Əlaqə Arxiv
news Image
2019.03.30
08:48
| A A A
Hərb sahəsində Azərbaycan Ermənistan üzərində daha böyük əzici üstünlük qazanır
Cənub Qafqazın ən güclü ordusunun Azərbaycana məxsusluğu bir daha beynəlxalq miqyasda təsdiqləndi

Azərbaycan Ordusu Cənub Qafqazın ən güclü ordusudur. Bu barədə "GlobalFirepower" təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.  Bu il də ölkəmiz irəliləyiş əldə edən ölkələr sırasındadır. Təşkilatın 2019-cu il üzrə siyahısına əsasən Azərbaycan Ordusu bir pillə də irəliləyərək gücünə görə 52-ci yeri tutub.

Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cı yerdədir.

Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Yaponiya, Koreya Respublikası, Böyük Britaniya, Türkiyə və Almaniya orduları yer alıblar. Qeyd edək ki, Siyahı hazırlanarkən silahların təkcə sayı deyil, eyni zamanda silahlanmanın diversifikasıyası da nəzərə alınıb. Əsas indikatorlardan biri olaraq hərbiyə yararlı insan sayı da nəzərə alınıb. Qeyd olunduğu kimi Azərbaycan Ordusunun regionun ən güclü və təchizat baxımından ən müasir tələblərə tam cavab verməsi bir çox beynəlxalq hərbi araşdırma mərkəzləri və ekspertlər tərəfindən dəfələrlə qeyd edilib.  Məlumdur  ki, son illər Azərbaycan Ordusunun yeni texnologiyaların tətbiqi ilə istehsal olunan silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görülür.

Aydındır ki, belə böyük güc fonunda Ermənistan özü üçün münasib nəticələr çıxarmalıdır. Əslində, son bir neçə ildə  Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. Ordumuzun Qarabağdakı 2016-cı ilin şanlı aprel döyüyşləri həl ədə düşmənin yadından çıxmayıb. Aprel döyüşləri ordumuzun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, Azərbaycan əsgərinin qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi. Düşmənə aydın oldu ki, bu gün Azərbaycan Ordusu döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçmək istəyən vətəndaşlarımızın sayının artması ermənilərin dünya ictimaiyyəti qarşısında “azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq istəmir” kimi yalanlarını da ifşa etdi. Dünya ictimaiyyəti bu mifin Ermənistanın cinayətkar hakimiyyəti tərəfindən yaradıldığının, Azərbaycan gənclərinin öz torpaqlarını unutmadıqlarının, hər an döyüşə hazır olduqlarının şahidinə çevrildi.

Aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Bu gün Ermənistan iqtidarından fərqli olaraq bu ölkədə əhalinin böyük əksəriyyəti, o cümlədən müxalif qüvvələr açıq etiraf edir ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun dəyişməsinin yeni başlanğıc nöqtəsi olub. Eyni zamanda məhz aprel döyüşləri ilə ərazilərin bir qismini işğal azad edən Azərbaycan zəbt olunmuş torpaqlarda düşmənin hərəkətlərini izləmək və daha böyük məsafədə ona zərbə vura bilmək üçün əlverişli mövqelərin sahibinə çevrilib. Elə bu səbəbdəndir ki, ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki, düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal altındakı ərazilərini lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan edib.  2016-cı ilin aprelindən sonra Azərbaycan Ordusu daha bir uğurlu döyüş əməliyyatına  Naxçıvan Muxtar Respublikasında imza atdı. Bu dəfə də ordumuz tərəfindən düşmənə vurulan zərbə onu sözün əsl mənasında sarsıtdı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Bunun özü Ermənistanda kifayət qədər ciddi təşvişə yol açdı və elə indinin özündə də düşmən ölkədə ciddi rezonans yaratmaqda davam edir. Düşmən Silahlı Qüvvələrimiz qarşısında aciz olduğunu yenə döyüş meydanında gördü. Bildi ki, qarşısında onu hər an darmadağın etməyə hazır olan yenilməz bir ordu var.

Bütün bunlar o deməkdir ki,  Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru addım-addım irəliyir.  Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. 

“Mövqe”

 

 

 

 

Sizin Reklam Yeriniz