Əlaqə Arxiv
news Image
2019.05.24
10:00
| A A A
“Qarabağ klanı” Paşinyanı güc yolu ilə devirməyə hazırlaşır
Nazim Cəfərsoy: “Paşinyanla Qarabağdakı separatçı rejimi arasında ziddiyyətlərin kəskinləşməsinin kökündə hakimiyyət uğrunda mübarizə və “Qarabağ klanı”nın revanş almaq cəhdləri dayanır”

Dağlıq Qarabağ separatçıları ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ziddiyyətlər dərinləşir. Bu ziddiyyətlər artıq o həddə çatıb ki, tərəflər açıq şəkildə bir-birini devirəcəklərindən danışırlar. Proses xüsusən də məhkəmənin qərarı ilə keçmiş prezident Robert Köçəryanın həbsxanadan buraxılmasından sonra növbəti kəskin mərhələyə qədəm qoyub.

Bu arada məlum olub ki, bir qrup  Qarabağdan olan "generallar” Nikol Paşinyanı devirmək qərarına gəliblər. "Jamanak” qəzetinin  yazdığına görə, bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.

Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Ermənstanla Dağlıq Qarabağ separatçıları arasında gərginlik pik nöqtəyə çatmaqdadır. Belə demək  mümkünsə, Paşinyan hakimiyyətə yiyələndikdən sonra ilk çətin sınaqla üz-üzə qalıb. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi sədrinin müavini Nazim Cəfərsoy bildirdi ki, Paşinyanla Qarabağ separatçı rejimi arasında ziddiyyətlərin kəskinləşməsinin kökündə hakimiyyət uğrunda mübarizə və “Qarabağ klanı”nın revanş almaq cəhdləri dayanır: “Paşinyanla “Qarabağ klanı”ndan ibarət  Qarabağın separatçı rejimi arasında gərginləşən durumun əsass səbəbi Ermənistanda hakimiyyət uğrunda mübarizədən qaynaqlanır. İndi cərəyan edən proseslərə keçən il Paşinyanın başladığı xalq hərəkatı və Serj Sarkisyanın devrilməsinin ikinci pərdəsi kimi baxmaq olar. O zaman Paşinyanın təzyiqi ilə “Qarabağ klanı”nın təsirli füqurlarından olan Sarkisyan istefaya göndərildi. İndiki ikinci mərhələdə isə “Qarabağ klanı” revanş almağa çalışır.

Revanş almaq məsələsində də əsas mövzulardan biri Qarabağ mövzusudur. Bu mənada Paşinyanın Şuşaya gedərək orada “Yallı” oynaması işin bir tərəfi idi. Həmin səfərin ikinci tərəfi isə Paşinyanın Qarabağdakı separatyçı rejimi özünə yaxınlaşdırmaq cəhdindən ibarət idi. Ancaq son hadisələr göstərir ki, Paşinyanın Qarabağa olan bu səfəri “Yallı” getməsinə rəğmən, uğursuzluqla nəticələnib. Həmin səfərdən sonra Köçəryan azadlığa buraxıldı. Paşinyan da məhkəmə sisteminə qarşı xalqı küçələrə çağırıb. İkinci bir tərəfdən, “Qarabağ klanı” da Paşinyanın devrilməsilə bağlı göründüyü kimi gizli görüşlər keçirir. Bu məlumat isə Paşinyanın 2016-cı ilin aprelindəki məğlubiyyətin nəticələrini araşdıracaq parlament komissiyanın yaradılacağı barədə açıqlamasından sonra gündəmə gəldi. Münasibətlər daha da kəskinləşəcək. Ancaq bu ziddiyyətlərdən kimin qalib çıxacağını indidən demək çətindir. Bütün hallarda hadisələr daha da kəskinləşəcək. Bu mübarizədə xalqın dəstək olması baxımından Paşinyan hələlik “Qarabağ klanı” ilə müqayisədə daha güclüdür.

“Qarabağ klanı” ordu üzərindən vəziyyəti gərginləşdirə bilər. Əvvəlki illərdə olduğu kimi erməni ordusu qərarlı olsa, bir daha xalqla üz-üzə gəlməli olacaq. Bu isə daha böyük itkilər deməkdir. Hətta həmin ziddiyyətlərin kəskinləşməsi fonunda dövriyyəyə iki qrup arasında gərginliyin yumşaldılması üçün erməni kilsəsi də daxil ola bilər. Hələlik isə görünən odur ki, hər iki tərəf  mövqelərini möhkəmləndirməklə kəskin prosesə doğru irəliləyirlər”.  

Ekspertin qənaətincə, Ermənistan hakimiyyəti və Qarabağın separatçı rejimi arasında kəskinləşən münasibətlər Dağlıq Qarabağ konfliktinin gedişinə, aparılan müzakirələrə mənfi təsir göstərəcək: “Bu ehtimal daha yüksəkdir. Yaranmış situasiyada Paşinyan tərəfindən münaqişənin həllilə bağlı əməli addımlar atması mümkün olmayacaq.  Hətta vəziyyət həmin prosesin dayanmasına da xidmət edə bilər. Ola da bilər Paşinyan və digər rəsmilər Qarabağ məsələsində daha sərt açıqlamalar versin. Çünki həm Paşinyan, həm də “Qarabağ klanı” Qarabağ məsələsində geri çəkilmənin ona baha başa gələcəyinin fərqindədirlər. Ona görə də erməni caniləri arasında kəskinləşən ziddiyyətlər münaqişə ətrafında müzakirələrin gedişinə mənfi təsir edəcəyinin fərqindəyəm. Hətta Qarabağ msəələsi üzərindən Paşinyana zərbə vurmaq üçün rəqib tərəf döyüş bölgəsində gərginliyi artırmağa da gedər. Belədə aydın məsələdir ki, Azərbaycan Ordusu sərt reaksiya verəcək və erməni ordusu daha ciddi məğlubiyyətə düçar olacaq. Hansı ki, bu məğlubiyyt də birbaşa Paşinyanın ayağına yazılacaq. Nəticədə onun mövqeyi zəifləyəcək.

İkinci bir tərəfdən, bu hal Paşinyanın Azərbaycan tərəfi ilə müzakirələrinin sabotaj olunması anlamına gələcək. Bütün hallarda Ermənistanda növbəti yay çox isti keçəcək”.

Rüfət NADİROĞLU     

Sizin Reklam Yeriniz