Əlaqə Arxiv
news Image
2019.05.04
07:00
| A A A
Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə daha bir çağırış
Ermənistan beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidir, ks təqdirdə onun bir dövlət kimi iflası labüddür

Ölkəmizin qarşısında ən ciddi taleyüklü məsələ ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan 30 ilə yaxındır ki, zəngin resurslara malik böyük bir iqtisadi regionundan məhrum edilib. Ölkənin 1 milyona yaxın vətəndaşı məcburi köçkünlük və qaçqınlıq həyatı yaşayır. Müstəqil dövlət kimi böyük iqtisadi və siyasi uğurlar qazanmış ölkənin ərazisinin 20 faizinin işğalda saxlanılması müasir dövrün heç bir beynəlxalq konvensiyasına, hüquq və normalarına sığmır. Ən başlıcası isə Azərbaycanın özünün tarixi və müasir imici üçün bu vəziyyət normal hal deyil.

Məsələ burasındadır ki, beynəlxalq birlik Azərbaycanın haqlı olduğunu bilir və bu haqda danışır. Lakin elə həmin birliyin dəyanəti çatmır ki, dediyini, qəbul etdiyini həyata keçirsin. Çünki bu işin kökündə təmiz, sülhsevər siyasət yox, birtərəfli qaydada öz ambisiyalarını güdən çirkli siyasət dayanır. Bu səbəblərdən Azərbaycan haqlı savaşında həm açıq düşmənə, həm də gizli düşmənə qarşı vuruşur. Buraya siyasi həmlələrdən, diplomatik gedişlərdən tutmuş iqtisadi blokadaya qədər müxtəlif maneralarda mübarizə üsulları daxildir.

Müharibə bu yolda başlıca vasitədir. Lakin Azərbaycan öz yaşam tərzinə, tarixi boyu regionda daşıdığı və beynəlxalq aləmdə təbliğ etdiyi sülh platformasına sadiqliyini son ana qədər qorumaq əzmindədir. Yəni, imkan daxilində beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə torpaqlarını azad etmək istəyir. Lakin bu bir nəticə verməsə, müharibə qaçılmazdır. Azərbaycan, dövlətimizin başçısı İlham Əliyev rəhbərlik etdiyi xalqla birgə bu amal uğrunda qətiyyətlə mübarizə aparır.

Bu günlərdə keçirilmiş Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib: “O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

Qarabağ münaqişəsinin həllində mübarizənin qətiyyəti bütün səviyyələrdə bir an da olsun səngimir. İstər Avropa təsisatlarında, istər digər beynəlxalq təşkilatlarda, BMT səviyyəsində olsun, dövlətimizin hər bir vətənpərvər vətəndaşı bu azadlıq platformasının fəaliyyətində bir nəfər kimi yekdillik nümayiş etdirir. Bu günlərdə bakıda keçirilən V Ümumdunya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev yenə də dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, əzəli torpağımız olan Qarabağ uğrunda mübarizədə düşmənə heç bir güzəşt olmayacaq: “Ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrilib. Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir”.

Bu böyük və ağrılı problemə baxmayaraq Azərbaycan özündə güc tapıb inkişaf edir, qlobal miqyasda xalqların cərgəsində irəliyə doğru inamlı addımlar atır, regionda liderliyini davam etdirir, ən güclü dövlətlərlə birgə layihələr həyata keçirir, hətta Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verir. Bunlar ölkəmizin güc-qüdrətinin təsdiqi və eyni zamanda torpaqlarının azad edəcəyinə zəmanətdir. Ayrı yol yoxdur. Ermənistan beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidir. Əks təqdirdə onun bir dövlət kimi iflası labüddür. Çünki, bu işin başında haqq-ədalət müharibəsi aparan güclü Azərbaycan durur.

N.NOVRUZ

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz