Əlaqə Arxiv
news Image
2019.05.17
10:25
| A A A
ABŞ da Ermənistandan üz döndərir
Elşən Mustafayev: “Ağ Evin Paşinyan hökumətindən narazılığına səbəb işğalçı rejimin hələ də Rusiyanın istəyilə oturub-durmaqda davam etməsilə bağlıdır”

 

ABŞ Ermənistan hakimiyyətinin Qərb siyasətindən daha çox narazılıq ifadə etməyə başlayır. Belə ki, Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz Ermənistanın öz siyasətini Qərbdə doğru dəyişəcəyilə bağlı yaranan ümidlər qısa zamandaca puça çıxdı. İndilikdə görünən budur ki, təkcə Rusiya yox, həm də böyük erməni lobbisinin olduğu ABŞ-la Ermənistanın münasibətləri sürətlə  pisləşməyə doğru gedir. Bütün bunlara səbəb Nikol Paşinyanın ABŞ-ı ən sərt şəkildə tənqid edən Ermənistan rəhbəri olduğunu bildirməsidir.

Baş verənlərlə bağlı Ermənistanın “Qraparak” nəşri yazır: “Paşinyanın son iki antiamerika bəyanatları və maliyyə yardımı etməməsinə dair daim narazılıq etməsi amerikalıları əsəbləşdirib”.  Nəşrin yaydığı məlumatda bildirilir ki, bu fonda Nikol Paşinyan və ABŞ səfirinin son görüşü heç də ürəkaçan olmayıb: “Paşinyan və ABŞ-ın yeni səfiri Lin Treysi arasında görüş qara buludsuz ötüşməyib. Paşinyanın son iki antiamerika bəyanatları və maliyyə yardımı etməməsinə dair daim narazılıq etməsi amerikalıları əsəbləşdirib. Baş nazir öz növbəsində iddia edib ki, daha böyük yardım edə bilərdilər. Vəziyyəti aydınlaşdırmaq üçün Ermənistan hökuməti müxtəlif səviyyəli məmurları Vaşinqtona göndərməyi qərara alıb. Ermənistan XİN öncədən məlumat verməkdən yayınsa da, yaxın vaxtlarda Zöhrab Mnatsakanyanın ABŞ-a yola düşəcəyi ehtimal edilir. Onunla bərabər, Ermənistan Müdafiə Nazirliyi və İqtisadi Blokun məsul şəxslərinin də ABŞ-a yola düşəcəyi gözlənilir”.

Politoloq Elşən Mustafayevin fikrincə, Ağ Evin Paşinyan hökumətindən narazılığına səbəb işğalçı rejimin hələ də Rusiyanın istəyilə oturub-durmaqda davam etməsilə bağlıdır: “Bəllidir ki, Ermənistan iqtisadi cəhətdən bütünlüklə Rusiyadan asılı olan ölkədir. Ermənistanda olan cüzi iqtisadi proseslər də bütünlüklə Rusiyanın onlara yaratdığı şəraitdən, verdiyi iqtisadi dəstəkdən qaynaqlanır. Ermənsitanın aparıcı sənaye müəssisələri birbaşa Rusiyaya bağlıdır.

Bundan başqa, Ermənistan siyasi, habelə hərbi baxımdan da Rusiyaya sıx bağlıdır. Bunların hamısının fonunda sözsüz ki, Paşinyanın Qərbin istəyinə doğru hərəkət edib,  açıq şəkildə Rusiyaya qarşı getməsi şansları çox aşağıdır. Proseslər bu istiqamətdə yanılmadığımızı göstərdi. Sözsüz ki, Ermənistanın belə siyasəti Ağ Evi qane etməyəcək. İkinci bir tərəfdən, ortada Paşinyanın öncədən verdiyi vədlərə əməl edə bilməyəcəyi təhlükəsi var. Moskvadan gələn təzyiqlər fonunda İrəvan yenə də ABŞ-a məsafə saxlamağa çalışacaq. Ancaq bütün bunlar heç bir halda o demək deyil ki, Paşinyan hazırda Rusiyaya doğru meyllənib.

