Əlaqə Arxiv
news Image
2019.05.17
08:53
| A A A
“Burnunun ucundan uzağı görməyən” ermənilər
Səhvləri vaxtında görməyəndə onun düzəldilməsi çətin olur

Erməni cəmiyyəti sonuncu atoma qədər parçalanarsa bu zaman onu “sülhə hazırlamaq” üçün xüsusi səy göstərməyə ehtiyac qalmayacaq. Parçalanmış və biokütləyə çevrilmiş cəmiyyət qonşu və düşmən dövlətin “sülhpərvər” missiyası çərçivəsində “sülhə” hazır olacaq. Бu fikirləri Ermənistanda “7or.am” saytının təsisçisi və politoloq Andranik Tevanyan irəli sürüb. Politoloqun fikrincə erməni cəmiyyəti hazırda parçalanma və ayrılma prosesindədir, nifrət və düşmənçilik yayılır, yalançı daxili gündəm və təhlükəli xarici oyunlar formalaşır.

“Bu cür atmosfer Qarsın itirilməsi zamanı da hökm sürürdü. Analoji vəziyyət Elçibəy dövründə Azərbaycanda olmuşdu. Nəticədə biz düşmənimizin daxili vəziyyətindən istifadə etdik. Əgər Elçibəy proqramı indi bizdə həyata keçirilirsə o zaman artıq düşmənlərimizi təbrik etmək olar. Əgər belə proqram yoxdursa o zaman bütün bu baş verənlər savadsızlığın və psixi yayınmaların nəticəsidir, deməli yenə də düşmənlərimizi təbrik edə bilərik. Çünki hər iki halda nəticə eynidir”-Tevanyanın bu sözlərinə Rusiya ermənilərinin qəzeti “Yerkramas” yer verir.

Erməni cəmiyyətinin belə bir rəyə gəlməsi gözlənilən idi. Çünki, hələ bir il əvvəl insanları küçəyə çıxarıb hakimiyyət davasına çıxan Nikol Paşinyanı bir çox analitiklər “Ermənistanın Ekçibəyi”, ədəbiyyatımılzdan bizə tanış olan “Yusif Sərrac” personajına bənzətmişdilər. Azərbaycanda başıpozuqluq yaradılmasında ermənilərə hamilik edən iri dövlətlər fəal çalışıb öz niyyətlərinə çatmışdılar. Ortalıqda erməni surəti cövlan eləsə də son nəticəyə görə onlar uduzmuş vəziyyətdə qaldılar. Çünki, birincisi, işğal etdikləri Azərbaycan ərazisindən qalxan ölüm kabusu başlarının üzərindən əskik olmadı və bu vəziyyət indi də davam edir. İkincisi, qurmaq istədikləri dövlət quruluşu puç oldu, Ermənistan respublikası kağız üzərində müstəqil dövlət adlandırılsa da, faktiki olaraq Rusiya Federasiyasının subyekti səlahiyyətlərinə malikdir, Kremlin tövsiyələri ilə oturub-durur. Üçüncüsü, erməni xalqı ağır iqtisadi durumda yaçayır, reallıqda isə sürünür.

1in.am saytı  yazır ki, Ermənistanda müxalifət dərin mənada formalaşmayıb, ona görə ki, hakimiyyət özü formalaşmayıb. Bu sözlər “erməni dövləti” ifadəsində gizlənmiş siyasi saxtakarlığı ifşa edir. Bəli, bu ölkənin “müstəqil dövlət” iddiası saxtakarlıq ifraz edir. Əgər ermənilər müstəqil olsa idilər, çoxdan Rusiyadan ayrılıb Qərbə üz tutardılar. Amma buna onların ixtiyarı və hökmü çatmır.

İndi Ermənistan istəsə belə Rusiyanın caynağından qopa bilməz, ona görə ki, ölkənin əsas iqtisadi sahələri rusların hüquqi nəzarətindədir. Bu səbəbdən erməni xalqı, belə demək mümkünsə, qəfəsdə saxlanılır və Kremlin cızdığı xətdən kənara çıxa bilmir. Ermənistanın İqtisadi inkişaf və investisiya naziri Tiqran Xaçatryan mayın 15-də jurnalistlərlə görüşündə işsizliyin yüksək həddə olmasından danışaraq deyib ki, gənclər arasında işsizlik orta göstəricidən iki dəfə çoxdur. Vəziyyəti düzəlymək üçün hökumətin heç bie perspektiv planı və lazımı resursları yoxdur. Hətta müxtəlif layihələr irəli sürülsə də təşəbbüslər kağız üzərində qalır. Bu yaxınlarda “İşlə, Ermənistan” adlı layihə qəbul edilsə də həyata keçirilməsi sual altındadır. Çünki, hökumət o dərəcədə imkansızdır ki, layihəni həyata keçirmək yollarını tapa bilmir. Baş nazirin müavini Tiqran Avinyan da etiraf edib ki, “İşlə, Ermənistan” layihəsi yarımçıq işlənib.   İndi erməni politoloq Andranik Tevanyan belə hesab edir ki, İran ətrafında gedən dramatik və misli görünməmiş proseslər, Qarabağ məsələsində artan təhdidlər və daxildə hökm sürən vəziyyət cəmiyyəti ayıltmalıdır. Çünki belə parçalanmış cəmiyyətlə erməni milləti və dövləti çox uzağa gedə bilməyəcək.

Amma bu, çox gecikmiş etirafdır. Əgər ermənilər Azərbaycana qarşı işğalçılıq planını başlayanda bugünkü vəziyyətə düşəcəklərini görə bilsəydilər, indi tam müstəqil və sürətli inkişaf yolunda olardılar. Təəssüf ki, bu millət özünə vurulduğundan və tarixən dövlətçilikləri olmaması səbəbindən təcrübəsiz siyasət yürütdüklərindən, habelə əcnəbilərin şirnikləndirici vədləri fonunda xəyallarını reallıq kimi gördüklərindən çətin vəziyyətə düşürlər. Ən pisi də odur ki, səhvlərini görəndə düzəltməyə özlərində güc tapmırlar. Regionda ermənilərin mürçəlməsinin zəmanətçisi yalnız Türkiyə və Azərbaycan ola bilər. Tarix də, bugünkü ictimai-siyasi və iqtisadi durum da bu hökmü diktə edir. Lakin Ermənistan və onun hakimiyyəti, erməni cəmiyyətinin ictimai şüuru zəif olduğundan bu aksiomanı dərk edə, anlaya və qəbul edə bilmir. Buna görə də ölkənin ağır vəziyyəti davam edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz