Əlaqə Arxiv
news Image
2013.05.07
11:20
| A A A
İranın baş prokuroru: “Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşı barəsində açılmış cinayət işi araşdırılır”

APA-nın İran dövlət televiziyasının saytına istinadən məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü, ölkənin baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib. Baş prokuror deyib ki, hazırda bununla bağlı heç bir açıqlama verə bilməz: "Çünki bunu açıqlamaq qanuni baxımdan doğru deyil. Həmin şəxslərlə bağlı Təbriz şəhər Prokurorluğu mənə məlumat verib. Qısa müddət ərzində məsələ ilə bağlı mənə yenə məlumat veriləcək".

 

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oqtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha 4 azərbaycanlı fəal həbsə alınıb. Onlar Oqtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil. Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

 

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. Hələlik İran tərəfindən notaya rəsmi cavab verilməyib.

 

Mayın 4-də isə İranın İSNA xəbər agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən həbs edilən Azərbaycan vətəndaşlarının İrana turist qismində səfər etdiklərini bildirib: "Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır".

 

X. Xalidin övladları isə artıq Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə qeyd olunub ki, X. Xalid İrana elmi ezamiyyətə gedib və övladları onun qonşu ölkənin siyasi təxribatının qurbanı olmasından narahatdırlar.

Sizin Reklam Yeriniz