Paşinyan görünür, indiki situasiyada balanslı siyasət yürütməyə çalışır ki, bunun özü də Ağ Evi qane etmir. Həmçinin, Moskvanı da qane etmir. Bütün hallarda Paşinyanın hakimiyyətə gəlməsinə kifayət qədər dəstək verən dövlətin bunun əvəzini görməyincə, ona qarşı adekvat siyasi addımlar atacağı da gözləniləndir. Paşinyanın bugünkü mövqeyi hətta Rusiyanı da razı salmır. Ona görə də mövcud Paşinyan hakimiyyəti ortalıqda qalmış vəziyyətdədir. Həm Vaşinqton, həm də Moskva Ermənsitandan konkret mövqe gözləyir. Paşinyan da birmənalı şəkildə Rusiyaya tərəf gedib onun ağuşunda qalmaq istəmir. Eyni zamanda, bu fonda yürütdüyü siyasət okeanın o tayındakı dövləti də qane etmir. İşğalçı ölkədə həmçinin ciddi siyasi müxalifət də formalaşmaqdadır. Söhbət keçmiş rejim nümayəndələrinin artıq formalaşaraq Paşinyana qarşı ciddi müxalifət yaratmaq səylərindən gedir. Ona görə də yaranmış durumda Paşinyanın mövqeyi o qədər də yaxşı deyil. Şuşada onun göstərdiyi şou da əsasən məhz daxili vəziyətini qoruyub saxlamağa hesablanmış addımıdır”.

Həmsöhbətimiz düşünür ki, Vaşinqtonun İrəvandan narazı qalmasının regiondakı proseslərə elə də ciddi təsirləri olmayacaq: “Bu amilin regiondakı proseslərə hər hansı bir ciddi təsirləri olmayacaq. Faktiki olaraq, Ermənistanın tutduğu mövqe regionda hansısa balansı dəyişmir. Ermənistan Cənubi Qafqazda Qərb üçün digər dövlətlərdən daha çox əhəmiyyət kəsb edən ölkə deyil. Əksinə, Ermənistan Qərb, o cümlədən ABŞ üçün daha az əhəmiyyət kəsb edən dövlətdir. İrəvan nə qədər Qərbə doğru meyl etsə də, ən azından onun KTMT-də və Avrasiya İttifaqında olması birincilərlə əməkdaşlıq imkanlarını sıfıra endirir.

ABŞ sözsüz ki, Rusiyanın Cənubi Qafqazdakı təsirinin sıfıra enməsini istəyir. Bu əsasda Paşinyanın indiki siyasətindən ABŞ-da narazılığın yaranması fonunda Vaşinqtonun ona münasibəti gələcəkdə hətta Serj Sarkisyana olan münasibətdən daha çox mənfi xarakter daşıya bilər. Sarkisyanın mövqeyi açıq şəkildə bəlli idi. O açıq şəkildə Rusiyapərəst siyasət yürüdürdü.  Paşinyan isə Qərb mövqeyində olduğunu bildirə-bildirə fəaliyyəti tamam başqa istiqamətdə gedir. Ona görə də Qərbdə ona münasibətdə mənfi fikirlər yaranmağa başlayıb. Bununla belə Vaşinqtonun İrəvandan bu narazılığının regiondakı proseslərdə hansısa bir dəyişikliyə gətirib çıxaracağını da düşünmürəm. Bu amil regionda ciddi kataklizmlərə gətirib çıxarmayacaq. Çünki Azərbaycandan fərqli olaraq Ermənistan tamamilə Rusiyadan asılı olan, onun forpostu rolunda çıxış edən bir dövlətdir. Çıxış yolu Qərbin Ermənsitanı Rusiyanın təsirindən çıxarmasıdır ki, onun da yaxın gələcəkdə reallaşamsı çox çətindir. Bunun üçün Rusiya ciddi şəkildə zəifləməlidir”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz