Əlaqə Arxiv
news Image
2019.05.29
17:41
| A A A
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir

Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.

Movqe.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında deyib.

“Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib: “Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda verib”.

Sizin Reklam Yeriniz