Əlaqə Arxiv
news Image
2019.05.17
17:16
| A A A
Azərbaycan Avropada etibarlı tərəfdaş kimi tanınır
İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub

Ötən dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib.

Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib. Bu günlərdə Prezident İlham Əliyevin Brüsselə səfərini isə ümumilikdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsində və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır. Hazırda Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Yeri gəlmişkən bildirək ki, uzun sürən savaş şəraitində olmasına baxmayaraq, Azərbaycan həm də xarici, xüsusən də Avropa investorları üçün cəlbedici ölkə olaraq qalır. Ölkəmizdəki davamlı ictimai-siyasi sabitlik və xarici sərmayələrə etibarlı zəmanət əcnəbi iş adamlarını Azərbaycanın, demək olar, bütün sahələrinə investisiya yatırmağa sövq edir. Bu səbəbdən Azərbaycana səfər edən dövlət və hökumət başçılarının özləri ilə çoxsaylı potensial investorlar gətirməsi təsadüfi deyil.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır və  bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də  öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirir: “Azərbaycan Avropada etibarlı bir tərəfdaş kimi tanınır. Azərbaycan regionda Avropa üçün, ümumilikdə, Avrasiya üçün çox mühüm ölkəyə çevrilməkdədir. Ölkəmizin Avropa üçün etibarlı tərəfdaş olması, onun imicinin yaxşılaşması Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri sayəsindədir”.

Millət vəkili bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir: “Ölkəmiz iqtisadi, ticarət tərəfdaşı kimi hər bir partnyorunu qarşılıqlı əməkdaşlıq və səmərə əldə etmək baxımından məmnun edir. Ticarət müqavilələrini həyata keçirir. Eyni zamanda, Azərbaycan 2020-ci ildə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Xüsusilə, mavi yanacaqla təmin olunmasında”.

Millət vəkili Azərbaycanın yerləşdiyi coğrafi məkanın önəminə də diqqət çəkib: “Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, burada Avropa ilə Asiya birləşir. Beləliklə, ölkəmiz nəqliyyat-tranzit logistikasına çevrilir. Şərq və qərbi, şimal və cənubu birləşdirən bu coğrafiyamız eyni zamanda, regionda Azərbaycanın əhəmiyyətini daha da artırır. Ölkəmizin demokratik prinsiplərə söykənən siyasət həyata keçirməsi, multikultural dəyərlərin yüksək səviyydədə olması bütövlükdə büynəlxalq hüquq normalarına yüksək səviyyədə əməl etmək ölkəmizin imicini formalaşdırır, Azərbaycana marağı artırır. İnvestisiya mühitinin yaxşılaşdırılması Azərbaycanı dünyada bu cədvəl üzrə 25-ci pilləyə qaldırıb ki, bu da ölkəmizdə aparılan islahatların nəticəsidir. Biznes mühitinin, iqtisadi sferanın yüksək səviyyədə olmasını özündə ehtiva edir. Avropa üçün, həmçinin, digər dövlətlər üçün qarşılıqlı şəkildə əməkdaşlığın təmin olunmasında əsas rol oynayır. Ölkəmiz getdikcə region üçün etibarlı tərəfdaşa çevrilir. Bütün bu irəliləyişlər prezidentimizin və dövlətimizin siyasətinin uğurlu və düzgün olmasının nəticəsidir”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının 10-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirib və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.

“Mövqe”

Sizin Reklam Yeriniz