan xilas edə bilər. Əks halda, dalana dirənməkdə davam etməklə Paşinyan özünün və rəhbərlik etdiyi ölkənin gələcəyini sual altında qoyur. Belədə həmin ölkənin indi olduğu kimi, gələcəyi də olmayacaq”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz