Əlaqə Arxiv
news Image
2019.05.21
08:47
| A A A
Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas tərəfdaşıdır
Ölkəmiz regionda güc mərkəzi olmaq etibarı ilə həlledici rol oynayır

Bu gün Avropa İttifaqı ilə Azərbaycanı birləşdirəcək yeni tərəfdaşlıq xətti olan Cənub Qaz Dəhlizi layihəsində sonuncu mərhələnin işləri görülür. Artıq gələn ildən etibarən bu mərhələ işə başlayacaq və əlaqələrin daha möhkəm və uzunmüddətli xətti inkişafa yeni təkan verəcək. Bu, hər iki tərəf üçün çox önəmli layihədir: həm iqtisadi gəlirlilik baxımından, həm də dolayısı ilə gətirəcəyi siyasi dividentlər. Azərbaycan qaz kəməri vasitəsi ilə iqtisadi inteqrasiyanı və şaxələndirmə siyasətini genişləndirəcək. Aİ isə enerji təhlükəsizliyi sistemində yeni istiqamətə sahib olmaqla yanaşı qaz tədarükündən istifadə etməklə ona siyasi təzyiq etməyə meyil göstərilməsinin qarşısını alacaq. Üstəlik, kəmər hazır olandan sonra bu xəttə digər regionların və ölkələrin qoşulması perspektivi açılacaq. Bunlar kiçik məsələ deyil və əslində böyük bir coğrafi ərazisə iqtisadi səylərin birləşdirilməsi yolu ilə sülhə və əmin-amanlığa zəmanət yaradacaq.

Azərbaycanın enerji daşıyıcıları sahəsində yürütdüyü strategiya öz uğurunu davam etdirir. Çünki, ölkə rəhbərliyi iqtisadi siyasətində inteqrativ mahiyyəti əsas götürərək təbii ehtiyatların mənimsənilməsində və istehlakında monoton siyasətdən imtina edərək reproduktiv istiqamət tutur. Məsələn, Şahdəniz yatağında 100 faizli sahibkar deyil və hasilatın ötürüldüyü kəmərin də sahibi tək Azərbaycan deyil. Hər layihə üzrə Azərbaycanın öz payı var: TAP-da 20, TANAP-da 58, Cənubi Qafqaz Kəmərində 20 faiz. Avropa da alacağı alternativ enerjinin tək sahibi deyil. Belə müştərəklik ümumi məsuliyyət və öhdəlik yaradır ki, bu da qloballaşma dövrünün mühüm tələbinin ödənməsi deməkdir. 

Kəmər işə düşəndə Azərbaycandan hər il bu istiqamətdə 16 milyard kubmetr qaz tədarük olunacaq. Bunun 10 milyardı Avropaya yönəldiləcək. Lakin bu, ilkin hesablamalkardır. 2013-cü ildə tədarükün həcmi 26, 2016-ci ildə isə 31 milyard kunmetrə yüksələcək. Azərbaycanın təbii qaz ehtiyatı bu zirvəni fəth etməyə imkan verir. Bu isə artıq strateji tərəfdaşlığın yüksək dərəcədə təminatı deməkdir.

Bundan başqa Bakı-Tiflis-Qars dəmiryol xətinin işə salınması ilə Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat dəhlizi yaranıb və tranzit daşımalar sahəsində əməkdaşlığın yeni üfüqləri yaranıb. Avropalı siyasilərin fikrincə,  Azərbaycan Aİ ilə strateji tərəfdaşlığa əzmlə yanaşır. Azərbaycan Aİ-nin önəmli tərəfdaşı olduğu kimi, Aİ də Azərbaycan üçün önəmli tərəfdaşdır. “Azərbaycanın Avropa İttifaqı-nın əsas kommersiya tərəfdaşlarından biri olmağa potensialı var” –bu sözlər isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Moqerininin fikridir. Onun sözlərinə görə, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və ən mühüm sərmayəçilərindəndir və Azərbaycan Aİ ilə enerji sahəsində strateji tərəfdaşdır.

İndi Azərbaycan və Aİ arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində və ikitərəfli formatda əməkdaşlığın gücləndirilməsi üzrə iş gedir. Əsas məsələ yekunlaşmaqda olan Şərq Tərəfdaşlığı proqramı üzrə Assosiasiya Sazişinin son hazırlıq mərhələsinin başa çatmasıdır. Bir neçə detal razılaşdırıldıqdan sonra münasibətlərin yeni formulu imzalanaraq rəsmiləşdiriləcək.

Göründüyü kimi strateji tərəfdaşlığı təsdiqləyən layihələr tərəflər arasında kifayət qədərdir. Xüsusilə Prezident İlham Əliyevin son Brüssel səfərində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir. Bütün bunlar təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas tərəfdaşıdır və perspektivdə bu tərəfdaşlığın gebişlənməısi və dərinləşməsi baş verəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz