Əlaqə Arxiv
news Image
2019.05.08
15:50
| A A A
Vüqar Rəhimzadə: Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görür, möhkəm təməl üzərində addımlayan Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edirik. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırışdır. Ümummilli liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası da onun Vətən, xalq sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın tarixinə biri-birindən önəmli uğur səhifələrini yazan ulu öndər Heydər Əliyev "Azərbaycan dünyaya günəş kimi doğacaq" çağırışını da edib.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu günümüzdən müstəqilliyimizin ilk illərinə bir baxış keçirsək, atılan addımların, görülən işlərin mahiyyətini, əhəmiyyətini daha dərindən dərk edərik: "Müstəqilliyimizin ilk illəri Azərbaycanın tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül dövrü kimi yazılıb. Həmin illərdə xalqımızın sabaha ümidi tamamilə itmişdi. "Olum, ya ölüm" dilemması qarşısında qalan Azərbaycan xalqı onu bu vəziyyətdən çıxaracaq yeganə liderin ulu öndər Heydər Əliyev olduğunu onun yenidən hakimiyyətə qayıtması çağırışını etməklə bildirdi. Hər zaman xalqının yanında olan ulu öndər Heydər Əliyev yenə də xalqın təkidli tələbini müsbət cavablandıraraq hakimiyyətə qayıtdı. 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi məqsədilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsinin, ən əsası uzaqgörən siyasətinin nəticəsi idi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, eyni zamanda, Azərbaycanın bu gününə və gələcəyinə inamı artırmaqla yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması mərasimində qeyd etdiyi kimi, bu mühüm hadisə bu günə qədər görülən işlərin zirvəsidir. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 4 ildən sonra-2018-ci ilin mayında rəsmi açılışı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. "Əsrin müqaviləsi"nin 23 illiyi ərəfəsində, 2017-ci ildə "Yeni əsrin müqavləsi" imzalandı. Bu kimi biri-birindən mühüm hadisələr Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən etibarlı tərəfdaş mövqeyinə bir daha gücləndirdi".

V.Rəhimzadə bildirib ki, Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsinə də geniş yol açdı: "Ulu öndər Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən bəhs edərkən daim iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını vacib amil kimi vurğulayırdı. Azərbaycan qısa müddətdə dünya birliynin fəal üzvünə çevrildi. Müstəqil dövlət kimi varlığını daha da möhkəmləndirmək üçün diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi bütün soydaşlarımıza bir çağırış oldu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, öz növbəsində, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin daha dərindən dərk olunmasına yol açdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində erməni yalanları ifşa olundu, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı".

Ekspert bildirib ki, Azərbaycanın bu uğurlarını şərtləndirən əsas amil təbii ki, demokratik inkişafdır: "Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə demokatik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün atributlar bərqərar oldu. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımlar atıldı. Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi kimi biri-birindən önəmli addımlar ulu öndər Heydər Əliyevin humanizm siyasətinin əsas tərkib hissələridir. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlamasına yol açdı".

V.Rəhimzadə diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin hər bir sahəsi bir araşdırma mövzusudur: “Reallıq budur ki, Azərbaycan müstəqil dövlət olaraq öz varlığını təsdiqlədi, sözünün imzası qədər dəyəri olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi. Son 15 il bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Prezident İlham Əliyevin 2003, 2008, 2013 və 2018-ci illər prezident seçkilərində inamlı qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Xalqımız Heydər Əliyev ideyalarına sədaqətini məhz onun layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə dəstəkləməklə ifadə edir. Bu gün hansı sahəyə diqqət yetirsək inkişafın şahidi olarıq. Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır".

YAP Siyasi Şurasının üzvü əlavə edib ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" söyləyən ümummilli lider bu fikirləri ilə partiyanın gələcəyinə inamını aydın şəkildə ifadə etmişdir. Hazırda sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir".

Baş redaktor ulu öndərin irsinin təbilği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən də geniş bəhs edərək, görülən işləri Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ümummilli liderin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söylədiyi "Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir" fikirləri ilə ümumiləşdirib.

V.Rəhimzadə deyib ki, ulu öndər Heydər Əliyevin haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, fəalyyətinin hər bir sahəsində araşdırmalar aparılıb, fikirlər səsləndirilib:

"Arxada qalan hər il ulu öndərin mənalı həyatı və titanik fəaliyyəti ilə bağlı daha yeni-yeni araşdırmaları zərurətə çevirir. Çünki dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır. Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalı, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsinə öz töhfəmizi verməliyik".

Sizin Reklam Yeriniz