Əlaqə Arxiv
news Image
2019.03.19
13:59
| A A A
Mübariz Qurbanlı: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir

“Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır. Anti-Azərbaycan dairələrinin məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır”.

Movqe.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda bəzi qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər: “"Beşinci kolon" anlayışı İspaniyada Franko rejimi ilə respublikaçılar arasında baş verən müharibə zamanı meydana gəlib. Bu anlayış xarici qüvvələrlə əlbir olaraq öz millətinə, dövlətinə xəyanət edən qrupları təsvir etmək üçün istifadə olunur. Yəni bu qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər. Tarixdə bu barədə çoxsaylı nümunələr mövcuddur. Çox təəssüf ki, Azərbaycanda da milli maraqlara zidd mövqe nümayiş etdirən belə marginal qruplar olub və bu gün də var. Eyni zamanda, Azərbaycanda ictimai, siyasi, elmi, mədəni və digər sahələrdə heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edən adamlar məhz "beşinci kolon" nümayəndələridir. Elə ölkə daxilindəki xəyanətkar ünsürlərin də antimilli əməlləri göz önündədir. Üstəlik, onların erməni lobbisi, xaricdəki erməni təşkilatları ilə əlaqələrinin olmasına dair məlumatlar da var”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir: “Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı "beşinci kolon"dan istifadə edirlər. Ermənipərəst qüvvələrin maraqlarını müdafiə edən antimilli ünsürlər sosial şəbəkələr və müxtəlif internet resursları vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yayaraq iddia edirlər ki, guya bu islahatlar onların "fəaliyyət"i nəticəsində baş tutub. Bu, gülünc və heç bir əsası olmayan iddiadır”.

M.Qurbanlının sözlərinə görə, anti-Azərbaycan dairələrinin məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır: “Onlar, həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, Onun siyasətinə böyük inamını ifadə edirlər. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır”.

Sizin Reklam Yeriniz