Əlaqə Arxiv
news Image
2019.05.15
07:00
| A A A
Avropa Ittifaqı sözündən qaça-qaça hara gedib çıxacağını heç özü də bilmir
İkili standartlar Aİ-nin qazandığı imici və siyasi çəkini bir həmlə ilə yox edir

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. “Azadlıq” radiosunun Avropa xidməti  xəbər verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib. Bildirildiyinə görə, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənməyib. Bəyannamənin mətninin müzakirəsi zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmayıb. Bununla belə Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər. Azərbaycan isə mövqeyini dəyişməyib. Nəticədə bəyannamənin mətni dəyişdirilməsə də statusu aşağı salınıb və sənədi nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

Bununla da avropalı yetkililər ikili standartlar şakərindən əl çəkməyiblər. Halbuki, cəmi iki il əvvəl, 2017-ci il dekabrın 17-də Avropa Parlamenti illik “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi” ilə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə olsa da təsdiqləmişdi. O vaxt qətnamə böyük səs çoxluğu ilə qəbul edilmişdi (408 lehinə, 132 əleyhinə). Bu sənəd Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə münasibətinə dair prinsipial əhəmiyyətə malikdir, ona görə ki, birincisi, həmin vaxta qədər ərazi bütövlüyünün təsdiqi yalnız Ukraynaya münasibətdə nümayiş etdirilmişdi. Qətnamə qəbul edilən iclasda erməni lobbisinin bu bəndi yalnız Ukraynaya “bağlamaq” cəhdləri Avropa Parlamentində elə bir səs çoxluğu ilə uğursuzluğa düçar olmuşdu ki, hətta səsləri saymağa ehtiyac qalmamışdı. İkincisi, ilk dəfə bu sadiqlik Avropa İttifaqının öhdəlikləri qismində ifadə olunmuşdu. Üçüncüsü, ilk dəfə bu şərh ümumi planda deyil, Şərq Tərəfdaşlığı ölkələrində yer almış bütün münaqişələrin nizamlanması kontekstində istifadə olunurdu. Dördüncüsü, bu qətnamələrin mahiyyətinin istifadə olunmasına olan məcburilik erməni lobbisinin Avropa Parlamentinin tövsiyə xarakteri daşıyan sənədlərində öz maraqlarının təsbit edilməsi üzrə bütün əvvəlki cəhdlərini praktiki olaraq heçə endirirdi.

2017-ci il noyabrın 24-də Brüsseldə keçirilmiş və Prezident İlham Əliyevin Azərbaycanın diplomatik uğuru adlandırdığı Şərq Tərəfdaşlığı sammitinin birgə bəyannaməsində qeydə alınan prosesin məntiqi davamı kimi Avropa Parlamentinin qəbul edilən qətnaməsi beynəlxalq hüquq çərçivəsində atılmışç təqdirəlayiq addım idi. Lakin Avropanın çoxüzlü silindr obrazı hamıya məlumdur. Məsələn, 2011-ci ildə, Avropa Komissiyasının o vaxtkı prezidenti J.M.Barrozu Cənubi Qafqaz ölkələrinə səfərindən Brüsselə qayıdan kimi Bakıda ictimai çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı işlətdiyi sözlərdən imtina (!) etmişdi. 2013-cü ildə, Brüsseldə Prezident İlham Əliyev Avropa İttifaqına səfəri zamanı Avropa Komissiyasının yekun birgə bəyannaməsinin imzalanmasını “Avropa İttifaqının məmurlar komandasının həmin sənəddə tərəflərin ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qeyd etməkdən imtina etməsinə görə” dayandırmışdı. Buna və Aİ-nin digər qeyri-səmimi fəaliyyətlərinə cavab olaraq Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqların, Şuranın, Komitənin və Aİ ilə ikitərəfli əməkdaşlıq üzrə sektor alt komitələrinin illik iclaslarında iştirakın dayandırılması haqqında qərar qəbul etmişdi. Daha sonra, 2015-ci ilin mayında, Şərq Tərəfdaşlığının Riqa sammitində,  Azərbaycan üçün əvvəlki komandadan “miras” qalan “ikili standartlar” siyasəti ölkəmizlə Avropa İttifaqının yeni liderləri arasındakı münasibətlərə mənfi təsir edir. Çünki, Azərbaycanın etirazlarına baxmayaraq, 28 Aİ dovlətinin və 6 Şərq Tərəfdaşlığı ölkəsinin birgə bəyannaməsində Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələri Ermənistan-Azərbaycan münaqişəsindən fərqli dəyərləndirən terminologiya istifadə olunmuşdu. Bu vəziyyətdə sammitdə iştirakdan imtina edən Prezident İlham Əliyev Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə mənfi təmayülə görə qəti qərar qəbul edir. O və Azəbaycan nümayəndə heyətinə bütün üzv-ölkələrin konsensusu ilə qəbul olunacaq birgə bəyanata qarşı səs verməyi tapşırır. Yalnız Aİ Şurasının prezidenti Donald Tuskun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Azərbaycan öz nümayəndə heyəti birgə bəyannamənin tərkib hissəsi kimi qəbul olunmuş qeydinin nəzərə alınmasından sonra konsensusa razılıq verir. Məsələ burasındadır ki, D.Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri zamanı Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verib. Bu mövqe Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması ilə bərabər, 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiq edilib.

Bu tip misalların sayını kifayət qədər artırmaq olar. Lakin daha bəsdir, Aİ mənsubları yeni qəbul etdikləri sənədlərdə ərazi bütövlüyü məsələsini qulaqardına vurmaqla əslində işğala dəstək verdiyini sübut etmiş olur. Bu isə onun ən qtibarlı tərəfdaşlarını özlərindən uzaqlaşdırmaq anlamına gəlir. İşğalçıya dəstək vermək elə işğalla məşğul olmaq deməkdir. Belə çıxır ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə və müharibədə tək meydanda olan Ermənistanla deyil, həm də ermənilərə hamilik edən Rusiya və Avropa İttifaqı ilə də vuruşmalıdır. Azərbaycanda bu məsələ tam mənası ilə anlaşılır və nəzərə alınır. Buna görə də müharibə hazırlığı sürətlə gedir və bu mübarizədə artıq kifayər qədər resurslar toplanıb. Ərazi bütövlüyü məsələsində Azərbaycanın yanında olmayanlar nə edirlərsə özlərinə edirlər, çünki Azərbaycan xalqını torpaqlarının azadlığı yolundan heç bir qüvvə saxlaya bilməz.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz