Əlaqə Arxiv
news Image
2019.05.09
10:00
| A A A
Bakı və Minskdən İrəvana növbəti sərt zərbə
Üzeyir Cəfərov: “Bunun özü Ermənistana mesajdır ki, xilas olmaq istəyirlərsə, tez bir zamanda nəticə çıxarsınlar” Musa Qasımlı: “İrəvan müharibə istəmirsə, öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır”

Azərbaycan Belarusdan yeni silahlar almağa hazırlaşır. Bu məsələ bir neçə gün əvvəl Belarus hərbi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı da yenidən müzakirə olunub.  Bu müstəvidə İrəvan Minski Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) öhdəliklərə əməl etməməkdə ittiham edir.

Bəs, İrəvanın narazılığına rəğmən, Minskin Bakıya silah satması Belarus-Ermənistan münasibətlərinə necə təsir edəcək?

Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, Bakının Minskdən yeni-yeni silahlar alması Ermənistana o mesajı verir ki, işğala son qoymasa, bu silahlar onun başı üzərində partlayacaq: “Ermənistanın məsələyə yanaşmasından asılı olmayaraq, Belarus Azərbaycanın ona etdiyi yaxşılıqları heç zaman unutmur. Belarus prezidenti Aleksandr Lukaşenko da dəfələrlə qeyd edib ki, ölkəsinin ən ağır durumunda Azərbaycan Minskə təmənnasız olaraq böyük maddi yardımlar göstərib.

Ümumiyyətlə, Lukaşenkonun Azərbaycana münasibəti çox müsbətdir. Azərbaycan da Belarusun etibarlı tərəfdaşıdır. Baxmayaraq ki, Ermənsitanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunur. Bununla belə Minsk hər zaman Azərbaycana böyük önəm verir. Çünki Azərbaycan hər zaman Belarusa həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən daha yaxın olub. Minsk də bunu heç zaman unutmur. Azərbaycanın Belarusdan əldə etdiyi “Polenez” tipli silahların daha müasir olan yeni veriyası gələcək. Belarusun baş qərargah rəisinin Bakıya olan son səfəri onu deməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan Minskdən daha yeni silahların müasir növlərini əldə edəcək.

Belarusun güclü hərbi-sənaye kompleksi var. Bu kompleks hələ sovetlər dönəmində güclü olub. Belarus müstəqil olandan sonra bu proses daha da genişləndirilib. Bu mənada Azərbaycanın Belarusdan yeni silahlar alması Ermənistana bir mesajdır ki, hətta öz müttəfiqləri belə İrəvanın işğalçılıq fəaliyyətində ona dəstək olmağı düşünmür. Ermənistanda Azərbaycanla Belarusun arasını vurmağa çox çalışsalar da bu çirkin niyyətlərinə nail ola  bilmədilər. Azərbaycan Belarusdan daha yeni-yeni silahlar almaqda davam edəcək. Təkcə artilleriya qurğuları deyil, digər yüksək qiymətləndirilən hərbi avadanlıqları da alacağıq. Bunun özü Ermənistana mesajdır ki, xilas olmaq istəyirlərsə, tez bir zamanda nəticə çıxarsınlar. Nəticə çıxarıb işğala son qoymasalar, başlarında Belarus istehsalı olan silah-sursatlar da partlayacaq. Azərbaycan heç zaman gizlətməyib, nə qədər ki, torpaqlarımız işğal altındadır istənilən ölkədən istənilən qədər silah-sursat almaqda davam edəcəyik”.

Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, İrəvan müharibə istəmirsə, işğala son qoymalıdır: “Ümumiyyətlə, hərbi güc baxımından Azərbaycan Ermənistandan dəfələrlə üstündür və qətiyyən müqayisə oluna bilməz. Azərbaycanda müasir hərbi-sənaye kompleksi var. Ermənsitanda isə bu da yoxdur. Azərbaycan həm silah alışı, həm də satışında böyük bir məsafə qət edib. Bu istiqamətdə ölkəmiz dünyanın bir sıra dövlətlərilə geniş əməkdaşlıq həyata keçirir.

Hərbi sahədə əməkdaşlıq etdiyimiz ölkələrdən biri də Belarusdur. Ermənistan nə qədər maneə olmağa çalışsa da, Azərbaycan-Belarus münasibətlərinə zərbə vura bilməyəcək, bu münasibətlər yüksək səviyyədədir. Azərbaycanın hərbi gücünü artırması, xarici ölkələrdən, o cümlədən Belarusdan silah-sursat alması Ermənistana bir işarədir. İrəvan müharibə istəmirsə, öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz