Əlaqə Arxiv
news Image
2019.05.17
09:57
| A A A
Qonşularımıza sanksiyalar Azərbaycana təsirsiz ötüşür
Elman Nəsirov: “Azərbaycan iqtisadiyyatında bu sanksiyaların heç bir təsiri qeydə alınmayıb” Musa Quliyev: “Azərbaycana heç bir mənfi təsir göstərməyəcək”

Son zamanlar ABŞ-ın Rusiyaya münasibətdə sanksiyaları daha da sərtləşdirməsi müşahidə edilir. Bu fonda Rusiyaya yönəlik sanksiyaların onunla sıx əlaqədə olan başqa ölkələrə də müəyyən mənada sirayət edəcəyi proqnozlaşdırılırdı. Hətta iddialar səslənirdi ki, sözügedən sanksiyalardan Azərbaycan da ziyan çəkə bilər. Lakin real mənzərə bunun əksini deməyə əsas verir. Belə ki, son 5 ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi daim artan templə gedir.

Bu iki ölkə arasında iqtisadi münasibətlər Rusiyaya tətbiq olunan sanksiyalara baxmayaraq, daha da dərinləşir. Bu da onu göstərir ki, Azərbaycan şimal qonşusuna okeanın o tayından tətbiq edilən sanksiyalardan özü hər hansı bir ziyan görməyib. Əksinə, Azərbaycan Rusiyaya daha çox məhsul satır. Bunu xüsusən də kənd təsərrüfatı məhsullarına aid etmək olar.

İndi də ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir. Enerji sektorunun ardınca, cənub ölkəsinin metallurgiya sənayesi də sanksiyalara tuş gəlib. Azərbaycan İranla da sıx iqtisadi əlaqələrə malikdir. Belə vəziyyətdə İranla bağlı olaraq da iddialar səslənir ki, bu ölkəyə yönəlik sanksiyalar Azərbaycana da təsir edəcək.   Həmin iddiaya rəğmən gözləmək olarmı ki, Azərbaycanı İranla münasibətlərində də Rusiya ilə olan və yuxarıda qeyd etdiyimiz təcrübə yaşansın?

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Rusiyaya yönəlik ABŞ sanksiyaları fonunda Azərbaycanın Moskva ilə iqtisadi əlaqələri dərinləşdiyi kimi, sözügedən təcrübə özünü daha ciddi sanksiyalarla üzləşən İranla münasibətlərimizdə də göstərəcək: “ABŞ-ın Rusiyaya qarşı sanksiyaları kəskinləşməkdədir. Amma sanksiyalar fonunda yeni tendensiya Moskva ilə bağlı deyil. İndiki halda Vaşinqton İranla bağlı sanksiyaları daha da kəskinləşdirib.

İran iqtisadiyyatının bel sütununu enerji, neft sənayesi təşkil edir. ABŞ 6 ay öncə İranın neft sənayesinə tətbiq etdiyi sanksiyaları daha da sərtləşdirdi. 6 ay öncə vaxt verərək güzəşt etdiyi daha 8 ölkə də bu sanksiyalarda iştirak etmək məcburiyyətindədir. Onlara da İranla bu istiqamətdə əməkdaşlıq etmək qadağan olunur. İran və Rusiya, yəni ABŞ sanksiyalarına məruz qalan bu iki ölkə Azərbaycanın qonşularıdır. Hər iki ölkə ilə Bakının strateji tərəfdaşlıq və qonşuluq münasibətləri var.  Eyni zamanda, ölkəmizin ABŞ-la da strateji münasibətləri mövcuddur. Belə olan halda sözügedən sanksiyaların Azərbaycana  mümkün təsirləri kimi suallar da daha çox hallanmağa başlayıb.

Amma bir məsələni bilmək lazımdır ki, qısa fasiləni çəxmaq şərtilə ABŞ 30 ildən çoxdur İrana sanksiya tətbiq edir. Buna baxmayaraq, həmin sanksiyanın Azərbaycan iqtisadiyyatına hər hansı bir məfi təsiri olmadı. Bakının 185 ölkə ilə ticari münasibətləri var. Əvvəlki sanksiyalar dövründə Bakı İranla iqtisadi-ticari əlaqələrini davam etdirdiyi kimi, indiki situasiyada da davam etdirir. Anoloji vəziyyəti Rusiya ilə bağlı münasibətlərdə də söyləmək olar.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında bu sanksiyaların heç bir təsiri qeydə alınmayıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti, dövlət başçısı müstəqil, müxtəlif güc mərkəzlərilə bərabər məsafədə dayanmağı bacaran, eyni zamanda milli maraqlara söykənən xarici siyasət yürüdür. Müstəqil siyasət yürütməyimiz də Azərbaycana beynəlxalq aləmdə olan etimadı şərtləndirir. Azərbaycan ABŞ-la əlaqələrini genişləndirərkən heç bir halda Moskva düşünmür ki, Bakı onun əleyhinədir. Eyni zamanda, Rusiya ilə əlaqələrimizi genişlədirərkən Vaşinqtonda da düşünmürlər ki, bu, onların əleyhinədir. Sözügedən sanksilalar fonunda Azərbaycanın Rusiya və İranla ticarət əlaqələrini qoruyub saxlaması da ilk növbədə ölkəmizin yürütdiyi xarici siyasət kursundan qaynaqlanır”.

Milli Məclisin deputatı Musa Quliyev də bu qənaətdədir ki, ABŞ-ın İrana yönəlik sanksiyalarından Azərbaycan əslində uduşlu çıxacaq: “Vaşinqtonun Rusiyaya etdiyi sanksiyalarda olduğu kimi, İrana yönəlik sanksiyaları da Azərbaycana heç bir mənfi təsir göstərməyəcək. İlk növbədə ona görə ki, İranın sanksiyalara məruz qaldığı malların əksəriyyətinin Azərbaycanla hər hansı bir bağlılığı yoxdur.

Digər tərəfdən, Azərbaycanın ticarət potensialı ilə bu ölkələrin potensialı müqayisə olunası deyil. Başqa bir tərəfdən, bu sanksiyaların ölkəmizə xeyrinin olacağını düşünürəm. Azərbaycan qeyri-neft məhsullarının satışını daha da stimullaşdıra bilər. Amma bütövlükdə qonşu ölkələrdə hər hansı bir böhranın yaranmasını arzulamırıq.

ABŞ ilk dəfə deyil ki, İrana sanksiya tətbiq edir. Son 20-25 ildə dəfələrlə bu istiqamətdə addım atıb. Lakin bu sanksiyaların İranla iqtisadi əlaqələr quran Azərbaycanın iqtisadi-sosial həyatına heç bir mənfi təsirləri olmayıb. Amma ola bilər ki, bu sanksiyalar fonunda İranı bəzi qeyri-neft məhsulları ucuzlaşsın və nəticədə Azərbaycan bazarındakı bəzi yerli məhsullar sıxışdırılsın. Ancaq yəqin ki, gömrük, vergi sistemimiz bu məsələləri tənzimləyəcək.  Ümumiyyətlə, hərbi müdaxilə olmasa, bu sanksiyaların ömrü də uzun çəkməyəcək”.

R. SOLTANOV 

Sizin Reklam Yeriniz