Əlaqə Arxiv
news Image
2019.05.29
15:34
| A A A
Azərbaycan Prezidenti: Yaxın illərdə biz yeni yataqlardan enerji resursları hasil edəcəyik

Yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Movqe.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır:

"Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır".

Dövlət başçısı bildirib ki, “Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar:

"İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik".

Sizin Reklam Yeriniz