Əlaqə Arxiv
news Image
2019.05.14
11:35
| A A A
Anti-Azərbaycan dairələr bu dəfə idmanı siyasi oyunlara alət edir
Elman Nəsirov: “Anti-Azərbaycan dairələri Azərbaycanın sabit, təhlükəsiz və inkişaf edən ölkə olmasını həzm edə bilmirlər”

Məlumat verildiyi kimi mayın 29-da Bakının Olimpiya stadionunda UEFA Avropa Liqasının final görüşü keçiriləcək. Lakin məsələ ondadır ki, bu idman yarışından anti-Azərbaycan qüvvələri yenidən sui-istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər.

Böyük Britaniya  XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.

Qeyd edək ki, bu günə qədər Azərbaycan bir sıra mühüm idman yarışlarına ev sahibliyi edib. Ölkəmizdə 2015-ci ildə Avropa Oyunları, 2017-ci isə İslam Həmrəyliyi Oyunları keçirilib. Həmin tədbirlər yüksək səviyədə təşkil olunmaqla bərabər, həm də gələn idmançı və azərkeşlərin təhlükəsizliyi tam şəkildə təmin olunub. Buna baxmayaraq, həmin idman tədbirləri ərəfəsində də bəzi anti-Azərbaycan qüvvələri ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil ediblər. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar.

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, anti-Azərbaycan siyasi dairələri Azərbaycanın inkişaf etməsini, nüfuzunun dünya miqyasında artmasını, sabitliyin hökm sürməsini həzm edə bilmirlər. Bu səbəbdən də hər dəfə ölkəmizdə hansısa bir tədbir keçirilən kimi, Azərbaycana qarşı növbəti qərəzə baş vururlar: “Əslində, gözləntilər və proqnozlar tamamilə  özünü doğrultdu. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edərkən dərhal beynəlxalq anti-Azərbaycan siyasi dairələri və onların əlaltısı olan antimilli ünsürlər ölkəmizə qarşı ənənəvi üsullarını, şər, böhtan, uydurma, iftira,  yalan kampaniyasını işə salırlar.

2012-ci ilin «Eurovision» mahnı yarışması, 2015-ci ilin 1-ci Avropa Oyunları, 2017-ci ilin İslam Həmrəylik Yarışında da bunun şahidi olduq. Azərbaycan növbəti dəfə nəhəng “Formula-1” yarışına ev sahibliyi edib. Ardınca sayca beşinci Mədəniyyətlərarası Foruma ev sahibliyi etdik. Mayın 29-da da dünyanın diqqəti Azərbaycana yönələcək. Ölkəmizdə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Burada da iki məşhur ingilsi klubu yarışacaq. Bu reallıqlar fonunda yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanılıb. Təəssüf doğuran hal odur ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də bu məsələdə qərəzli mövqe sərgiləyir. Bu ölkə XİN-i öz vətəndaşlarını Azərbaycana gedərkən ehtiyatlı olmağa səsləyir. Guya ki, ölkəmizdə təhlükəsizlik sahəsində problemlər yaşanır. Onu qeyd edib ki, antiazərbaycan siyasi dairələrin ölkəmiz əleyhinə söylədiyi iftiraların heç bir əsası yoxdur.

Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir. Hətta onu qeyd edim ki, dünyanın bir çox ölkələrində ölüm hökmü saxlanıldığı halda, Ulu Öndər  1998-ci ildə onu ləğv etdi. Ölkəmizdə mətbuat üzərində senzura ləğv edilib. Azərbaycan demokratik inkişaf yolunda yeni-yeni zirvələrə doğru irəliləyir. Antiazərbaycan dairələrinin absurd ittihamlardan biri də odur ki, guya Azərbaycana gələrkən viza almaqda ciddi problemlər var. Bu tənqidə dözümsüzlük nümayiş etdirilən bir uydurmadır. Ölkəmizdə ASAN Viza rejimi tətbiq olunur. Heç  bir problem olmadan ölkəmizdə viza alma mümkündür. Əslində Azərbaycan viza alınması sahəsində inqilab edir, ASAN Vizanın tətbiqi belə deməyə imkan verir. Azərbaycanı, onun paytaxtı Bakını dünyanın təhlükəli yerlərindən biri kimi qələmə vermək istəyirlər. Amma hər kəsə bəllidir ki, bunu ölkəmizə gələn turistlərin mövqeyindən də görürük, Azərbaycan və onun patyatxı dünyanın ən təhlükəsiz yerlərindən biridir. Burada heç bir təhlükə olmadan gecədən səhərə qədər sərbəst gəzmək olar. Bunu Avropa ölkələrinin paytaxtları haqqında isə söyləyə bilmərik. Bu mənada ölkəmizə yönəlik bu ittihamların hamısı əsassızdır. Sadəcə olaraq, ilk növbədə söhbət anti-Azərbaycan siyasi dairələrindən gedir. Onlar Azərbaycanın sabit, təhlükəsiz və inkişaf edən ölkə olmasını həzm edə bilmirlər. Həmçinin bu sabitliyin kökündə xalq- hakimyyət, xalq-prezident birliyinin dayandığını da antiazərbaycan qüvvələri həzm edə bilmir. Həmin dairələr bu hallarla barışmaq istəmir. Ona görə də ölkəmizə qarşı ənənəvi şər böhtan kampaniyasını işə salırlar. Amma bunların heç bir nəticəsi olmayacaq.     

Xalqımız bu dairələrin əsl məqsədlərinin nədən ibarət olduğunu gözəl bilir. Onalr Azərbaycanda vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə nail olmaq istəyirlər. Belədə ölkəmizi idarəolunan xaosa sürükləməyə çalışırlar. Ancaq onlarln bu arzuları ürəklərində qalacaq. Çünki Azərbaycanda xalq-hakimiyyət birliyi var və o sarsılmazdır”.

R. SOLTANOV      

     

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz