Əlaqə Arxiv
news Image
2019.05.04
09:20
| A A A
Qarabağla bağlı Bakıdan dünyaya daha bir mesaj verildi
lqar Vəlizadə: “V Dünya Mədəniyyətlərarası Dialoq Forumu Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə gündəmdə qalması baxımından mühüm rol oynayan bir tədbirdir”

Musa Qasımlı: “Bu forum Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında həqiqətlərin üzə çıxması və geniş yayılmasında yardımçı olacaq”

Azərbaycanda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda dünya və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir çox məsələlərə toxunuldu.Qeyd edək ki, sözügedən forum dünya miqyasında mühüm beynəlxalq tədbirlərdən biridir. Onu da vurğulayaq ki, son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, Bakı Qlobal Forumunu məhz Bakıda baş tutub. Mədəniyyətlərarası Dialoq Forumu da siyasi və mədəni əlaqələrin inkişafı baxımından olduqca vacib tədbirlərdəndir. Forumda həmçinin Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ konfliktinə də toxunulub. Qeyd edək ki, bu mövzuya forumda çıxışı zamanı Prezident İlham Əliyev geniş toxundu. Dövlət başçısının burada diqqətə çatdırdığı başlıca məqamlardan biri həm də beynəlxalq hüququn qeyri-işləkliyi və bunun yaratdığı fəsadlarla ilgili oldu: “Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir ”. Bununla yanaşı, prezident onu da diqqətə çatdırıb ki, Azərbaycanın məsələnin məhz beynəlxalq hüquq əsasınad dinc müstəvidə həllini istəyir: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir”.

Bununla Azərbaycan ən yüksək səviyyədə mühüm bir beynəlxalq plaftormada Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məsələ ilə bağlı Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin mövqeyi də olduqca maraqlıdır. O, bu xüsusda bildirir: “Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur”.

Politoloq İlqar Vəlizadə  bildirdi ki, sözügedən tədbir Qarabağ konfliktinin beynəlxalq müstəvidə gündəmdə qalması baxımından olduqca mühüm tədbirdir: “Əslində, bütün tədbirlərdə Azərbaycan üçün yaralı mövzu olan Dağlıq Qarabağ mövzusunu gündəmdə saxlamaq birmənalı olaraq vacib və lazımdır. Bu mənada V Dünya Mədəniyyətlərarası Dialoq Forumu da əslində həmin problemi dünya birliyinin diqqətinə çatdırmaq yolunda bir vasitədir.

Daha çox dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməli, məsələni daim diqqətlə saxlamalıyıq. Çünki problemi daim diqqətdə saxlamasaq, dünya ictimaiyyəti və siyasətçiləri həmin məsələni tez bir zamanda unudacaq. Yaranmış boşluğu isə bədnam qonşularımız doldurmağa çalışacaq. Ermənilər 1915-ci ilin qondarma soyqırımı məsələsini tez-tez gündəmə gətirirlər. Həmin qondarma olaydan bir əsrdən də çox vaxt keçməsinə baxmayaraq, düşmən ölkə onu ictimailləşdirməkdə davam edir, gündəmdə saxlamaqla Türkiyə və Azərbaycana qarşı ondan bir vasitə olaraq istifadə edirlər. Ancaq Azərbaycan torpaqlarının işğalı indiki tarixdə, hamının gözü qarşısında  baş verib. Hətta ara-sıra erməni liderləri Azərbaycanla bağlı hədələyici ritorikalarını da davam etdirirlər. Ona görə də belə vəziyyətdə boş dayanmamalı, bütün tədbirlərdən istifadə edərək bu barədə danışmalı, həqiqətləri deməliyik. Bu mənada V Dünya Mədəniyyətlərarası Dialoq Forumu da həmin istiqamətdə mühüm rol oynayan bir tədbirdir. Bunun nəticəsidir ki, belə tədbirlər hər zaman Ermənistan tərəfi qıcıqlandırır. Forum çərçivəsində aparılan diskussiyalar, müzakirə və çıxışlar bir daha bunu sübut edir”. 

Milli Məclisin deputatı Musa Qasımlı da qeyd etdi ki, sözügedən forum Azərbaycan həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağ həqiqətlərinin daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm hadisədir: “V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edərək cənab Prezident İlham Əliyevin nitqini diqqətlə dinlədim. Prezidentin həmin nitqində dünya, o cümlədən Azərbaycanın ən qlobal, vacib məsələləri gündəliyə gətirildi. Çıxış edən beynəlxalq təşkilatların nümayəndələri də öz nitqlərində Azərbaycanın Dağlıq Qarabağ probleminə toxundular. Onlar açıq şəkildə  Azərbaycan ərazilərinin işğal altında qaldığını, məcburi köçkün və qaçqınların olduğunu dedilər.

Böyük bir beynəlxalq forumda bu məsələlərin səslənməsi heç şübhəsiz, böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl ona görə ki, bu forumda müxtəlif ölkələrin nümayəndələri iştirak edir, 100-dən çox ölkədən 500-dən artıq nümayəndə gəlib. Prosesə xarici kütləvi informasiya vasitələri də maraq göstərir. Bu forum Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.  Eyni zamanda, Ermənsitanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında həqiqətlərin üzə çıxması və geniş yayılmasında yardımçı olacaq”.

R. SOLTANOV

 

 

 

 

 

Sizin Reklam Yeriniz