Əlaqə Arxiv
news Image
2019.05.09
07:00
| A A A
Türkiyə-Azərbaycan hərbi təlimləri Ermənistanda hələ də şok effekti yaradır
Hikmət Babaoğlu: “Yaxşı olar ki, erməni mətbuatı və Ermənistan siyasətçiləri işğal faktına son qoymaq barədə mövzuları gündəmə gətirsinlər ”

Məlumat verildiyi kimi, bu yaxınlarda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən "Mustafa Kamal Atatürk-2019" birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Bu kimi təlimlər hər iki qardaş ölkə ordularının güc və qüdrətini göstərən mühüm bir faktordur.

Son hərbi təlim də bir daha göstərdi ki, həm Türkiyə, həm də Azərbaycan ordusu qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək gücündədir. Məhz bunun nəticəsidir ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə start verilməmiş ermənilər həyacan təbili çalmağa başladılar. Bunu həmin ərəfədə erməni mətbuatının yazdıqları, məsələ ilə bağlı verilən şərhlərdən açıq-aydın şəkildə görmək olar.

Artıq hərbi təlimlər başa çatıb. Amma buna baxmayaraq, Ermənistanda hələ də sözügedən hərbi təlimləri müzakirə etməkdə davam edirlər. Erməni mətbuatı bununla bağlı həyacan təbili çalmaqdadır. Erməni politoloq Levon Şirinyan yenidən Azərbaycan-Türkiyə hərbi təlimlərinə diqqət çəkib və qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir. Şirinyan qorxu ilə bildirib ki, bu gedişlə Ermənistanda heç nəyi xilas etmək mümkün olmayacaq.

Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərindən Ermənistan cəmiyyətinin belə narahatlqı keçirməsi İrəvanın işğalçılıq siyasəti yürütməkdə davam etməsilə bağlıdır: “Bakı ilə Ankara arasında münasibətlər əməkdaşlıq və inteqrasiyaya söykənən münasibətlərdir. İki qardaş ölkə arasında yaşanan bu münasibətlərin bütün region ölkələrinin inkişafı baxımından mühüm əhəmiyyəti vardır. Çünki Türkiyə ilə Azərbaycan regionun ən aparıcı iqtisadiyyat, demoqrafik və digər mühüm resurslara sahib olan ölkələrindəndir.

Bu iki ölkə arasındakı münasibətlər və birgə hərbi təlimlərin keçirilməsi bütövlükdə təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Ermənistan mətbuatı isə həmin təlimlərdən ona görə narahatlıq keçirir ki, bu ölkə işğalçı ölkədir. Hamı dərk edir ki, işğal faktına son qoyulmayana qədər Azərbaycan öz ordusunu gücləndirəcək, imkanlarını, iqtisadi resurslarını artıracaq və torpaqlarını azad edəcək. Heç şübhəsiz, bu da İrəvanı narahat edir. Ancaq düşünürəm ki, Ermənistan mətbuatı və ictimaiyyəti belə təlimlərdən narahat olmaqdansa, işğalçı ölkə olmaqdan, başqa ölkənin torpaqlarını işğal etdiklərinə görə narahat olsun və bu torpaqları azad etmək barədə düşünsünlər. Belə olarsa, işğal faktına son qoyularsa, Ermənistanda artıq heç kəsin Türkiyə-Azərbaycan birgə təlimləri və yaxud müttəfiqlik münasibətlərindən narahat olmalarına əsas qalmayacaq. Tam əksinə, bu halda bütövlükdə regionun iqtisadi, sosial-siyasi, mədəni-humanitar bütövlüyü təmin olunacaq.

Yaxşı olar ki, erməni mətbuatı və Ermənistan siyasətçiləri bu barədə düşünsün və işğal faktına son qoymaq barədə mövzuları gündəmə gətirsinlər”.

 

Hadisələrin gedişi göstərir ki, Türkiyənin bölgəmizdə nüfuzu durmadan artır. Bu isə sözsüz ki, işğalçı ölkəni ciddi şəkildə əndişələndirir. Həmsöhbətimiz bu müstəvidə qeyd etdi ki, Türkiyənin bölgədə artan nüfuzu fonunda Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcəyi təqdirdə, vəziyyət onun üçün daha acınacaqlı hal alacaq:  “Türkiyənin bölgəmizdə artan nüfuzu əslində bütövlükdə regiona sabitlik və inkişaf vəd edir. Çünki Türkiyə Cümhuriyyəti bütün parametrlərə görə müsəlman dünyasının ən inkişaf etmiş ölkələrindən biridir. Bu mənada Türkiyənin bölgəmizdə də nüfuzunun artması təbiidir. Ona görə ki, ənənəvi olaraq, daimi bölgəmizdə Türkiyə mədəni, siyasi, iqtisadi baxımdan nüfuza malik olub. Bu da olduqca təbiidir. Çünki Türkiyə regionun ən böyük ölkələrindən biridir.

Ermənistanın Türkiyənin bölgəmizdə nüfuzunun artmasından qorxuya düşməsinin səbəblərindən biri qardaş ölkəyə qarşı da yersiz ərazi iddiaları ilə çıxış etməsi amilidir. Bu mənada İrəvanın regionda Türkiyənin nüfuzunun artmasından qorxmasının başlıca səbəbi də budur. Digər tərəfdən, Ermənistan faktiki olaraq, Azərbaycan torpaqlarını işğal edib. Ona görə də İrəvan Bakı ilə Ankara arasında münasibətlərin yüksək səviyyədə olmasından narahatlıq keçirir. Ermənistan yaxşı olar ki, işğal faktına son qoysun, Türkiyə Cümhuriyyətinin ərazisi olan Ağrı dağını öz gerbində simvola çevirməsin. Bu, birbaşa iddiadır. Ermənistanı narahat edən onun öz mövqeyidir. Türkiyənin artan nüfuzundan da məhz buna görə narahat olur.

Ermənistan Azərbaycan torpaqlarını azad etməklə, qondarma soyqırım iddiaları istiqamətində apardığı çirkin kampaniyanı dayandırmaqla normal ölkəyə çevrilərsə,  onda onun narahat olmasına heç bir əsas da qalmayacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz