Əlaqə Arxiv
news Image
2019.05.30
09:31
| A A A
Azərbaycan Ordusunun gücü yenə işğalçını lərzəyə salır
Vaxtı çatmış məsələ barədə düşmənə son sərt mesajlar verilir

Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdəki çıxışında  Prezident İlham Əliyev regionun hazırkı hərbi-siyasi durumuna aid Ermənistana çox ciddi mesaj göndərib: “Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır”.

Torpaqlarımızı işğal edən bə bu siyasətindən əl çək istəməyən Ermənistanla Azərbaycan arasında

hərbi balans ölkəmizin xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Bu, sadəcə quru sözlər deyil,  bilavasitə döyüş meydanında düşmənə vurulan ağır zərbələrə və konkret hərbi statistik göstəricilərə əsaslann məlum həqiqətdir. Azərbaycanın hərbi-sənaye kompleksi sürətlə inkişaf edir. Həm xaricdən alınan, həm də yerli istehsal olan silah-sursat ordunun hərbi təchizatını daim yüksək səviyyədə saxlamağa imkan verir. Nüfuzlu xarici hərbi-analitik mərkəzlər də bu sahədə əldə edilmiş uğurlu nəticələri qeyd edirlər.

Bu ilin əvvəlində “Global Fire Power” mərkəzi 55 göstərici əsasında dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. Ümumilikdə 137 ölkənin yer aldığı siyahıda Azərbaycan Ordusu hərbi qüdrətinə görə 52-ci sıradadır. Azərbaycan bu göstərici üzrə region ölkələrini qabaqlayır. Belə ki, reytinq siyahısında Gürcüstan 85-ci, Ermənistan isə 96-cı yerdədir. Reytinq siyahısı hazırlanarkən ölkələrin ordularının şəxsi heyətinin, ehtiyatda olan hərbçilərin, orduya yararlı insanların sayı əsas götürülüb. Bununla yanaşı, orduların arsenalındakı silahların müxtəlifliyi, nüvə potensialı, coğrafi mövqe, logistik imkanlar, təbii ehtiyatlar və ölkənin infrastrukturu nəzərə alınıb.

Eyni təşkilatının 2017-ci il üçün hazırlanan reytinq cədvəlində Azərbaycan ordusu döyüş ustalığı, silah təchizatı və ümumi qəbul edilmiş hərbi meyarların səviyyəsinə görə dünyada 58-ci yerə layiq görülmüşdü. Ermənistan ordusu isə 93-cü yerdə idi. Cəmi iki il keçib, bizim ordu 6 pillə irəliləyib, Ermənistan ordusu isə 3 pillə geriləyib. Bu rəqəmlər ermənilərin ordu mifinə güclü zərbədir.

Bu güc-qüdrət düşmən tərəfdə daim ajiotaj yaradır. Hər cəhətdən Rusiyadan asılı olan Ermənistan əlacsız şəkildə Azərbaycanın hərbi gücünə şoularla cavab verib təsəlli tapmağa çalışır. Bu ölkənin baş naziri Nikol Paşinyan gah hərbi təyyarədə şturval arxasında oturub fotoqraflara poza verir, gah Rusiyadan yeni müasir təyyarələr alacağı barədə danışır, gah da öz əhalisinin gözünə kül üfürməklə vəziyyətdən çıxmağa çalışır. Hələ keçən il hərbi ekspert Xramçixin mətbuatda erməniləri qızışdıraraq yazmışdı ki, havada Azərbaycan Ordusu hegemonluq edir, Ermənistan heç olmasa bir eskadrilya Su-30SM çoxfunksiyalı qırıcılar ala bilsə vəziyyət nisbətən düzələ bilər.  Aradan bir il keçib, hələ ki, ortada konkret fakt yoxdur. Elə həmin ekspert qeyd etmişdi ki, Ermənistan 2012-ci ildən bu təyyarələri almaq arzusundadır, amma hələ ki, ortada nə müqavilə, nə də bunun üçün ödəniləcək məbləğ var. Hətta Rusiya güzəştə gedərək qırıcıları eksport qiymətinə yox, daxili bazar qiymətinə satmağa razılaşıb. Amma yenə də buna ermənilərin gücü çatmayıb. İndi baş nazir Paşinyan hələ rəsmi sənəd-filan olmasa da elə görüntü yaratmağa çalışır ki, təyyarələri alacaq. Ancaq iştahası da artıb: Su-35SM qırıcılarından dəm vurur.  Azərbaycan isə əlində hazır tutduğu öz vəsaiti ilə Su-35SM qırıcılarını Rusiyadan eksport qiymətlərinə almağa hazırdır.

2016-cı ilin şanlı Aprel döyüşləri düşmənin möhkəm istehkam etdiyi yüksəkliyin ordumuzun bir həmləsi ilə geri alınması ilə nəticələnib. Bu, sadə hərbi əməliyyat deyildi. Lələtəpə döyüşləri müstəqil Azərbaycan tarixinin, onun ordusunun tarixinə qızıl hərflərlə həkk olunub. “Aprel dərsləri” Ermənistanın öz ictimaiyyəti üçün uydurduğu “güclü ordu” mifinin darmadağın edilməsi ilə nəticələnən böyük hərbi qüdrətin təsdiqi idi.
Eləcə də, ötənilki Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi. 
Bu əməliyyatlarla beynəlxalq ictimaiyyət, eləcə də, sülh danışıqlarında vasitəçilik edən tərəflər də müəyyən mesajlar aldılar. Həmin döyüşlər sübut edib ki, Azərbaycan münaqişənin diplomatik yolla həllinə tərəfdar olsa da, bu danışıqlar sonsuza qədər davam etməyəcək və Azərbaycan işğal altında olan torpaqlarının hərbi yolla azad edilməsi hüququndan hər an istifadə edə bilər. Bunun üçün Azərbaycan Ordusunun çox qısa zaman içərisində işğalçını darmadağın etmək gücü kifayət qədərdir.
İndi Ermənistanda bu həqiqətləri yaxşı başa düşür və ordumuzun hərbi təlimlərini həyəcan və qorxu içində izləyirlər. Erməni hərbi ekspert Hayk Nahapetyan Azərbaycanın geniş miqyaslı təlimləridən təşvişə düşərək qeyd edib ki, onların yalnız Şuşanı azad etmək yox, həmçinin İrəvanı ələ keçirmək məqsədi var: “İrəvan onların tarixi ərazisinin bir hissəsidir, deməklə ilk növbədə daxili auditoriyaya xitab edirlər. İlk növbədə öz xalqını mənəvi psixoloji hazırlayırlar ki, ehtimal edilən müharibə halında onlar Qarabağın azad edilməsi ilə kifayətlənməyəcək, İrəvan da daxil olmaqla azad ediləcək çox əraziləri var”.

Erməni ekspertin ordumuzun gücü qarşısında tarixi həqiqətləri etiraf etməsi göstərir ki, artıq düşmən ölkə  ictimaiyyəti öz hakimiyyətlərinin cinayətkar rolunu düzgün anlayır və Qarabağdan qaçıb getmələri üçün vaxt gün-gündən daralır. Azərbaycanın dövlət başçısının silahlı qüvvələrimizin gücü barədə vaxtaşırı xatırlamaları işğalı davam etdirmək istəyən qüvvələrə tutarlı mesajdır.

N.NOVRUZ
 

Sizin Reklam Yeriniz