Əlaqə Arxiv
news Image
2019.05.02
08:00
| A A A
Azərbaycan ordusunu daha da gücləndirəcək
Qarabağ münaqişəsinin həlli yolunda təməl prinsiplər dəyişməyib

2019-cu il ölkəmizin bir nömrəli problemi olan torpaqlarımızın işğaldan azad edilməsi üzrə danışıqlar prosesində nisbətən intensivləşib. Uzun səylərdən və səmərəli diplomatik gedişlərdən sonra düşmən tərəf danışıqlar stolunda oturmağa vadar edilib. Minsk qrupunun həmsədrləri də münaqişənin həll olunmasının vaxtının keçdiyinin fərqindədirlər. Buna görə də ABŞ öz həmsədrlik mövqeyindən istifadə edərək Cənubi Qafqaz regionunda maraqlarına uyğun olaraq işğalın aradan qaldırılmasının vacibliyini önə çəkib.

Münaqişənin həllini çətinləşdirən amillərdən biri həmsədr ölkələrin haqq-ədalətdən çox öz mənafelərini düşündükləri üçün hər dəfə hansısa yeni təkliflərlə çıxış etmələridir. Əgər bu gün amerikalılar təşəbbüs göstərib nə ilə isə yadda qalmağa çalışırlarsa, səhərisi Rusiya, yaxud Avropa İttifaqı timsalındas Fransa başqa bir təşəbbüslə mövqelərini gücləndirməyə çalışırlar. Bundan istifadə edən Ermənistanın hakimiyyət mənsubları öz xeyirlərinə hansısa dividentlər əldə etmək, müxtəlif bəhanələrlə regionda ikinci erməni dövlətinin yaradılmasına xidmət edən həll prosesini gündəmə gətirmək istəyirlər. Təsadüfi deyil ki, mart ayında Vyanada keçirilmiş görüşdən əvvəl Ermənistanın başlıca siyasi fiquru, baş nazir Nikol Paşinyan faktların təhrif olunmasına çalışaraq Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin yaratdıqları və heç bir dövlət tərəfindən tanınmayan qondarma respublikanın danışıqlarda tərəf olması barədə təbliğata başlamışdı. Belə demək mümkünsə, onun bu fəaliyyətinin naşılıqdan doğması haqda fikirlər bir çox politoloqlar tərəfindən irəli sürüılmüşdü. Əslində bu fikirlər danışıqların pozulmasına və əvvəlki status-kvonun saxlanılmasına xidmət edirdi. Lakin Azərbaycan tərəfinin qətiyyətli mövqeyi və irəli sürdüyü təkliflər, habelə nümunə gətirdiyi istinad sənədləri düşmən tərəfin cəhdlərini puça çıxardı. Nəticə etibarı ilə, separatçıların qondarma qurumunun danışıqlarda iştirak adı ilə tərəf kimi tanınması rədd edildi.

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görülən işlər barədə hesabat verən Prezident İlham Əliyev öz çıxışında haqqında danışılan məsələ barədə deyib: “O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün tam hazır vəziyyətdə Ali Baş Komandanın əmrini gözləyir. Hazırda silahlı qüvvələrimizin tabeliyində dünyanın ən müasir döyüş texnikası, lazımı qədər silah-sursat, yüksək səviyyədə hazırlığa malik canlı qüvvə var. Döyüş ruhu yüksək olan əsgərlərimiz azadlıq uğrunda canlarını qurban verməyə, şəhidlik zirvəsinə yüksəlməyə də hazırdırlar. Onlar bilirlər ki, dövlət və xalq həmişə onların yanındadır. Bu gün Azərbaycan xalqının öz dövləti ilə olan birliyi, məqsəd və məfkurə tamlığı heç vaxt olmadığı qədər möhkəm və sarsılmazdır. Qarabağın düşmən tapdağından qurtarması üçün aparılan mübarizə bu birliyi qələbəyə istiqamətləndirən uca bayraqdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz