Əlaqə Arxiv
news Image
2019.05.25
07:00
| A A A
ABŞ yenə Ermənistana arxa qapını göstərdi
Məhəmməd Əsədullayev: “Amerikanın regionumuzda möhkəmlənməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir”

Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da işgüzar səfərdə olub. Lakin onun bu səfəri kifayət qədər uğursuz olub. Erməni nəşri “Hraparak”ın yazdığına görə, Ermənistan XİN və səfirliyinin səylərinə baxmayaraq, səfər çərçivəsində ciddi görüşlər keçirmək mümkün olmayıb.

Bundan əlavə, məqalədə deyilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qriqoryanı qəbul etmək istəməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Boltonun ofisinin nümayəndəsi ilə görüşlə kifayətlənməli olub. Xatırladaq ki, bu hal birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl Ermənistan müdafiə naziri və ardınca xarici işlər naziri də Vaşinqtonda soyuq qarşılanmışdı.

Politoloq Məhəmməd Əsədullayev bildirdi ki, Vaşinqtonun İrəvandan gələn rəsmiləri soyuq qarşılamasının kökündə onların söz verdiklərinin əksinə olaraq yenidən Moskvaya sığınmaq niyyətləri dayanır:  “ABŞ-ın keçən ilin aprelində Ermənstanda baş verən inqilab və bu fonda hakimiyyətə gələn Nikol Paşinyandan müəyyən gözləntiləri vardı. Bu gözləntilərə əsasən, Ermənistanda Rusiyanın siyasi və hərbi mövqeyi kifayət qədər zəiflədilməli idi. Amma bilirik ki, Moskvanın Ermənistana böyük təsiri var.

Moskvanın bu ölkədə hərbi hissələri mövcuddur. Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyaya aid şirkətlərə məxsusdur. Məhz bu amillər Nikol Paşinyanın ABŞ-ın təlimatına uyğun siyasət aparmasının qarşısını aldı. Belədə inqilabdan bir il keçsə də görürük ki, Ermənistanın baş naziri Rusiya ilə daha da yaxınlaşmaq siyasəti aparır. Bu ilin yanvarında Ermənistan parlamentinin qəbul etdiyi xarici strateji siyasətə uyğun olaraq Rusiya işğalçı ölkənin əsas strateji tərəfdaşı olaraq qeyd edildi. Bu isə Vaşinqtonda müsbət qarşılanmadı. Belədə, Paşinyana qarşı ABŞ-ın növqeyi demək olar ki, 180 dərəcə dəyişdi.

Hazırda ABŞ-la Ermənistan arasında ciddi soyuq küləklər əsir. Hətta ötən həftə Paşinyan qeyd etmişdi ki, Amerikanı ondan çox tənqid edən yoxdur. Bu da onu göstərir ki, Paşinyanın ABŞ-dan gözləntiləri doğrulmayıb. ABŞ söz vermişdi ki, inqilabdan sonra Ermənistana milyardlarla dollar yardım edəcək və onun da müqabilində işğalçı ölkədə Rusiyanın təsiri zəifləyəcək. Ancaq hələlik bunun əksi baş verir. Ermənistanla Rusiya arasında əlaqələr daha da güclənir. İrəvan-Moskva strateji tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılması Vaşinqtonda narahatlıq yaratdı. Bunun nəticəsidir ki, Paşinyan 1 il ərzində hakimiyyətdə olmasına baxmayaraq, ABŞ-da rəsmi şəkildə qəbul edilməyib, ora dəvət olunmayıb. Bu azmış kimi, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi olaraq artıq ABŞ-a səfər edən üçüncü erməni rəsmisidir ki, Vaşinqtonda qəbul edilmir. Onlar burada ancaq ən aşağı ranqlı diplomatlarla görüşə bilib. Bunlar onu göstərir ki, Ermənistan rəsmilərinin ABŞ səfərləri fiaskoya uğradı. Bütün bunlar Amerikanın Ermənistana münasibətdə mənfi siyasətinin nəticəsidir”.

Həmsöhbətimiz düşünür ki, Vaşinqton Qarabağ məsələsində Ermənistana təzyiq edəcək: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir neçə dəfə Paşinyan iqtidarına rəsmi mesaj verib. Bu mesajlarda da münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində nizamlanması nəzərdə tutulur. «Bolton planı» deyilən planda da bu amillər nəzərə alınıb.

Göründüyü kimi, Amerikanın bu planı da rəsmi İrəvan tərəfindən qəbul edilməyib və Ermənistan Moskva oxuna daha da yaxınlaşdı. Vaşinqtonda Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə tərəflər arasında növbəti görüş gözlənilir. Hansı ki, ABŞ-ın bu görüşdən müəyyən gözləntiləri var. Düşünürəm ki, həmin görüşdə ABŞ Ermənistana Rusiyanın təsirini azaltmaq və Vaşinqtonun regionda mövqeyinin güclənməsinə xidmət etməsi siyasətini aparmaları üçün daha da təzyiq edəcək. Yəni ABŞ İrəvana münasibətdə siyasi-iqtisadi təzyiqləri gücləndirməlidir ki, Paşinyan söz verdiyi kimi qərbpərəst siyasət yürütsün.   Çünki ABŞ-da hesab edirlər ki, özlərinin Cənubi Qafqazda güclənməsi yolunda başlıca maneə Rusiyadır”.

M. Əsədullayevin fikrincə, Qarabağ konflikti həll olunmayana kimi ABŞ-ın regionumuza daxil olması mümkünsüzdür: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb burada əsas söz sahibi Rusiya olaraq qalacaq. Amerikanın regionumuzda möhkəmlənməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən keçir. Amma Ermənistanın hazırkı rejiminin yürütdüyü siyasət də əvvəlkilər tək buna qarşıdır”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz